Məhkəmə qərarları › İş №2(072)-668/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №2(072)-668/2024

27.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(072)-668/2024 27.08.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddianın verilməsi qaydalarına düzgün əməl etmədən “qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məlumdur ki, həm İddiaçı, həm də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məcburi köçkün statusuna (ölkə daxilində köçürülmüş şəxs) malik olan Azərbaycan Respublikasının vətəndaşlarıdır və Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahələri ilə təmin edilmişlər. Yəni həm İddiaçı, həm də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşadıqları yaşayış sahələri dövlət mülkiyyətindədir. Belə olduğu təqdirdə, ilk əvvəl İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Biləsuvar rayonu, 11 saylı qəsəbə, ev 4 ünvanda yerləşən kanalizasiya xəttinin çəkilməsinə maneə yaratması barədə və bunun aradan qaldırılması üçün aidiyyəti üzrə Cəbrayıl Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsinə müraciət etməlidir. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən əraziyə baxış keçirilməli, ərazinin sanitariya-epidemioloji vəziyyəti təhlil edilməli, mütəxəssis rəyi tərtib edilməli, eləcə də iddia ərizəsində qeyd edilən halların aradan qaldırılması üçün tərəflər ilə maarifləndirici söhbətlər aparılmalı, bu kimi halların aradan qaldırılması üçün profilaktik və əməli tədbirlər görülməlidir. Lakin iddia ərizəsinə əlavə edilmiş 23 iyul 2024-cü il tarixli “əraziyə baxış aktı”nda bu hallar (ərazinin sanitariya-epidemioloji vəziyyətinin təhlili, mütəxəssis rəyinin tərtibi, eləcə də iddia ərizəsində qeyd edilən halların aradan qaldırılması üçün tərəflər ilə maarifləndirici söhbətlərin aparılması, bu kimi halların aradan qaldırılması üçün profilaktik və əməli tədbirlərin görülməsi kimi hallar...) müəyyən edilmir, sadəcə olaraq müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən əraziyə baxış keçirilmişdir. Bunun əsas məqsədi həm də vətəndaşın iddia etdiyi kimi pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsinin məhkəmədən kənar digər qaydada həyata keçirilməsi məqsədi daşıyır. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinini İ hissəsinə əsasən əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır. Həmin Qanunun 1-ci maddəsinin İİ-hissəsinə əsasən Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı aşağıdakıların vasitəsilə təmin olunur: əhalinin sağlamlığını möhkəmlətməyə, xəstəliklərin profilaktikasına, insanların yaşayış mühitini və həyat fəaliyyəti şəraitini sağlamlaşdırmağa dair dövlət, regional və yerli proqramların yerinə yetirilməsi; - dövlət orqanları və ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, təşkilatlar və idarələr, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən fəaliyyətlərinin tərkib hissəsi kimi sanitariya qaydalarına və normalarına, gigiyena normativlərinə əməl edilməsini; - əhali arasında sağlam həyat tərzinin, yüksək sanitariya mədəniyyətinin yaranmasına yönəldilmiş gigiyena təlim-tərbiyəsi işlərinin görülməsi; - əhalinin sağlamlıq vəziyyəti, gigiyena və epidemiologiya şəraiti, profilaktika, sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər barəsində əhaliyə geniş məlumat verilməsi; - dövlət və idarə sanitariya nəzarəti, dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində sanitariya nəzarəti, istehsalat nəzarəti və ictimai nəzarət sistemi. Həmin Qanunun 11-ci maddəsinin İ hissəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: - təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; - sanitariyaepidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; - dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli; - dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və sanitariya-epidemioloji xidmət müəssisələrinə sanitariyaepidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət orqanları-ictimai birliklər, müəssisələr, təşkilatlar və idarələr: - əhalinin sağlamlığını qorumaq və möhkəmləndirmək, ətraf mühitin insana mənfi təsirinin qarşısının alınmasına kömək etmək üçün mümkün olan bütün tədbirləri görməli; - Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən dövlət, xidmət, yaxud kommersiya sirri daşıyan hallar istisna olmaqla, bu Qanunun 6-cı maddəsinə müvafiq surətdə vətəndaşların tələbi ilə onlara tam və dəqiq məlumat verməli; - Həyata keçirilməsi əhalinin sağlamlığına və ya ətraf mühitə mənfi təsirlə bağlı olan qərarların hazırlanmasında, qəbul olunmasında və icrasına nəzarətdə vətəndaşların iştirakı üçün şərait yaratmalı; - sağlam həyat tərzini formalaşdırmaq üçün şəraiti təmin etməli, o cümlədən bədən tərbiyəsi-idman müəssisələrinin, sağlamlaşdırma komplekslərinin, sağlamlıq mərkəzlərinin, turist və idman bazalarının, sanatoriya-profilaktoriyaların və əhalinin istirahəti, sağlamlığının möhkəmləndirilməsi ilə məşğul olan digər müəssisələrin səmərəli işləməsindən ötrü müasir maddi-texniki baza yaratmalı; - sağlam həyat tərzini formalaşdırmaq məqsədilə əhali arasında gigiyena biliklərini təbliğ etməli, gigiyena təlim-tərbiyəsi işlərini yerinə yetirməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəlləni 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, o cümlədən, iddiaçıya qeyd edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı qərardadın əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar