Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-71/2025 29.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı uşaq və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə birgə nikahdan doğulmuş 09 iyul 2016-cı il təvəllüdlü X3 və 19 iyul 2017-ci il təvəllüdlü X8 anadan-cavabdehdən alınıb atanın, yəni onun himayəsinə verilməsi, birgə nikahdan doğulmuş 09 iyul 2016-cı il təvəllüdlü X3 və 19 iyul 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanmaları üçün hər ay cavabdehdən 235 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə 30 yanvar 2015-ci il tarixindən faktiki olaraq yaşamış və 17 mart 2016-cı il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşlar. Birgə nikahlarından 09 iyul 2016-cı il təvəllüdlü X9 və 19 iyul 2017-ci il təvəllüdlü X12 anadan olmuşlar. Onlar əvvəllər mehriban yaşamış, daha sonra aralarındakı münasibətlər cavabdehin xasiyyəti və xəyanəti nəticəsində pozulmuşdur. Nəticədə Ucar Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(063)-55/2023 saylı qətnaməsi ilə aralarında bağlanmış 17 mart 2016-cı il tarixli nikah pozulmuş, birgə nikahdan doğulmuş 09 iyul 2016-cı il təvəllüdlü X9 və 19 iyul 2017-ci il təvəllüdlü X12 ananın yanında saxlanmışlar. Bir neçə il əvvəl cavabdeh, Elşad Məmmədovla nikaha daxil olmuşlar, həmin nikahdan 1 uşaqları olmuşdur. Cavabdeh birgə nikahlarından olan uşaqlara, yəni 09 iyul 2016-cı il təvəllüdlü X5 və 19 iyul 2017-ci il təvəllüdlü X11 ailə qayğısı göstərmir, uşaqlara işgəncə verir, dəmiri qızdırıb dağ basır, ac saxlayır, dəfələrlə döyür, uşaqlar acından halsız vəziyyətə düşürlər. Uşaqların belə qadının yanında qalması qeyri-mümkündür. Cavabdeh, 09 iyul 2016-cı il təvəllüdlü X7 özü baxmır, Ucar rayonunda öz anasının üstünə atmışdır. Övladları, 09 iyul 2016-cı il təvəllüdlü X9 valideynlik qayğısından məhrum olunmuşdur. İddiaçı əvvəlki, yəni 24 dekabr 2024-cü ildə keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirmiş, əlavə olaraq izahatında göstərmişdir ki, rəylə tanış olmuşdur, amma rəylə razı deyildir. İddiaçı hazırkı məhkəmə iclasında işə düzgün baxıb iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh əvvəlki, yəni 24 dekabr 2024-cü ildə keçirilmiş məhkəmə iclasında iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmiş və izahatında iddia ərizəsinə etirazında göstərilənləri təsdiq etdiyini bildirmiş və əlavə olaraq izahatında göstərmişdir ki, rəylə tanış olmuşdur və rəylə razıdır. Cavabdeh hazırkı məhkəmə iclasında iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri şər və böhtan xarakterlidir. Heç bir sübutlarla təsdiq oluna bilməz, çünki, o həmişə övladlarının qayğısına qalmış, uşaqlarının tərbiyəsində bir ana kimi iştirak etmiş, qidalanması, geyinməsi, sağlamlığı və gəzməyi, asudə vaxtını səmərəli keçirməsi üçün imkanları daxilində həyata keçirmişdir. Heç bir zaman uşaqlarını döyməmiş, fiziki zorakılığa məruz qoymamış və heç bir zaman uşaqlarının fiziki cəzalanması üçün işgəncə metodlarından istifadə etməmiş, buna görə də adiyyəti orqanlarda polisdə, prokurorluqda qeydiyyata düşməmiş və təqsirli şəxs kimi qanun qarşısında cinayət, inzibati qaydada məsuliyyətə cəlb olunmamışdır. Üçüncü şəxs Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2 (063)- 55/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X10 ilə cavabdeh İddiaçı arasında bağlanmış və 17 mart 2016-cı ildə Ucar rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 63 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 09 iyul 2016-cı ildə doğulmuş X3 və 19 iyul 2017-ci ildə doğulmuş X8 iddiaçı X4 yanında qalmaları qət edilmişdir. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışlardan görünür ki, ata İddiaçı və ana X2 X9 09 iyul 2016-cı ildə və X12 19 iyul 2017-ci ildə doğulmuşlar. Ucar Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(063)-925/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanından rəy verilməsi tələb olunmuş və həmin orqanın rəyi məhkəməyə təqdim edilənədək hazırkı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İşdə olan 20 noyabr 2024-cü il tarixli rəydən görünür ki, Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanı qeyd olunanları nəzərə alaraq azyaşlılar X3 və X8 anaları Cavabdeh yanında qalmalarını məqsədəmüvafiq hesab edir. Həmin rəydə göstərilmişdir ki, Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanının üzvləri tərəfindən azyaşlılar Mehparə və Zahir Əzimovlarla söhbət aparılmış, onların valideynlərinin hansının yanında qalmaq istəməsi ilə bağlı fikirləri öyrənilmiş və bu barədə 10 oktyabr 2024-cü il tarixdə akt tərtib olunmuşdur. Söhbət zamanı Mehparə və Zahir Əzimovlar analarının yanında qalmaq isdədiklərini bildirmişlər. Ucar Rayon Məhkəməsinin 24 dekabr 2024-ci il tarixli, 2(063)-925/2024 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 11/36 nömrəli ekspert rəyindən görünür ki, 09 iyul 2016-cı il təvəllüdlü X9 və 19 iyul 2017-ci il təvəllüdlü X8 hal-hazırda anaları Cavabdeh Rafailovnaya bağlılıqları üzə çıxmaqla, ataları İddiaçı bağlılıqları müəyyən olunmur. 09 iyul 2016-cı il təvəllüdlü X9 və 19 iyul 2017-ci il təvəllüdlü X8 psixikasında və davranışlarında ataları İddiaçı olan münasibətləri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, Oğuz küçəsi, Dəmir yolu binası, ev 15, mənzil 15-də qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, uşaqların mənafeyini, onların yaşını və fikirlərini, qəyyumluq və himayə orqanının və ekspertin rəylərini nəzərə alaraq, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 09 iyul 2016-cı ildə doğulmuş X9 və 19 iyul 2017-ci ildə doğulmuş X12 hazırda cavabdehin yanında qalırlar, 7 yaşına çatmış uşaqlar cavabdehin-ananın yanında qalmaq istədiklərini bildirmişlər, onların anaya bağlılıqları üzə çıxmaqla, ataya bağlılıqları müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, habelə mülki prosessual qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə iddiaçıdan 100 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbi barədə iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı 100 (bir yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-71/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-71/2025
29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver