Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-21/2025 01.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Baloğlanova (Əsədova) Yeganə Əsəd qızı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Tel kənd ərazisində yerləşən torpağa mülkiyyət hüququna dair JN-033F saylı 30216028 kodlu dövlət aktı əsasında ona məxsus mülkiyyətində olan 0,11 ha torpaq sahəsinin 324 kv.metr hissəsinin Cavabdeh3, 71 kv.metr hissəsinin isə Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və cavabdehlər tərəfindən torpaq sahəsinə daxil olmasına törədilən maneələrə son qoyulması və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağa mülkiyyət hüququna dair JN 033F,kod 30216028 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu, Tel kəndində yerləşən 0.11 ha torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək bu torpaq sahəsini özəlləşdirmək istədikdə bu müraciət əsasında 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları sözü gedən torpaq sahəsinə baxış keçirmiş, bu baxış nəticəsində bəlli olmuşdur ki, akta əsasən ayrılmış olan 0.11 ha torpaq sahəsinin 324 kv.m hissəsi Cavabdeh3, 71 kv.metr hissəsi isə Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir və onlar tərəfindən istifadə edilməkdədir. Bundan sonra tərəfindən iddia verilmiş, idda əsasında ekspertiza təyin edilmişdir və cavabdehlər tərəfindən torpaq sahəsinin zəbt edilməsi üzə çıxmışdır. Lakin subyektiv səbəblərdən iddiası baxılmamış qalmışdır. Cavabdehlər uzun illər ona aid olan torpaq sahəsini bilərəkdən zəbt edib istifadə edərək xeyir əldə etdiklərindən zəbt nəticəsində ona maddi ziyan dəymişdir. Ona aid olan torpaq sahəsindən istifadə hüququndan məhrum olnuşdur. Uzun illərdir ki 0.11.ha torpaq sahəsinin vergisini ödəyir. Həmin torpaq hal-hazırda cavabdehlərin istifadəsindədir. Cavabdehə dəfələrlə torpaq sahəsini qaytarmaq ilə bağlı müraciət etsə də cavabdeh buna məhəl qoymayaraq zor tətbiq göstərərək torpaq sahəsini ona qaytarmır. Cavabdehlərdən ona məxsus olan torpaq sahəsini geri istəyəndə ona bunu etməyəcəklərini torpaq sahəsini qaytarmayacaqlarını bildirmişlər. Torpaq sahəsindən istifadə edə bilmir, cavabdeh onun torpaq sahəsinə daxil olmağına maneçiliklər yaratmaqdadır. Cavabdehlər göstərilən daşınmaz əmlak üzərində qanunsuz sahiblik edərək ona geri qaytarmaqdan imtina etmişlər. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdehlərlə qonşudur. Onun torpaq sahəsindən istifadə edirlər. Reyestr idarəsinə müraciət edəndə bilmişdir ki, cavabdehlər torpağını zəbt etmişlər. Ona görə torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsini xahiş edir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə razıdır. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri çatdırılsa da, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. 04 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, o öz torpaq sahəsindən istifadə edir. Mütəxəssis gəlib torpağı ölçəndə də iştirak etmişdir. 21 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının 11 sot torpaq sahəsinə dair mülkiyyət sənədi var. Amma faktiki olaraq onun torpaq sahəsi az olmalıdır, iddiaçının həmin sənədi necə aldığını bilmir. O, 60 ildir orada yaşayır, hazırkı vəziyyət əvvəldən elə olub. O, köhnə çəpəri söküb yeni hasar tikmişdir və 2 sot artıq yer yaranmışdır. Həmin artıq yer də hasar çəkdiyi ərazidədir, iddiaçının torpaq sahəsi ilə qonşuluqda deyil. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9211 saylı rəyi ilə bağlı vəsatəti yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-033F saylı 30216028 kodlu şəhadətnamədən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, hüquqların dövlət qeydiyyatına alınması bağlı müraciət etdiyi, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-033 F nömrəli (KOD 30324028 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsinin konfiqurasiyası elektron məlumat bazasında olan xəritə üzərində faktiki istifadə vəziyyətindən fərqlidir. Bundan əlavə, sənəd üzrə torpaq sahəsinin 0.11 ha olmasına baxmayaraq, faktiki vəziyyətdə azalma mövcuddur və torpaq sahəsi yerində 0.07 ha ölçüdə öz əksini tapmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunur. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 140 manat rüsum ödənilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-033F saylı 30216028 kodlu şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Tel kəndi ərazisində yerləşən baloğlanova (Əsədova) Yeganə Əsəd qızının və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçının faktiki naturada istifadəsində 0.0677 ha torpaq sahəsi təşkil edir (sxem əlavə olunur). Torpağın mülkiyyətə verilməsinə dair JN-033F saylı 30216028 kodlu şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Tel kəndi ərazisində yerləşən Baloğlanova (Əsədova) Yeganə Əsəd qızının və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdehlər tərəfindən maneçilik törədilməsini müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Torpağın mülkiyyətə verilməsinədair JN-033F saylı 30216028 kodlu şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Tel kəndi ərazisində yerləşən Baloğlanova (Əsədova) Yeganə Əsəd qızının və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsinin 324 kv.metr hissəsini Cavabdeh3, 71 kv.metr hissəsini isə Cavabdeh1 (Cavabdeh2) tərəfindən istifadə olunur (Sxem tərtib olundu). Nə qədər və hansı hissələri istifadə olunması sxemdə əks olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-033F saylı 30216028 kodlu şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Tel kəndi ərazisində yerləşən Baloğlanova (Əsədova) Yeganə Əsəd qızının və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsinin 324 kv.metr hissəsini Cavabdeh3, 71 kv.metr hissəsini isə Cavabdeh1 (Cavabdeh2) tərəfindən istifadə olunur. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Torpağa mülkiyyət hüququna dair JN-033F saylı 30216028 kodlu dövlət aktına əsasən Xaçmaz rayonu Tel kəndi ərazisində yerləşən Baloğlanova (Əsədova) Yeganə Əsəd qızının və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsinin 324 kv.metr hissəsini Cavabdeh3, 71 kv.metr hissəsi isə Cavabdeh1 (Cavabdeh2) istifadəsindən alınaraq iddiaçı Baloğlanova (Əsədova) Yeganə Əsəd qızının istifadəsinə qaytarılsın. İddiaçı Baloğlanova (Əsədova) Yeganə Əsəd qızı tərəfindən iş üzrə ödənilmiş 140 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-21/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-21/2025
01.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver