Məhkəmə qərarları › İş №2(074)-216/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-216/2021

01.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-216/2021 01.02.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə saxlanma xərcinin müəyyən edilməsinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment və əlavə saxlanma xərcinin müəyyən edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün uşağın atası Cavabdeh hər ay sabit məbləğdə 170 manat alimentin alınıb ona verilməsi, eyni zamanda birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 8 yaşınadək saxlanması üçün uşağın atası Cavabdeh əlavə xərc kimi hər ay 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahat verib bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş, lakin çox keçmədən ailə münasibətləri pozulmuş və belə həyat tərzində yaşaya bilmədiyinə görə öz valideynlərinin evinə getmişdir. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. O, cavabdehdən ayrılaraq birgə nikahdan doğulmuş uşaqla valideynlərinin yanında yaşadığı müddətdən bəri cavabdeh nə o, nə də uşaqla maraqlanmamış, onlara maddi yardım göstərməmişdir. Həmçinin birgə nikahdan doğulmuş uşaq körpə olduğu üçün heç bir yerdə işləyə bilməmişdir. Odur ki, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismın qəbul edərək izahat verib bildirdi ki, onlar iddiaçı ilə 31 iyul tarixindən etibarən ayrılmışlar. Eyni zaman onu da qeyd etdi ki, hal-hazırda 274 manat maaş alır. Odur ki, cavabdeh 60 manat aliment ödəməyə maddi imkanının olduğunu bildirərək, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ № 382834 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasındakı nikah xx.xx.2020-ci il tarixdə X9 xidmət mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 32 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Heybətov, arvada Heybətova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV № 451914 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, tərəflər xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər faktiki olaraq ayrılmış və birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında qalmışdır. Hazırda isə İddiaçı məhkəməyə aliment tələbi ilə müraciət edərək birgə nikahdan doğulmuş uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini əsas gətirmiş və uşağın saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin və eyni zamanda uşaq 8 yaşınadək Cavabdeh əlavə xərc kimi hər ay 50 manat pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə hər ay 60 manat aliment ödəməyə maddi imkanının olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün alimentin məbləği uşağın mənafeyi, maddi təminatı əsas götürülməklə hər ay 90 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə iddiaçının uşaq 8 yaşına çatanadək Cavabdeh hər ay 50 manat alimentin tutulması hissəsinə münasibətdə qanunvericiliyin tələbindən çıxış edərək hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 20 manat məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-in 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment və eyni zamanda xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 20 manat məbləğində aliment alınıb İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməli, qətnamə dərhal icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment və eyni zamanda xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 20 manat məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar