Məhkəmə qərarları › İş №2(064)-1449/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1449/2024

26.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1449/2024 26.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavadehin qanunsuz olaraq satdığı, İddiaçının vərəsə kimi sahib olduğu “Mercedes Benz 200” minik markalı avtomobilin alğı-satqı müqaviləsinin etinbarsız hesab edilməsi və sözügedən avtomobilin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçının həyat yoldaşı X7 xx.xx.2024-cü il tarixdə vəfat edib. Birgə nikahdan 2 övladları-xx.xx.2012-ci il təvəllüdlü X5 və X8 anadan olublar. Həyat yoldaşının 7 mərasimini verəndən sonra, İddiaçı özü onkoloji xəstə olduğuna görə gərginlikdən bir az uzaq olmaq üçün uşaqları ilə birgə atası evinə qayıtmağı qərara alıb. O vaxtdan atası evində yaşayır. Mərhum həyat yoldaşının sağlığında o və onun valideynləri İddiaçının adına kreditlər götürüblər və İddiaçı həmin müqavilələri imzalamağa məcbur olub. Yoldaşı vəfat etdikdən sonra da İddiaçı onkoloji xəstə olmaqla həmin kreditləri ödəməyə məcburdur. Bununla bərabər İddiaçı Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsinin tələbinə əsasən qanuni vərəsə kimi, həm də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbinə əsasən birgə nikah dövründə qazanılan hər hansı bir mülkiyyətin sahibidir. Lakin qayını -mərhum əri Nahidin qardaşı Namin (Cavabdeh) özbaşınalıq və dələduzluq cinayətinin tərkibini yaradaraq birgə nikah dövründə aldıqları və ərinin baş etibarnamə ilə sahiblik edərək idarə etdiyi , ona xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sahiblik hüququ verən Mercedes Benz 200 markalı, mühərrik nömrəsi 11194212-024957 olan, buraxılış ili 1996-cı il olan, Ban №W08200351A303833 olan, dövlət qeydiyyat nişanı **-XR-*** olan avtomobili aldadaraq aparıb Qazax rayonunda yaşayan əvvəlki mülkiyyətçi ilə birgə cinayət əlaqəsinə girərək satıb. İddiaçının əri xx.xx.2024-cü il tarixdə vəfat edib, Cavabdeh isə maşını onun ölümündən 14 gün sonra aparıb satıb. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh verdiyi izahatında bildirdi ki, iddia tələbi əsassızdır və qəbul etmir. Belə ki, sözügedən avtomobili digər qardaşı ilə birgə mərhum qardaşına maddi vəziyyəti yaxşı olmadığı üçün sürücülük fəaliyyəti ilə məşğul olması üçün Füzuli adlı şəxsdə alıblar. Mərhum qardaşına məxsus borcları ödəyib və İddiaçının heç bir pul tələbi ola bilməz. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, ƏN-İX № 064227 saylı etibarnamə əsasında müəyyən edilir ki, “Mercedes Benz 200 minik” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə üzrə müəyyən edilmiş səlahiyyətlərlə X3 istifadəsinə verilib. Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış əsasında müəyyən edilir ki, tərəflər arasında ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilinməyib. AZ-İİ № 427751 saylı, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamə əsasında müəyyən edilir ki, X7 xx.xx.2024-cü il tarixdə miokardın kəskin infarktı səbəbilə ölüb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsindən verilən xx.xx.2024-cü il tarixli məktub əsasında müəyyən olunur ki, “Mercedes Benz 200 minik” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə X9, X2, X1 edib və X4 isə etibarnamə üzrə idarə edib. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçının hal-hazırda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığına görə, onun Cavabdehə qarşı müqavilənin ləğv edilməsi barədə iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı Mercedes Benz 200 minik” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu, Cavabdeh tərəfindən dələduzluq yolu ilə mənimsənilərək satıldığın bildirərək sözügedən avtomobilin ona qaytarılmasının tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda iş materiallarına qeyd edilənləri təsdiqləyən mötəbər sübutlar əlavə etməyib. Həmçinin Cavabdeh tərəf də iddia tələbini qəbul etmir və əsassız olduğunu bildirir. Bununla yanaşı Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsindən verilən xx.xx.2024-cü il tarixli məktub əsasında müəyyən edir ki, Cavabdeh (Cavabdeh) Mercedes Benz 200 minik” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququna malikdir və etibarnamə xx.xx.20204-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qüvvədədir. Odur ki, Məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver