Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4512/2025 12.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus olan qızıl saat - əyarı 585, çəkisi 7 qram - qiyməti 780 manat, Sep əyarı 583, çəkisi 20 qram - qiyməti 1600 manat, üzük (yantar qaşlı) - əyarı 583, çəkisi 4 qram - qiyməti 320 manat, üzük (setka) - əyarı 583, çəkisi 4,5 qram - qiyməti 360 manat, sep və qolbağ (komplekt) - əyarı 585, çəkisi 37,69 qram - qiyməti 2100 manat olan qızıl zinət əşyalarının və ya onların dəyərinin 5160 manat pulun cavabdehdən alınıb ona verilməsi, birgə nikah dövründə yəni, xx.xx.2013-cü ildə birgə vəsaitləri hesabına əldə etdikləri ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin satışından əldə olunmuş 120000 manat pulun yarısının, yəni 60000 manat pulun cavabdehdən alınıb ona verilməsi, birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 6-cı mkr, ev 35 "H", mənzil 67-yə dair Cavabdeh ilə İbrahimov Rüstəm Musa oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, birgə nikah dövründə yəni, xx.xx.2018-ci ildə birgə vəsaitləri hesabına əldə etdikləri Sumqayıt şəhəri, 6-cı mkr, ev 35 "H", mənzil 67nin aralarında bölünməsi, bölgü zamanı himayəsində olan uşaqların mənafeyi nəzərə alınmaqla onun payının 2/3 hissədə, cavabdehin payının isə 1/3 hissədə müəyyən olunması, övladları ilə birlikdə birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 6-cı mkr, ev 35"H", mənzil 67-yə köçürülməyi, İbrahimov Rüstəm Musa oğlunun həmin evdən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələblərinin ayrıca icraata ayrılması barədə məhkəmənin qərardadı:
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-60/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı qızıl zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınıb ona verilməsi, birgə nikah dövründə əldə edilmiş mənzilin satışından əldə olunmuş vəsaitin yarısının alınıb ona verilməsi, ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, mənzilə köçürülməyi, İbrahimov Rüstəm Musa oğlunun həmin evdən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair iddiası üzrə 2(060)-60/2025 saylı mülki işdən, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 6-cı mkr, ev 35 "H", mənzil 67-yə dair Cavabdeh ilə İbrahimov Rüstəm Musa oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, birgə nikah dövründə yəni, xx.xx.2018-ci ildə birgə vəsaitləri hesabına əldə etdikləri Sumqayıt şəhəri, 6-cı mkr, ev 35 "H", mənzil 67-nin aralarında bölünməsi, bölgü zamanı himayəsində olan uşaqların mənafeyi nəzərə alınmaqla onun payının 2/3 hissədə, cavabdehin payının isə 1/3 hissədə müəyyən olunması, övladları ilə birlikdə birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 6-cı mkr, ev 35"H", mənzil 67-yə köçürülməyi, İbrahimov Rüstəm Musa oğlunun həmin evdən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair hissəsinin ayrıca icraata ayrılması qərara alınmışdır.
3. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əvvəlki tələbləri saxlanılmaqla iddia tələbinin həcmini artıraraq mənzilin dəyərinin müəyyən olunub həmin pulun 2/3 hissəsinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4512/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinin “mənzilin dəyərinin müəyyən olunub həmin pulun 2/3 hissəsinin cavabdehdən alınıb iddiaçıya verilməsi” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar :
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 27 aprel 2007-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları vardır: 11 iyun 2008-ci il təvəllüdlü X4 oğlu və 12 may 2009-cu il təvəllüdlü X2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4961/2022 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 11 iyun 2008-ci il təvəllüdlü X4 oğlu və 12 may 2009-cu il təvəllüdlü X1 onun yanında qalması və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 175 manat olmaqla cəmi iki uşağa görə 350 manat sabit pul məbləğində alimentin ona verilməsi qət edilmişdir. Ona məxsus olan qızıl-zinət əşyaları cavabdehdədir və o, həmin əşyaları ona verməkdən imtina edir. Həmin qızıl zinət əşyaları əyarı 750, çəkisi 6 qram, qiyməti 780 manat olan qızıl saatdan, əyarı 583, çəkisi 20 qram, qiyməti 1600 manat olan sepdən, əyarı 583, çəkisi 4 qram, qiyməti 320 manat olan üzükdən (yantar qaşlı), əyarı 583, çəkisi 4,5 qram, qiyməti 360 manat olan üzükdən (setka), əyarı 583, çəkisi 26 qram, qiyməti 2100 manat olan sep və qolbağdan (komplekt) ibarətdir. Bundan əlavə birgə nikah dövründə yəni, xx.xx.2013-cü ildə ünvan 2 ünvanında yerləşən 9 saylı mənzili 90000 manata almışlar. xx.xx.2018-ci ildə cavabdeh ona bildirmişdir ki, həmin mənzili satıb öz adına başqa bir mənzil alsın. O da ona inanmış və evin satılmasına razılıq vermişdir. Evi 120000 manata satıb, 140000 manata Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35 “H”, mənzil 66-nı almışdır. Lakin cavabdeh onu aldadaraq evi öz adına yox, atasının adına almışdır. Onun isə bundan xəbəri olmamışdır. Çünki o gəlin olaraq heç nəyə qarışa bilmirdi və qarışa da bilməzdi. Sonradan cavabdehin atası onun həmin evdən və qeydiyyatdan çıxarılmasına da nail olmuşdur. Ona görə də hesab edir ki, birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin satış dəyərinin yarısı, yəni 60000 manat pul cavabdehdən alınıb ona verilməlidir. Bundan əlavə birgə nikah dövründə, yəni xx.xx.2018ci ildə ünvan 3-ni də almışdırlar. Ona görə də hesab edir ki, həmin mənzil aralarında bölünməli, bölgü zamanı uşaqların mənafeyi nəzərə alınmaqla onun payı 2/3 hissədə, cavabdehin payı isə 1/3 hissədə müəyyən olunmalıdır.
6. İddia müddətinin tətbiqi barədə ərizə:
Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək İddiaçı tərəfindən cavabdehə qarşı əmlak-pul tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35 "H", mənzil 67 tərəflərin birgə nikahı dövründə əldə olunmuş, məhkəmə proseslərinin gedişində məlum olmuşdur ki, cavabdeh həmin mənzilə dair İbrahimov Rüstəm Musa oğlu ilə xx.xx.2021-ci ildə ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh iddiaçıda mənzilin kirayəyə verilməsi təsəvvürü yaratmışdır. İddiaçının mənzilin hansı formada alınmasına dair məlumatı olmamışdır. Vəkil sorğusu verildikdə mənzilin alınarkən ipoteka ilə yüklü edilməsi barədə məlumat əldə edilmişdir. Nikah pozulanadək hansı məbləğdə ipoteka ödənişlərinin həyata keçirilməsi yalnız bank hesabından çıxarışın əldə olunmasından sonra məlum ola bilər. Ödənişlərin böyük hissəsi birgə nikah dövründə ödənilmişdir. Tərəflər evin alınması zamanı təxminən 23000 manat ilkin ödəniş etmişdirlər.
9. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, mənzilin dəyəri ödənilib qurtarmamışdır. Buna görə də iddiaçının mənzilin 2/3 və 1/3 hissədə ayrılmasına dair iddiası təmin oluna bilməz. İddiaçı yalnız ödənilmiş məbləğə iddia edə bilər. Evin alınması zamanı 23000 manat ilkin ödənişin və sonradan təxminən 22000-25000 manat ipoteka ödənişlərinin həyata keçirilməsi mümkün deyildir. 2018-ci il üçün oxşar xüsusiyyətlərə malik, Sumqayıt şəhərində yerləşən mənzillərin qiymətini müəyyən etmək mümkündür. Həmçinin 2021-ci ildə bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən, gələcəkdə satılması nəzərdə tutulan mənzilin qiyməti 40000 manat olaraq müəyyən edilmiş, ilkin müqavilə üzrə 24000 manat ödənilmişdir. Tərəflər 2020-ci ilin əvvəllərindən ayrı yaşayırlar. Nikah 2021-ci ildə pozulmuşdur. 2022-ci ildə bağlanmış ilkin alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının razılığının alınmasından söhbət gedə bilməz. İbrahimov Rüstəm Musa oğlunun mənzilin ödənişini tam həyata keçirməyə maddi imkanı olmadığından ilkin müqavilə bağlanmışdır.
10. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimov Rüstəm Musa oğlu izahatında bildirdi ki, tərəflərə qarşı heç bir iddiası yoxdur. İddiaçı ilə qonşu olmuşdurlar. Cavabdehla isə satış təmsilçisi vasitəsi ilə tanış olmuşdur. Evə dair ödənişləri vaxtlı-vaxtında ödəyir. Hal-hazırda həmin mənzildə yaşayır. Mənzilin hazırki mülkiyyətçisi Cavabdehdur.
Tədqiq olunan sübutlar:
11. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(060)-4961/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 27 aprel 2007ci il tarixdə bağlanmış 598 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 11 iyun 2008-ci il təvəllüdlü X4 oğlunun və 12 may 2009-cu il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları, xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh 11 iyun 2008-ci il təvəllüdlü X4 oğlu və 12 may 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
12. RX seriyalı, 20 sentyabr 2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 3 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 20 sentyabr 2018-ci ildə qeydiyyata alınmışdır.
13. 27 dekabr 2021-ci il tarixli İlkin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzili 67 bu müqavilənin bağlandığı andan xx.xx.2044-cü il tarixindən gec olmamaq şərti ilə, İbrahimov Rüstəm Musa oğlu isə gələcəkdə alqı-satqı predmeti olacaq mənzili həmin müqavilənin bağlanması anında istifadəsinə qəbul etməyi və gələcəkdə onun barəsində alqı-satqı müqaviləsi bağlamaqla bu müqavilə ilə müəyyən edilib göstərilmiş, həmçinin gələcəkdə bağlanılacaq torpaq sahəsinin alqı-satqı müqaviləsində göstəriləcək pul məbləğini Cavabdeh ödəməyi öhdəsinə götürmüşdür.
14. Cavabdeh və İbrahimov Rüstəm Musa oğlu tərəfindən notariat ofisinə ünvanlanmış 8İ-13241 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh və İbrahimov Rüstəm Musa oğlu ünvan 3 ünvanında yerləşən əmlakın 40000 manata satılması üçün ilkin alqı-satqı müqaviləsi üzrə 24000 manat məbləğin depozit hesabına qəbul olunmasını xahiş etmişdir.
15. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 11/591/AİFKK nömrəli kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 55000 manat məbləğində illik 7 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti vermişdir. Kredit borcalana ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilmişdir.
16. xx.xx.2018-ci il tarixli, 11/591/AİFKK nömrəli kredit müqaviləsi üzrə çıxarışdan görünür ki, ödənişlərin icra edilməsi müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir.
17. "xxxx" MTK (satıcı), "xxxx" ASC (ipoteka saxlayan) və Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 11/591/AİFKK nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən alıcı-ipoteka qoyanın mülkiyyətinə verir.
18. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat poçt xərci ödəmişdir.
Məhkəmə baxışının hədləri:
19. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyasının:
-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3-cü maddəsində hüquqdan sui istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
19. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında 7.8. Ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
20. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə 27 aprel 2007-ci ildə nikaha daxil olmuşlar. Onlar arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4961/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Tərəflər birgə nikah dövründə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35 “H”-da yerləşən 67 saylı mənzili almışlar. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmışdır. Cavabdeh ilə İbrahimov Rüstəm Musa oğlu arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35 “H”-da yerləşən 67 saylı mənzili 40.000 manata İbrahimov Rüstəm Musa oğluna satmış, İbrahimov Rüstəm Musa oğlu isə həmin müqavilənin bağlanması anında 24000 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nin 3 saylı şöbəsi vasitəsi ilə ödəmiş, qalan 16000 manatı isə əsas müqavilə bağlandığı anda ödənilməsini öhdəsinə götürmüşdür.
21. Hazırda iddiaçı Cavabdeh ilə İbrahimov Rüstəm Musa oğlu arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35 “H”-da yerləşən 67 saylı mənzilin üzərində onun 2/3 hissədə, Cavabdeh 1/3 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
22. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə olunmuş ümumi vəsait hesabına alınması mübahisəsiz haldır, bu vəziyyəti Cavabdeh qəbul edir. Belə olan halda cavabdehin İddiaçı razılığı olmadan birgə mülkiyyətdə olan mənzilin satılmasına razılıq verməsi və bunun nəticəsində xx.xx.2021-ci il tarixdə ilkin alqı-satqı müqaviləsinin bağlanmasına hüquqi qiymət verilməlidir.
23. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixdə mənzilin ilkin alqı-satqı müqaviləsi əsasında satılması barədə İddiaçı razılıq ərizəsinin olmaması, Cavabdeh bu barədə İddiaçı məlumat verməsi və ya İddiaçı sonradan bu vəziyyətdən məlumatlı olaraq razılaşması sübuta yetməməsi əsas verir ki, Cavabdeh mənzilin ilkin alqı-satqı müqaviləsi əsasında satılmasından xəbəri olmamış, o cümlədən əqdi sonradan bəyənməmişdir.
24. Bundan başqa məhkəmə qeyd edir ki, sözügedən ilkin alqı-satqı müqaviləsi əsasında əmlak başqa şəxsin, yəni üçüncü şəxsin mülkiyyətinə keçməsə də, sözügedən mənzil cavabdehin mülkiyyətində qalmaqda davam etsə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimov Rüstəm Musa oğlu ora köçüb yaşayır və müqavilənin şərtlərinə riayət edildiyi təqdirdə gələcəkdə həmin əmlakın öz mülkiyyətinə keçirmək niyyəti güdür. Bu baxımdan da məhkəmə həmin müqavilənin etibarlılığına qiymət verməyi zəruri hesab edir.
25. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
26. Konstitusiya Məhkəməsinin Plenumu 02 aprel 2021-ci il tarixli Qərarında vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
27. Beləliklə, qeyd olunanlar əsas verir ki, xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi Mülki Məcəllənin 225.6-cı maddəsinin tələbinə uyğun deyil və Qanunun tələbinə əsasən həmin müqavilə etibarsız hesab edilir. Ona görə də iddiaçı alqı-satqı müqaviləsini mübahisələndirməkdə haqlı hesab olunmalı, Cavabdeh və İbrahimov Rüstəm Musa oğlu arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
28. Məhkəmə iddiaçının mənzil üzərində payın müəyyən olunmasına dair iddiasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması;
2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.
29. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.
30. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına və istinad olunmuş maddi normaların tələblərinə əsasən qeyd edir ki, iddiaçı mənzilin birgə nikah dövründə əldə edilmiş qazanc hesabına alınmasını, mənzilin onun razılığı olmadan ilkin alqı-satqı müqaviləsi əsasında satılmasına dair razılığının olmamasını sübut edə bilmişdir.
31. Məhkəmə iddiaçının uşaqların onun himayəsində olduqları üçün mübahisə predmeti olan əmlakın onların arasında qeyri-bərabər şəkildə bölünməsi barədə tələb ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, qanunverici ümumi qayda olaraq ər-arvadın birgə əmlakdakı paylarının bərabər bölünəcəyini müəyyən edir. Bölgü zamanı uşaqların mənafeyinin nəzərə alınması isə payların qeyri-bərabər bölünməsinə təsir edən müstəsna hal kimi nəzərdə tutulmuşdur. Lakin məhkəmə qeyd edir ki, uşaqların ana ilə qalması özlüyündə müstəsna hal kimi qəbul edilə bilməz. Bunun üçün uşaqların mənafeyinə təsir göstərən halların nədən ibarət olduğu, ümumi əmlakın bölünməsinin həmin mənafe baxımından hansı əhəmiyyət daşıdığı göstərilərək sübutlarla təsdiq olunmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı ümumiyyətlə bu hallara əsaslanmamış və hər hansı sübut təqdim etməmiş, öz mövqeyini isə yalnız birgə nikahdan olan uşaqların onun yanında qalması ilə əsaslandırmışdır.
32. Beləliklə, xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, tərəflər mənzil üzərində payları ilə bağlı qarşılıqlı razılıq əldə etmədiklərinə görə, onların payı bərabər hesab olunmalı və hər birinin ½ hissədə mülkiyyət payları müəyyən olunmalıdır.
33. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia ərizəsini 08 aprel 2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Lakin sonradan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-60/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraata ayrıca icraata ayrılmışdır. Odur ki, iddiaçı 3 illik müddəti ötürməmişdir.
34. Məhkəmə iddianın İbrahimov Rüstəm Musa oğlunun əmlakları ilə birgə həmin mənzildən çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının mənzildən əşyaları ilə birgə çıxarılmasını istədiyi şəxs hazırki iş üzrə cavabdeh deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs olduğundan və tələb hazırki iş üzrə Cavabdeh yönəlmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci, hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci, hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Beləliklə hazırki halda məhkəmə “mənzildən əmlakları ilə birgə çıxarılma” ya dair iddianın hazırki iş üzrə Cavabdeh yönəlmədiyini nəzərə alaraq, hesab edir ki, iddia həmin hissə də təmin edilməməlidir.
35. İddiaçının övladları ilə birgə həmin mənzilə köçürülməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, sözügedən əmlak iddiaçı və cavabdehin birgə mülkiyyətində olduğundan və yuxarıda qeyd edilənlərə əsasən iddiaçının da həmin əmlakda payının olduğu müəyyən edildiyindən iddia həmin hissədə də əsaslı olmaqla təmin edilməlidir.
Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İbrahimov Rüstəm Musa oğlu arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35 “H”-da yerləşən 67 saylı mənzilin ilkin alqı-satqısına dair müqavilə etibarsız hesab edilsin. Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35 “H”-da yerləşən 67 saylı mənzil üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payı müəyyən edilsin. İddiaçı övladları 11 iyun 2008-ci il təvəllüdlü X4 oğlu və 12 may 2009-cu il təvəllüdlü X2 ilə birgə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35 “H”-da yerləşən 67 saylı mənzilə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva