Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5323/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment və uşaqla ünsiyyət tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment və uşaqla ünsiyyət tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması, onun adına əsassız hesablanmış aliment borcunun silinməsi və xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 20:00-dək onunla birlikdə qalmaq şərti ilə övladları ilə görüşüb ünsiyyətdə olmaq hüquqlarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.6. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur; Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə;
3. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur; Maddə 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər; Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir;
Məhkəmənin mövqeyi
4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
5. İddia ərizəsinin məzmunundan görünür ki, məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar məhz analarının yanında saxlanılmış və onların saxlanılmaları üçün aliment təyin edilmiş, alimentin əvvəlinin uşaqların anaya verildiyi vaxtdan hesablanması qət edilmişdir. İddiaçı uşaqların son dörd il ərzində onunla, son bir neçə aydır ki, anaları ilə yaşadıqlarını, xx.xx.2014-cü il təvəllüdlü X2 isə faktiki olaraq onun yanında olmasını əsas gətirərək uşağın saxlanılması üçün aliment, yığılmış aliment borcunun silinməsi və digər uşaqlarının onunla ünsiyyət hüququnun təmin olunmasını xahiş edir.
6. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(060)-927/2023 saylı qətnaməsi ilə uşaqlar analarının himayəsinə verilmişlər. Qanunvericiliyin tələbinə əsasən aliment uşağın kimin yanında qalmasından asılı olaraq müəyyən olunur və yalnız uşağın faktiki deyil, qanuni himayəsinin (məhkəmə qətnaməsi ilə müəyyən edilmiş) dəyişilməsi aliment ödənilməsi öhdəliyini dəyişə bilər. İddiaçı isə bu məqamı nəzərə almayaraq, himayə hüququ dəyişmədən aliment tələb edir ki, bu da qanuna ziddir.
7. Qeyd etmək lazımdır ki, məhkəmə qətnaməsi ilə himayə hüququ dəyişdirilmədən uşağın faktiki olaraq valideynlərdən birinin yanında olması təkbaşına nəticə doğurmur. Bu səbəbdən iddiaçı əvvəlcə xx.xx.2014-cü il təvəllüdlü X2 onun himayəsinə verilməsi ilə bağlı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməlidir. Yalnız bundan sonra alimentin təyin edilməsi məsələsinə baxıla bilər.
8. Həmçinin, işə əlavə edilmiş mediasiya arayışından görünür ki, iddiaçı yalnız aliment və uşaqla ünsiyyət tələbi ilə mediasiyada çıxış etmiş, uşağın himayəsinin dəyişdirilməsi mübahisə predmeti olmamışdır. Lakin bu tələb ailə münasibətindən irəli gəldiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mediasiya arayışında həmin tələb əks olunmalıdır. Məhkəmə müəyyən edir ki, iddiaçı uşaq tələbinə münasibətdə mediasiya prosesində iştirakını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir.
9. Alimentin silinməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, 2024-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Ali Məhkəməsi aliment borcunun silinməsi barədə tələbə iddia icraatında baxılmasının mümkünlüyü barədə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul etmişdir. Həmin qərara əsasən aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı halda isə belə bir əsaslandırma yoxdur.
10. İddia ərizəsindəki məlumatlara əsasən iddiaçı uşaqların faktiki olaraq onunla yaşadıqlarını əsas gətirərək borcunun olmadığını iddia edir. Lakin bu məsələ icra məmurunun fəaliyyət sahəsinə daxildir. Əgər iddiaçı aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır.
11. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir.
12. Odur ki, iddia tələbinin alimentin silinməsi tələbinə dair hissəsinə məhkəmədə baxıla bilməz. Göründüyü kimi iddiaçı birlikdə baxıla bilməyən bir neçə tələbi bir icraatda birləşdirmişdir.
13. Bütün bu qeyd olunanlar da hazırkı ərizənin qaytarılması üçün əsasdır.
14. Məhkəmə iddiaçıya izah edir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla uşaq, aliment və uşaqla ünsiyyət tələbi ilə məhkəməyə, alimentin silinməsi tələbi ilə icra məmuruna müraciət edə bilər.
15. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı aliment və uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva