Məhkəmə qərarları › İş №2(060)-987/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-987/2023

11.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-987/2023 11.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra və Probasiya İdarəsinə qarşı (üçüncü şəxs: Əmanətlərin Sığortalanması Fondu) icra sənədi üzrə icraata xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 2(105)- 1301/2018 saylı icra sənədi üzrə Sumqayıt şəhəri İcra və Probasiya İdarəsi tərəfindən icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarından görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. İddia tələbindən göründüyü kimi icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı mübahisələndirilmir, hazırda mübahisələndirilən məsələ icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsidir. Həmin qərarın qəbul edilməsi məsələsi icra məmurunun səlahiyyətinə aiddir. Buna görə də iddiaçıya izah edilməlidir ki, icra sənədi üzrə icraata inzibati orqana (hazırki halda Sumqayıt şəhəri üzrə İcra İdarəsi) müraciəti əsasında xitam verilməlidir. İddiaçı, səlahiyyətli orqan müraciətinə münasibət bildirdikdən sonra narazı qaldığı təqdirdə həmin orqanın hərəkəti və ya qərarı ilə bağlı inzibati, eləcə də məhkəmə qaydasında müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, hazırda ərizəçinin icra sənədi üzrə icraata xitam verilməsi barədə tələbi məhkəmədə baxılmalı deyil, belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1301/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi icra məmuru tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı iddia ərizəsinə əlavə edilmiş etibarnamədən görünür ki, həmin etibarnamədə Vəkil imza səlahiyyəti yoxdur. Buna baxmayaraq iddia ərizəsi Vəkil tərəfindən imzalanmışdır. Həmçinin məhkəmə nəzərinizə çatdırır ki, cavabdeh kimi qeyd etdiyiniz Sumqayıt Şəhər İcra və Probasiya İdarəsi kimi orqan mövcud deyildir. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə MPM-nin 152.1.2 və 153.2.1-ci maddələrini tətbiq edərək hesab edir ki, İddiaçı 2(105)-1301/2018 saylı icra sənədi üzrə Sumqayıt şəhəri İcra və Probasiya İdarəsi tərəfindən icraata xitam verilməsi barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməli, həmçinin həmin iddiaya görə xx.xx.2023-cü il tarixdə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152,153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 2(105)-1301/2018 saylı icra sənədi üzrə Sumqayıt şəhəri İcra və Probasiya İdarəsi tərəfindən icraata xitam verilməsi barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdə “eManat” ödəniş sistemi vasitəsi ilə 16465 nömrəli qəbzlə ödəmiş olduğu 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar