Məhkəmə qərarları › İş №2(062)-975/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-975/2025

02.06.2025 · Sair mülki iş - Digər - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-975/2025 02.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz 1 saylı Mediasiya Təşkilatına qarşı «sazişin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz 1 saylı Mediasiya Təşkilatına qarşı «sazişin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək onun ilə cavabdeh arasında olan xx.xx.2024cü il tarixli, MŞT/MT024/2024-1135 nömrəli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə evlənib ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü İrşad və xx.xx.2018-ci il təvəllüdlü İlay adlı uşaqları doğulmuşdur. Cavabdeh toydan qabaq və sonra Rusiya Federasiyasında yaşamışdır. Hazırda da orada yaşayır. Uşaqlarını daim tək saxlamışdır. Cavabdeh ona qarşı məhkəmədə iddia qaldıraraq nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədən əvvəl mediasiya zamanı isə aralarında saziş bağlanmışdır. Sazişi oxumadan imza etmişdir. Buna səbəb nikahın pozulması barədə iddianın məhkəməyə veriləcəyi olmuşdur. Nəticədə xx.xx.2014-cü il təvəllüdlü İrşad adlı uşağın cavabdehin yanında saxlanılmasına razı olmuşdur. Qeyd edir ki, hər bir uşaq valideynin himayəsində yaşamalıdır. Lakin İrşad adlı uşaqları xəstə baba və nənəsinin yanında yaşayır. Yaşlı və xəstə olduqları üçün uşaq onlara qulluq edir. Bununla da təhsilindən geri qalır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, sazişi imza edən zaman məzmununu tam dərk etməmişdir. Çünki uşağını bir neçə ay görmədiyi üçün uşağı görməyə görə sazişə imza etmişdir. Həmin vaxt onu inandırmışlar ki, bu məhkəməyə qədər olan bir məsələdir. Onların səmimiyyətinə inanmış və imza etmişdir. Hazırda cavabdeh həmişə olduğu kimi Rusiya Federasiyasında yaşayır, uşaq baba və nənənin himayəsindədir. Baba və nənə isə uşağa təsir edərək ona qarşı münasibətini korlayır. Bu səbəbdən on bir il ana kimi böyüdüb qulluğunda durduğu azyaşlı uşaq bütün günahı ona görür. Lakin heç vaxt uşaqlarından imtina etməmişdir. Uşaqları onun yaşama sevincidir. Uşaqlarını saxlamaq üçün yetərli maddi imkana da sahibdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) X2 iddia tələbininin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, faktiki olaraq uşaq hazırda hər iki valideyn himayəsindən məhrumdur. Belə ki, uşaq saziş ilə atasının yanında saxlanılsa da, ata Rusiya Federasiyasında olduğu üçün baba və nənə ilə yaşayır. Halbuki, Ailə Məcəlləsinin tələblərinə görə uşaq valideynlərinin birinin yanında qalmalıdır. Hesab edir ki, saziş imzalanan zaman iddiaçı onun mahiyyətini dərk etməmiş və oxumadan imza etmişdir. Çünki iddiaçı ana olaraq uşaqlarından imtina etmir və onları saxlamağa qadirdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinə dair məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi zamanı bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞT/MT024/2024-1135 saylı sazişdən görünür ki, saziş Cavabdeh ilə İddiaçı arasında bağlanmışdır. Sazişin şərtlərinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü İrşad atasının, xx.xx.2018-ci il təvəllüdlü İlay adlı uşaq anasının yanında saxlanılmış, tərəflərin bir-birilərindən aliment tələbi olmamışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 136 nömrəli nikah qeydinin pozulması qət edilmişdir. Düz Qırıqlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh kənd ərazisində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mediasiya prosesi zamanı bağlanan barışıq sazişinin etibarsızlığı ilə bağlı yaranan mübahisədir və aşağıdakı qanun müddəaları əsasında həll olunmalıdır. “Mediasiya haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Mediasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilir: könüllülük; tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı; mediatorların qərəzsizliyi və müstəqilliyi; mediasiya prosesinə müdaxilənin yolverilməzliyi; konfidensiallıq (“Mediasiya haqqında” Qanunun 4.1 və 4.2-ci maddələri). Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır (“Mediasiya haqqında” Qanunun 33.1, 33.2 və 33.3-cü maddələri). Məhkəmə qeyd edir ki, mediasiya prosesində tərəflərin arasında bağlanan barışıq sazişi də, tərəflərin mübahisəli əmlak münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Həmin saziş tərəflər arasında əmlakın bölünməsi ilə bağlı mübahisəli vbəziyyətin aradan qaldırılması, onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədilə könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı sayəsində meydana gəlmişdir. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışını müəyyən edən 389.1-ci maddəsində yazılmışdır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər el adəti üzrə evlənib ailə qurmuş və nikahlarını rəsmi qaydada xx.xx.2015-ci ildə qeydə alınmışdır. Onların birgə yaşayışlarından və nikahlarından xx.xx.2014-cü il təvəllüdlü İrşad və xx.xx.2018-ci il təvəllüdlü İlay adlı uşaqları doğulmuşdur. Tərəflər faktik olaraq ayrılmış və onların nikahları məhkəmə qətnaməsi əsasında xx.xx.2025-ci il tarixdə pozulmuşdur. Eyni zamanda tərəflər mediasiya prosesi zamanı barışıq sazişi bağlamışlar. Sazişin şərtlərinə əsasən xx.xx.2014cü il təvəllüdlü İrşad adlı uşaq atasının, xx.xx.2018-ci il təvəllüdlü İlay adlı uşaq isə anasının yanında saxlanılmışdır. Məhkəmə diqqətə çatdırır ki, hazırki barışıq sazişinin mahiyyəti tərəflərin birgə nikahından doğulmuş uşaqların mənafeyi ilə bağlıdır. Bu halda sazişin etibarsızlığı araşdırılan zaman məsələyə uşaq hüquqlarının qorunması prizmasından yanaşılmalıdır. «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideyinlik hüquqlarını həyata keçirərkən valideyinlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Nəzərə almaq lazımdır ki, qanunvericilikdə məhkəmələrin üzərinə qoyulan vəzifələrdən biri də, uşaq maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməsidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Baxılan mübahisə uşağın mənəvi-əxlaqi, psixoloji və fiziki inkişafının təmin olunmasına maksimal şərait yaradan qərarın çıxarılması ilə nəticələnməli, məhkəmə araşdırması da bu nəticəyə xidmət etməlidir. “Uşaq hüquqları haqqında” 1989-cu il Konvensiyasının 18-ci maddəsinə əsasən, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın ən yaxşı maraqları valideynlərin əsas qayğı obyektidir. Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir». Məhkəmə göstərir ki, saziş ilə uşaqların mənafeyi üzrə məsələlər həll edilsə də, onların hüquqlarının qorunması baxımından Qanunun müddəalarına əməl edilməmişdir. Belə ki, “Mediasiya haqqında” Qanunun ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətlərindən bəhs edən 26-cı maddəsində göstərilmişdir ki, uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. Mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borcludur (Maddə 26.3, 26.4 və 26.5). “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 2.3-cü bəndinə görə həmin Qanunun 26.3-cü, 26.4-cü və 26.5-ci maddələrində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur. Məhkəmə tərəfindən mediasiya işi tələb edilmiş və müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan Qanunun 26-cı maddəsinin tələbləri pozulmuşdur. Yəni mediasiya prosesi zamanı uşaqlar ilə bağlı məsələ həll edilsə belə, onların üstün maraqlarının qorunması üçün qəyyumluq və himayə orqanlarının müvafiq rəyi alınmamışdır. Halbuki, hər hansı bir əsas olmadan uşaqlar bir-birilərindən ayrılmışdır. Buna əsas olan amillərin isə nədən ibarət olması göstərilməmişdir. Nəzərə almaq lazımdır ki, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddəsində deyilir ki, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bu şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biri-birindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin. Avropa İnsan Hüquqları Məhkəməsinin 24 mart 1988-ci il tarixli «Olsson İsveçə qarşı» iş üzrə qərarında da göstərmişdir ki, İsveçin dövlət orqanları eyni valideynlərə malik olan uşaqları bir-birindən ayrı yaşamağa məhkum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi həmin iş üzrə qərarında qeyd etmişdir ki, doğma bacı və qardaşlar uşaqlarla valideynlər arasında münasibətdən asılı olmayaraq öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatı hüququna malikdirlər və İsveç hökuməti üç qardaşı bir-birindən ayrı saldığına görə «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyası»nın şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutan 8-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, mediasiya sazişi zamanı uşaqların mənafeyi ön plana çəkilmədiyi, onların üstün maraqlarının qorunmasından çıxş edilmədiyi, habelə, “Mediasiya haqqında” Qanunun tələbləri pozulduğu üçün saziş etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, MŞT/MT024/2024-1135 nömrəli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar