Məhkəmə qərarları › İş №2(060)-4985/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4985/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4985/2023 15.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və mənzilə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, St.Sumqayıt ünvanında yerləşən, 28 saylı evin, 20-ci mənzilinə uşağı ilə (19 iyul 2009-cu il təvəllüdlü X5) birlikdə köçürülməyi, rəsmi nikahlarından anadan olmuş 19 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(060)-4176/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azadılması və dəqiqləşməsi ilə bağlı ərizə verərək, iddia tələbinin alimentin artırılması hissəsində baxılmamış saxlanılmasını və Sumqayıt şəhəri, St.Sumqayıt ünvanında yerləşən, 28 saylı evin, 19-cu mənzilinə uşağı ilə (19 iyul 2009-cu il təvəllüdlü X5) birlikdə köçürülməsi hissəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki o, Cavabdeh ilə 02 fevral 1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından 07 oktyabr 1994-cü il təvəllüdlü X4, 08 avqust 1996-cı il təvəllüdlü X6, 09 may 1999-cu il təvəllüdlü X2 və 19 iyul 2009-cu il təvəllüdlü X5 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(060)-4176/2021 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, rəsmi nikahlarından anadan olmuş 19 iyul 2009-cu il təvəllüdlü X1 onun yanında saxlanması və 19 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona yəni, İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehlə 1993-cü ildə ailə həyat qurmuşdur. 1993-cü ildən 2013-cü ilə kimi Sumqayıt şəhərində ayrı-ayrı ünvanlarda şəxsi mənzillərinin olmaması səbəbindən kirayədə yaşamışlar. 2013-cü ildən 2021-ci ilin yanvar ayına kimi Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivi ünvanında yerləşən fərdi evdə yaşamışlar. Cavabdeh onu və övladlarını Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivi ünvanında yerləşən fərdi evdən qovub çıxarmışdır. 2021-ci ilin may ayında Sumqayıt şəhəri, St.Sumqayıt ünvanında yerləşən, 28 saylı evin, 19-cu mənzili cavabdehə “Çernobıl” əlili kimi ailə üzvlərinin sayı nəzərə alınaraq 3 otaqlı mənzil verilmişdir. Onun yaşamağa başqa yeri yoxdur. Bir daha bildirir ki, kirayədə yaşayır. Qeyd edir ki, mənzilə dair hüquqmüəyyənedici sənədlər yoxdur. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, ikinci qrup əlildir. Əlil olduğuna görə həmin ev dövlət tərəfindən ona verilmişdir. Həmin ev onlar boşandıqdan sonra ona verilib. İddiaçının həmin evdə yaşamaq hüququ yoxdur. O, iddiaçıya mənzildə yaşamasına etiraz etməmişdir. Lakin iddiaçı özü onunla birlikdə yaşamaq istəmir. İddiaçının istəyi ona verilən 3 otaqlı mənzilə sahiblənməkdir. O, Saray qəsəbəsində olan evə iddiaçının köçməsini istəyir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan 07 oktyabr 1994-cü il tarixdə Şirinova Əfsanə, 08 avqust 1996-cı il tarixdə İirinov Taleh və 19 iyul 2009-cu il tarixdə X5 doğulmuş, nikahlarına xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4176/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Qəbələ rayonu, Çuxur Qəbələ kənd İN-də xx.xx.1992-ci il tarixdə bağlanmış, 03 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması və 19 aprel 2021-ci il tarixdən etibarən xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat aliment Cavabdeh tutularaq İddiaçı qerilməsi qət edilmişdir. İşə əlavə olan Sumqayıt Şəhər İH-nin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin xx.xx.2023-cü il tarixli 5-6/2-1826/2023 saylı məktubdan məlum olur ki, Cavabdeh 2-ci dərəcəli Çernobıl əlili kimi xx.xx.2011-ci il tarixdə yaşayış yeri üzrə mənzil uçotuna alınmış, xx.xx.2021-ci il tarixdə ailə tərkibi 4 nəfər olmaqla Sumqayıt şəhəri, St.Sumqayıt ünvanında yerləşən, 28 saylı evin, 19 saylı mənzillə təmin olunmuşdur. Hazırda iddiaçı mübahisəli mənzilə köçürülməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2023-cü il tarixində, 17:00 saatında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 2013-cü ildən yarandığını, yəni iddiaçının mübahisəli evə cavabdeh ilə 2013-cü ildə rəsmi nikah dövründə olmaqla, həmin ildə qeyd olunan mənzilə köçdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə köçmək hüququnun olub-olmadığını 01 oktyabr 2009-cu il tarixdən sonra qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun müəyyən edilməlidir. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aid olmadığı üçün onun həmin mənzildən istifadə hüququnun olmaması nəticəsinə gəlir. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Qeyd olunan hüquqi normalardan çıxış edərək məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı və azyaşlı uşağı xx.xx.2009-cu il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, St.Sumqayıt ünvanında yerləşən, 28 saylı evin, 19-cu mənzilinə köçürülsünlər. İş üzrə mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver