Məhkəmə qərarları › İş №2(073)-258/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-258/2023

20.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-258/2023 20.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və cavabdehlərin evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və cavabdehin evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəmyə müraciət edərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə 5000 (beş min) manat kompensasiya verməklə onun (iddiaçının) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə həmin evdən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəsatət verərək, Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2527/2022 saylı qərardadı ilə Cavabdeh2 hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6 000 (altı min) manat kompensasiya verməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən onun (iddiaçının) mülkiyyətində olan Cəlilabad rayonu Göytəpə şəhəri Ş.İ.Xətai küçəsində yerləşən fərdi yaşayış evindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsinə və həmin evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 onun (iddiaçının) qardaşı, Cavabdeh2 isə qardaşı Cavabdeh1 arvadıdır. Aralarında olan razılaşmaya görə cavabdeh, yəni qardaşı Cavabdeh1 öz vəsaiti ilə inşa etdirdiyi və mülkiyyətində olan Cəlilabad rayonu Göytəpə şəhəri X5 küçəsində 0.0595 ha torpaq sahəsində yerləşən 90.6 kv.m-dən ibarət fərdi yaşayış evini 13 oktyabr 2020-ci il tarixli, 4Ə-634 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ona (iddiaçıya) bağışlamışdır. Bundan sonra həmin torpaq sahəsinə və fərdi yaşayış evində dair onun (iddiaçının) adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidməti tərəfindən 03 noyabr 2020-ci il tarixli (**********5 qeydiyyat nömrəli) çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi və fərdi yaşayış evi onun (iddiaçının) mülkiyyətindədir və həmin evdə cavabdehlər yaşayır. Fərdi yaşayış evin onun (iddiaçının) mülkiyyətinə keçdikdən sonra zərurət yarandığından cavabdehlərdən həmin evdən çıxmalarını və yaxud yaşayış sahəsinə ehtiyyacı olan qızının (iddiaçının) da həmin ünvana köçürülməsini tələb etmiş, lakin cavabdehlər bununla razılaşmamışdırlar. Bu səbəbdən cavabdehlərlə aralarında münaqişə yaranmışdır. Mübahisəli fərdi yaşayış evi qardaşı Cavabdeh1 tərəfindən inşa etdirilmişdir. Qardaşı İddiaçı uzun müddət həmin evdə yaşadığından və öz razılığı ilə arvadı Cavabdeh2 həmin ünvana köçürdüyündən hesab edir ki, cavabdehlərin həmin evdən istifadə hüquqları yaranmışdır. Hazırda cavabdehlərin onun (iddiaçının) mülkiyyətində olan fərdi yaşayış evində yaşamalarını istəmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu Göytəpə şəhəri Ş.İ.Xətai küçəsində 0.0595 ha torpaq sahəsində 1985-ci ildə öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmişdir. Həyat yoldaşı öldüyündən və uşaqları olmadığından 2019-cu ildə Cavabdeh2 ilə faktiki evlənmişlər və Cavabdeh2 həmin evə köçürmüşdür. Cavabdeh2 ilə nikahlarını xx.xx.2020-ci ildə rəsmiləşdirmişlər. Aralarında olan razılaşmaya görə mülkiyyətində olan Cəlilabad rayonu Göytəpə şəhəri X5 küçəsində 0.0595 ha torpaq sahəsində yerləşən 90.6 kv.m-dən ibarət fərdi yaşayış evini 13 oktyabr 2020-ci il tarixli, 4Ə-634 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamışdır. Bundan sonra həmin torpaq sahəsinə və fərdi yaşayış evində dair iddiaçının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidməti tərəfindən 03 noyabr 2020-ci il tarixli (**********5 qeydiyyat nömrəli) çıxarış verilmişdir. Həmin evi qardaşına bağışladıqdan sonra qardaşı İddiaçı və onun (iddiaçının) ailə üzvləri ilə aralarında narazılıqlar yaranmışdır. Bundan sonra qardaşı İddiaçı ondan və 2019-cu ildən mübahisəli ünvanda yaşayan arvadı Cavabdeh2 həmin evdən çıxmalarını tələb etməyə başlamışdır. Onun (cavabdehin) və arvadının yaşamağa başqa evi olmadığından həmin evdən çıxmaqdan imtina etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək, Cavabdeh1 izahatına uyğun izahat vermiş və iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-634 reyestr nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi İdarəsi tərəfindən verilmiş ********* qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Cəlilabad rayon Göytəpə şəhəri Ş.İ.Xətai küçəsində yerləşən 0.0595 ha torpaq sahəsini və ümumi sahəsi 90.6 kv.m olan fərdi yaşayış evini İddiaçı bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonu Göytəpə şəhəri Ş.İ.Xətai küçəsində 0.0595 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.6 kv.metrdən ibarət fərdi yaşayış evi İddiaçıun xüsusi mülkiyyətindədir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 xx.xx.2020-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cəlilabad rayonu Göytəpə şəhəri Ş.İ.Xətai küçəsi ilə O.Eynullayev küçəsi eynidir, fərdi yaşayış evinin nömrəsi Göytəpə şəhəri Ş.İ.Xətai küçəsi 1-dir(keçmiş O.Eynullayev küçəsi 206B). İşdə olan Cəlilabad rayon İHB Göytəpə şəhər İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cəfərov X2 rayonu Göytəpə şəhəri O.Eynullayev küçəsi 2 saylı ünvanda qeydiyyatdadır. İşdə olan Cəlilabad rayon İHB Göytəpə şəhər İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cəlilabad rayonunun Hamarqışlaq kənd sakini Mansurova X3 rayonunun Hamarqışlaq kəndində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Cəlilabad rayonu Göytəpə şəhərində yaşayır. İşdə olan Cəlilabad rayon Göytəpə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki bazar qiyməti 25 000 (iyirmi beş min) manat və həmin evin bir aylıq kirayə qiyməti 100 (Bir yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Cəfərov X2 rayonu Göytəpə şəhəri Ş.İ.Xətai küçəsində yerləşən 0.0595 torpaq sahəsində 90.6 kv.metrdən ibarət fərdi yaşayış evi inşa etdirmişdir. Həyat yoldaşı öldüyündən və uşaqları olmadığından Cavabdeh1 2019-cu ildə Cavabdeh2 ilə faktiki evlənərək, Cavabdeh2 həmin evə köçürmüş və nikahlarını xx.xx.2020-ci ildə rəsmiləşdirmişlər. Cavabdeh1 mülkiyyətində olan Cəlilabad rayonu Göytəpə şəhəri X5 küçəsində 0.0595 ha torpaq sahəsində yerləşən 90.6 kv.m-dən ibarət fərdi yaşayış evini 13 oktyabr 2020-ci il tarixli, 4Ə-634 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. Bundan sonra həmin torpaq sahəsinə və fərdi yaşayış evində dair iddiaçının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidməti tərəfindən 03 noyabr 2020-ci il tarixli (**********5 qeydiyyat nömrəli) çıxarış verilmişdir. Sonradan aralarından yaranmış narazılıqlara görə iddaçı cavabdehlərdən mülkiyyətində olan fərdi yaşayış evindən çıxmalarını tələb etmiş, lakin cavabdehlər bundan imtina etmişdirlər. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz” Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi 1985-ci ildə Cavabdeh1 tərəfindən inşa etdirilmiş, bundan sonra cavabdeh həmin fərdi yaşayış evində yaşamış, həmin əmlak onun adına DƏDRX-də mülkiyyət hüququ əsasında qeydiyyata alınmış, 2019-cu ildə Cavabdeh2 ilə faktiki evlənərək, onu həmin evə köçürmüş, həmin evdən istifadə hüquqları yaranmış və evdən istifadə hüquqları qalmaqdadır. Hazırda mübahisə predmeti olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir, eyni zamanda cavabdehlərin mənzil hüququ qanunla qorunur və bu hüquqa Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilməsi mümkündür. Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 mart 2006-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdehlərin ailə və maddi vəziyyətləri, təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan məhkəmə kompensasiya məbləğinin iddiaçının təklif etdiyi məbləğdə, yəni 6 000 (altı min) manat müəyyən olunmasını ədalətli hesab edir. Belə ki, Cəlilabad rayon Göytəpə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki bazar qiyməti 25 000 (iyirmi beş min) manat və həmin evin bir aylıq kirayə qiyməti 100 (Bir yüz) manat təşkil edir. Cavabdehlərin davamlı və müəyyən müddət daxilində oxşar şəraitli evdə yaşaması, təklif olunan 6 000 manat kompensasiya məbləği ilə 60 ay, yəni 5 il müddətində mümkün olacaqdır. Məhkəmə qeyd edir ki, göstərilən müddət cavabdehlərin hazırda yaşadıqları oxşar xüsusiyyətlərə uyğun evdə davamlı olaraq yaşaması üçün kifayət qədər uzun müddət hesab oluna bilər. Belə ki, mülkiyyətçinin evdən istifadə hüququna xitam verilən şəxsi daha uzun müddətə digər yerdə mənzillə təmin etməsi də, mütənasiblik prinsipi ilə ziddiyət yarada bilər. Çünki kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə mülkiyyətçi bu hüququn qorunması üçün cavabdehin mənzil hüququnun itirilməsinə görə maddi mənada ziyan ödəyir. Mülkiyyət hüququ daha üstün və qorunan təməl hüquq hesab edildiyinə görə, bu hüququn qorunması üçün mülkiyyətçini daha çox əmlak itkisinə məruz qoymaq məcburiyyətində buraxmaq da doğru yanaşma olmaz. Belə ki, işin hallarına əsasən iddiaçının da maddi və ailə vəziyyəti, daha çox kompensasiya ödəmək imkanında olub-olmaması kimi diqqətəlayiq hallar nəzərə alınmalıdır. Daha çox kompensasiya ödəmək maddi imkanına malik olmayan şəxsin mülkiyyət hüququnun qorunmaması, həmin hüququn əmlak üzərində formal olması ilə nəticələnə bilər, bu isə faktiki olaraq mülkiyyətdən məhrum etmək anlamına gəlir. Çünki tərəflər arasında gərgin münasibət vardır və həmin gərginliyə görə mülkiyyətçi İddiaçı evdən istifadə edə və faydalana bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 223.1.-ci maddəsinin tələbinə görə məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən allınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6 000 (altı min) manat kompensasiya ödənilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Cəlilabad rayonu Göytəpə şəhəri Ş.İ.Xətai küçəsində 0.0595 ha torpaq sahəsində yerləşən 90.6 kv.metrdən ibarət fərdi yaşayış evindən cavabdehlərin istifadə hüquqlarına xitam verilsin və onlar (cavabdehlər) həmin fərdi yaşayış evindən çıxarılsınlar. İddiaçı tərəfindən 6 000 (altı min) manat kompensasiyanın ödənilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evindən çıxarılmaları eyni vaxtda icra olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver