Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6496/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri Novxanı bağlar massivində yerləşən 1715Q saylı bağ evinə istifadə hüququnun tanınması və həmin bağ evinə dair Cavabdeh1 ilə "xxxx" ASC arasında 09.07.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun oğludur. O, 1993-cu ildən oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağlar massivi bağ evi 1715Q ünvanda ailə üzvü qismində köçərək oğlu ilə birlikdə bu evdə yaşamış, hətta kommunal xidmətlər (qaz, su) onun adına quraşdırılmışdır. Onun ailə üzvü kimi bu bağ evində uzun müddət yaşamasına və istifadə hüququ əldə etməsinə baxmayaraq, Cavabdeh1 bankla 09.07.2014-cü il tarixdə kredit müqaviləsi bağlamaqla bankdan 51.000 ABŞ dolları məbləğində kredit ayrılmış və yaşadıqları bu bağ evini həmin kredit müqabilində ipoteka ilə yüklü etmişdir. O, belə bir əməliyyatın aparıldığını hazırda, artıq həmin evin hərracda satılması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.01.2020-ci il tarixli qərarının surətini əldə etdikdən sonra bilmişdir. Ona məlum olmuşdur ki, Sumqayıt şəhər Məhkəməsinin 04.06.2019-cu il tarixli 2(060)-139/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilməklə, oğlundan 55.636,75 manat əsas borc, 11.639,81 manat faiz və 10 manat cərimə olmaqla, ümumilikdə 67.286,56 manat pulun, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manatın və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın Sumqayıt şəhəri Novxanı bağ massivi 1715Q ünvanda yerləşən 0,18 ha torpaq sahəsi üzərində olan 122,10 m2 ümumi sahəsi olan 4 otaqlı evə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi, evin açıq hərracdan satılaraq satış pulundan banka olan bütün borcların ödənilməsi və qalan pulun oğluna qaytarılması qət edilmişdir (hakim C.Məmmədov). Bu qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. O, mülkiyyətçi olan Cavabdeh1, yəni oğlunun ailə üzvü kimi bu bağ evinə köçürüldüyü və uzun illər onunla bu evdə yaşayaraq birgə təsərrüfat idarə etdiyi üçün bu evə istifadə hüququ əldə etmişdir və ipoteka müqaviləsi onun razılığı olmadan bağlandığı üçün etibarsız hesab edilməlidir. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını, yaxud mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 bildirdi ki, iddia tələbi əsassız olmaqla yanaşı, iddiaçı məhkəmə prosesini uzatmaq üçün məhkəmə iclaslarına gəlmir. Bu səbəbdən, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə mülki işə İddiaçı və Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. İddiaçı digər cavabdehlə eyni maraqlardan, mənafedən çıxış edərək, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasını maksimum yubatmağa çalışırlar. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Sumqayıt şəhəri Novxanı bağlar massivində yerləşən 1715Q saylı bağ evi ipoteka ilə yüklü edilərkən ipoteka haqqında qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət edilmiş, evə hüququ olan şəxslərin dairəsi müəyyən olunmuş, ipoteka qoyanın həyat yoldaşı X2 bağ evinin ipoteka ilə yüklü edilməsinə etiraz etməməsinə dair notarial qaydada təsdiq olunmuş ərizə vermiş, ipoteka müqaviləsi tərəflərin iradə ifadəsinə uyğun olaraq sərbəst şəkildə bağlanmış, müqavilə üzrə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı bağ evində yaşadığını bildirsə də, həmin bağ evindən istifadə hüququ olduğunu iddia etsə də, onun uzun müddət ərzində gedən məhkəmə mübahisələrindən bixəbər olması ağlabatan deyil. Təsadüfi deyildir ki, ipoteka qoyanın yaşayış yerindən təqdim olunmuş 2 saylı forma üzrə arayışda iddiaçı nə evə hüququ olan, nə də hüququ olmadan yaşayan şəxs kimi qeyd olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30.03.2021-ci il tarixli 2(102)-1803/2021 saylı qərarında qeyd olunmuş məlumatlara əsasən: - İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 09.07.2014-cü il tarixli kredit müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 01.10.2015-ci il tarixli Razılaşmaya əsasən 21.06.2018-ci il tarixə olan 55.636,75 manat məbləğində əsas borc, 11.639,81 manat məbləğində faiz, gecikdirməyə görə 255,20 manat cərimə olmaqla, cəmi 67.531,76 manat pul vəsaitinin, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri Novxanı bağ massivi 1715Q ünvanda 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərrac vasitəsilə satılması, mənzil satıldıqdan sonra Cavabdeh1 yaşayış yerini tərk etmədikdə mənzildən məcburi çıxarılması və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir - Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 əsas borc üzrə 55.636,75 manat, faiz borcu üzrə 11.639,81 manat, gecikdirməyə görə 10 manat cərimə, ümumilikdə 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 28 manatın alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri Novxanı bağ massivi 1715Q ünvanda 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində puldan 28 manatın "xxxx" ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər - Ş.Abasov (sərlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(060)-139/2019 saylı qətnaməsinin Sumqayıt şəhəri Novxanı bağ massivi 1715Q ünvanda 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, evin ilkin satış qiymətinin 160.000 manat müəyyən edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(060)-139/2019 saylı qətnaməsi ilə Cavabdeh1 əsas borc üzrə 55.636,75 manat, faiz üzrə 11.639,81 manat, gecikdirməyə görə 10 manat cərimə, ümumilikdə 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 28 manatın alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri Novxanı bağ massivi 1715Q ünvanda 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində puldan 28 manatın "xxxx" ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmas qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli 2(102)-3138/2020 saylı qərarı ilə (sədrlik edən hakimlər İ.V.Həsənov, Ə.Əhmədov və İ.Dəmirov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qətnaməsinin iddiaçı "xxxx" ASC-nin kassasiya şikayətinə münasibətdə, yəni cavabdehin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, fərdi yaşayış evinin boşaldılması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilməsi, mülki işin həmin hissələr üzrə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. - Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər - G.Tağızadə (sərlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 04 iyun 2019-cu il tarixli 2(060)- 139/2019 saylı qətnaməsi qismən ləğv edilərək, iddiaçı Cavabdeh2 ASC-nin Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, ipoteka ilə yüklü edilmiş evin ilkin satış qiyməti 140.000 manat olmaqla Cavabdeh1 tutulmalı olan məbləğ Bank qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri Novxanı bağ massivi 1715Q ünvanda 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ev açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun evdən məcburi qaydada çıxarılması və evin boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30.03.2021-ci il tarixli 2(102)-1803/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2020-ci il tarixli 2(105)- 2432/2020 nömrəli qətnaməsi cavabdehə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Yuxarıdakı məhkəmə aktlarından da göründüyü kimi, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. İddiaçı mübahisəli evdən istifadə hüququnun yaranmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkün olmaqla, dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-6496/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6496/2021
01.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver