Məhkəmə qərarları › İş №2(067)-69/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-69/2024

12.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Mənəvi zərərin ödənilməsi - Tor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-69/2024 12.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadə nəticəsində dəymiş maddi ziyanın və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus olan Xaçmaz rayonu Gödəkli kəndində yerləşən və cavabdeh tərəfindən qanunsuz istifadə nəticəsində 0,57 ha torpaq sahəsində əkilmiş gilas ağaclarından alınmış və otu yığmaqla əldə edilmiş gəlir olaraq ümumilikdə ona vurulmuş 154000 maddi ziyanın, həmçinin 5 il ərzində əsassız məhkəmə çəkişmələri ilə üzləşdiyi üçün şəkdiyi mənəvi ziyan olaraq 3000 manat pulun və ödənilmiş 447 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X3 ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə Xaymaz rayonunun Gödəkli kəndində 2.87 ha torpaq sahəsi ayrılmış və JN:158 nömrəli KOD 30204028 nömrəli dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 0.57 ha torpaq sahəsinə dair Cavabdeh saxta sənədlər əsasında JN-389 KOD 30204028 nömrəli Dövlət Aktı almışlar və oğlunun mülkiyyətində olan torpaq sahəsini saxta yollarla ələ keçirmişdir. Həmin şəxs torpaq sahəsini zəbt etmiş və qanunsuz istifadə edir. Cavabdeh 2006-cı ildən onlara məxsus torpaqdan qanunsuz istifadə etmişdir. Cavabdehin onun torpağından qanunsuz istifadəsi nəticəsində onlara maddi ziyan dəymişdir. Belə ki həmin bağ sahəsində gilas ağacları vardir. Cavabdeh həmin bağın ot sahəsini də 16 ildir istifadə edir. Cavabdeh son 2012-ci il - 2022-ci ildə onlara məxsus baq sahəsindən ildə 15000 manat olmaqla son 10 il müddətinə təxminən 150000 manata yaxın gilasdan gəlir götürmüşdür. Həmçinin həmin bağ sahəsindən ildə iki dəfə olmaqla hər il 100 ot presi biçməklə 10 ilə 1000 ot presi biçmiş, hər presin də qiyməti 4 manat olmaqla cəmi 4000 manat otdan da gəlir əldə etmişdir. Məhkəmə qətnaməsi olmasına baxmayaraq borclu şəxs daim ona maneələr yaratmış və torpaq sahəsinə girməyə qoymamışdır. Borclu şəxsin adında olan torpaq sahəsinə dair çıxarış ləğv olunmasına baxmayaraq, həmin şəxs ləğv olunmuş torpaq sahəsindən istifadə edir və ona məxsus olan torpaq sahəsini də zəbt edib məhkəmə qərarını saymır və hər dəfə də onu hədələyərək “mənim pulum var nə istəsəm edə bilərəm” deyir. Onun özbaşınalığı davam edir. Halbuki bütün məhkəmə instansiyalarında bu mübahisələrə 6 ildir ki baxılmış, lakin bu şəxs dövləti saymayaraq qərarı icra etmir. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən onlara məxsus bağ sahəsindən qanunsuz istifadə nəticəsində son on il ərzində dəymiş ziyan onlara ödənilməlidir. Həmçinin 2017-ci ildən indiyədək cavabdeh tərəfindən torpağın qaytarılmaması üçün lüzumsuz və əsassız vermiş iddialar və ərizələr nəticəsində onun yaşlı olaraq, məhkəmələrin yollarında keçirdiyi mənəvi əziyyətə görə çəkdiyi əzaba görə ona dəymiş mənəvi zərər ödənilməlidir. İş üzrə iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onlara məxsus olan Xaçmaz rayonu Gödəkli kəndində yerləşən və cavabdeh - Cavabdeh tərəfindən qanunsuz istifadə nəticəsində 0.57 ha torpaq sahəsində əkilmiş gilas ağaclarından alınmış 337.355 manat və otu yığmaqla 5820.10 qəpik əldə edilmiş gəlir olaraq, ümumilikdə ona vurulmuş 343 175.10 (üc yüz qirx üc min yüz yetmiş beş manat on qəpik ) manat maddi ziyanın, həmçinin 5 il ərzində əsassız məhkəmə çəkişmələri ilə üzləşdiyi ücün çəkdiyi mənəvi zərər olaraq 3000 manat, ümumilikdə 346 175.10 (üc yüz qirx alti min yüz yetmiş beş manat on qəpik) manat və ödənilmiş 636.20 manat dövlət rüsumununun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlar "xxxx" MMC-dən qiymətləndirmə rəyi almışlar və həmin rəydə onlara dəyən ziyanın məbləği qeyd olunmuşdur. Hakim Anar Sadıqov tərəfindən Xaçmaz rayon X7 Mərkəzinə də qərardad göndərilmişdir ki, rəy alınsın, həmin vaxt cavabdeh tərəf gedib onları aldatmış və iştirakları olmadan sənəd təqdim etmişdir ki, guya həmin yer onun arvadına məxsusdur və onlar da buna istinad edərək, məktubda qeyd etmişlər ki, mülkiyyət sənədi kimi Dövlət Aktı olsa da, torpağa mülkiyyət hüququnu təsdiq edən Çıxarış olmadığına görə, rəy verə bilməzlər. Amma onun məhkəməyə təqdim etdiyi rəy hüquqi sənəddir. Hələ 2018-ci illərdə torpaq mübahisəsi ilə bağlı işə baxılarkən məhkəmələrdə Daştəmirov X1 Rəşid Balasoltan oğlunun hüquqi varisi müəyyən olunmuş və sonradan da İcra şöbəsində də hüquqi varis kimi müəyyən olunmuşdur. Onlar cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldə edəcəkləri faydadan məhrum olmuşlar. Cavabdehin qanunsuz hərəkətləri inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərarla öz təsdiqini tapır. İkincisi icra məmuru tərəfindən cavabdehə göndərilən məktublarla öz təsdiqini tapır. İcra məmurunun cavabdeh barəsində tətbiq etdiyi məcburi gətirmə qərarı ilə öz təsdiqini tapıb. Torpağın təhvil verilməsi barədə aktla öz təsdiqini tapır. Bundan əlavə dəymiş ziyan da mütəxəssis rəyi ilə öz təsdiqini tapır. Cavabdehin əsassız məhkəmələrində 2017ci ildən bəri əziyyət çəkmişlər. Dövlət Aktından əlavə məhkəmə qərarı da var. 2,57 ha torpaq sahəsinin şimal tərəfindəki hissədən istifadə edilməsi ilə bağlı onlara ziyan vurulub, bu icra məmurunun aktı ilə öz təsdiqini tapmışdır. 2,30 ha torpaq sahəsinin hər yeri eynidir, gilas bağıdır. Qərarlarda, ekspertiza rəylərində koordinatlar müəyyən olunub, bu aktda da öz təsdiqini tapmışdır, həmin koordinatlara əsasən ağacların sayı sayılıb və qiymətləndirmə ona uyğun rəy vermişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının iddia etdiyi 0,57 ha torpaq sahəsinin alınmasına dair icra sənədinə əsasən iddiaçı tələbkar qismində tək deyil. İcra vərəqəsində tələbkar X4r. O, vəfat etdiyinə görə 5 nəfər hüquqi varisi icra sənədi üzrə tələbkar kimi tanınmışdır. Bununla bağlı İcra şöbəsinin qərarı var. Torpaq paylı mülkiyyətdədir, torpağa dair heç bir hüquq müəyyənedici sənəd yoxdur. Heç bir hüquq müəyyənedici sənəd olmadan həmin torpağın iddiaçıya məxsus olmasına dair heç bir sənəd təqdim olunmamışdır. Təqdim etdikləri MMC-nin rəyi də hüquq müəyyənedici sənəd sayıla bilməz. Çünki torpaq sahəsinin naturada bölgüsü aparılmamış, miras əmlakdan paylar müəyyən edilməmiş, hansı hissədən istifadə olunub, hansı hissədən nə qədər gəlir əldə olunub bilinmir, ümumiyyətlə ümumi anlayışlı bir rəydir. Həmin rəyin məhkəmə tərəfindən qəbul edilməsi düzgün deyil. Ümumiyyətlə iddia ərizəsi absurddur, çünki hüququ təsdiq edən heç bir sənəd yoxdur. İcra sənədini əlavə etmişlər ki, 0,57 ha torpaq sahəsi X3 alınıb verilmədir. O, da vəfat etdiyinə görə 5 nəfər hüquqi varisi var. İddiaçı tərəfin əlavə etdiyi digər sənədlər də hazırkı işin mahiyyətinə aid sənədlər deyil. İcra məmuru qanunsuz akt tərtib edib və həmin akt da hüquq müəyyənedici sənəd sayıla bilməz, onu da məhkəmə qaydasında mübahisələndirmişlər. 5 tələbkar ola-ola icra məmuru bir tələbkara torpağı təhvil verə bilməz. Bu özü qanunsuzluqdur. İcra məmuru məcburi gətirmə verib, gedib izahat vermişlər, onunla bağlı məhkəmə qərarı yoxdur. Ölkədən getmə hüququnun məhdudlaşdırılmasına dair təqdimat da məhkəmə tərəfindən təmin olunmayıb. İcra məmurunun qərarından şikayətləri məhkəmənin icraatındadır. Belə hesab edirlər ki, icra məmurunun qərarı qanunsuzdur. İddiaçı tərəf İnzibati Məhkəmənin qərarını təqdim edib. Həmin qərarda torpağın coğrafi koordinatları müəyyən olunmayıb. Coğrafi koordinatları müəyyən olunmayan yerin mülkiyyət sənədi ola bilməz. Bu özü onu sübut edir ki, həmin torpaq sahəsinin harada yerləşməsi ilə bağlı elektron bazada məlumat yoxdur. Torpağın harada yerləşməsi ilə bağlı məlumat olmadığından, həmin ziyanın hansı torpaq sahəsindən yaranması da qeyri müəyyəndir. İddiaçılar neçə illərdir ki, ondan 57 sot torpaq sahəsi istəyirlər. Onların istədiyi torpaq sahəsi onda yoxdur. Bunu təsdiq edən Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı da var, iddiaçı 1000 manat cərimə olunub, Ali Məhkəmə də həmin qərarı qüvvədə saxlayıb. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işə əlavə olunmuş sənədlərdən və işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı mülkiyyətində Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 0,57 ha gilas bağının olmasını təsdiq edən heç bir sənəd yoxdur. İş materiallarında olan Xaçmaz X7 Mərkəzinin 16 may 2023-cü il tarixli məktubundan da müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən sözügedən 0,57 ha torpaq sahəsinin iddiaçının mülkiyyət hüququna dair sənədi əsasında naturada sərhədləri müəyyən edildikdən sonra həmin sərhədlər daxilində bağa dəymiş maddi ziyan mütəxəssis tərəfindən müəyyən edilə bilər. Göründüyü kimi, İddiaçı Cavabdeh mülkiyyətində olan 0,57 ha torpaq sahəsindən qanunsuz istifadə etməsinə görə pul tələbi tamamilə əsassızdır, ona görə ki, iddiaçının həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən heç bir sənəd mövcud deyil. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadə nəticəsində dəymiş maddi ziyanın və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver