Məhkəmə qərarları › İş №2(074)-385/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-385/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-385/2021 16.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.03.2020-ci tarixli SMLMB-4078 saylı kredit müqaviləsi üzrə 428,57 manat əsas, 50,05 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 478,62 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun tutulması, tələbin cavabdehə məxsus olan girov qoyulmuş girov predmeti olan 750 əyarlı, 5.52 qram çəkisi olan üzüyə (3 qaşı yox), 585 əyarlı, 1.7 qram çəkisi olan 1 ədəd sırğaya, 585 əyarlı, 2 qram çəkisi olan 1 ədəd kişi üzüyünə (qırıq), 585 əyarlı, 7.8 qram çəkisi olan 2 ədəd üzüyə, 500 əyarlı, 2.7 qram çəkisi olan 1 ədəd üzüyə yönəldilməsi, bu əmlakların hərracda satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına Cavabdeh 11.03.2020-ci tarixli SMLMB- 4078 saylı kredit müqaviləsi üzrə 478,62 manat borcu və həmçinin dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış 11.03.2020-ci tarixli SMLMB-4078 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 29 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 800 manat məbləğində kredit verilmişdir. 11.03.2020-ci tarixli SMLMB-4078 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq o, öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 11.03.2020-ci tarixli SMLMB-4078 saylı kredit müqaviləsi üzrə banka 428,57 manat əsas, 50,05 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 478,62 manat borcu vardır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyası 11.03.2020-ci tarixli girov müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Kredit müqaviləsinin 4.6cı bəndinə əsasən, müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan girova ödəniş yönəldə bilər. Eyni zamanda həmin müqaviləyə əsasən müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyi tələb etmək hüququ vardır. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdeh bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11.03.2020-ci tarixli SMLMB-4078 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən illik 29 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 11.03.2020-ci tarixli SMLMB-4078 saylı saxlanc girovu müqaviləsindən görünür ki, Cavabdeh özünə məxsus dəyəri razılaşmaya və qiymətləndiricinin təyin etməsinə görə 1376,36 manat dəyərində olan əşyaları banka girov qoymuşdur. İş materiallarında 11.03.2020-ci tarixli SMLMB-4078 saylı saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, Cavabdeh özünə məxsus girov qoyulmuş, 750 əyarlı, 5.52 qram çəkisi olan üzüyü (3 qaşı yox), 585 əyarlı, 1.7 qram çəkisi olan 1 ədəd sırğanı, 585 əyarlı, 2 qram çəkisi olan 1 ədəd kişi üzüyünü (qırıq), 585 əyarlı, 7.8 qram çəkisi olan 2 ədəd üzüyü, 500 əyarlı, 2.7 qram çəkisi olan 1 ədəd üzüyü kreditin təminatı olaraq kassaya təhvil-təslimini həyata keçirmişdir. İş materiallarında olan 10.02.2021-ci il tarixli RB02/PK-1412 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 11.03.2020-ci tarixli SMLMB-4078 saylı kredit müqaviləsi üzrə banka 10.02.2021-ci il tarixə 428,57 manat əsas, 50,05 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 478,62 manat borcu vardır. İş materiallarında olan 14.12.2020-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 11.03.2020-ci tarixli SMLMB-4078 saylı kredit müqaviləsi üzrə banka olan kredit borcunu ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 11.02.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, müqavilə üzrə müəyyənləşdirilmiş ödənişlərin ödənilməsini ardıcıl olaraq gecikdirmişdir. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməyən hissəsini və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin tələbin girov qoyulmuş əşyaya yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-in 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Məhkəmə iddiaçının satışdan əldə olunan vəsaitin borcun ödənilməsi üçün yetərli olmazsa tələbin cavabdehin digər əmlakına yönəldilməsi hissəsinə münasibətdə hesab edir ki, tələb həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 428,57 manat əsas, 50,05 manat faiz olmaqla, cəmi 478,62 manat borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb Cavabdeh məxsus olan girov qoyulmuş 750 əyarlı, 5.52 qram çəkisi olan üzüyə (3 qaşı yox), 585 əyarlı, 1.7 qram çəkisi olan 1 ədəd sırğaya, 585 əyarlı, 2 qram çəkisi olan 1 ədəd kişi üzüyünə (qırıq), 585 əyarlı, 7.8 qram çəkisi olan 2 ədəd üzüyə, 500 əyarlı, 2.7 qram çəkisi olan 1 ədəd üzüyə yönəldilərək həmin əmlaklar açıq hərracda satılmalı və satışdan əldə olunacaq pul vəsaiti hesabına Cavabdeh cəmi 478,62 manat borcu və 20 manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 428,57 manat əsas, 50,05 manat faiz olmaqla, cəmi 478,62 manat borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh məxsus olan girov qoyulmuş 750 əyarlı, 5.52 qram çəkisi olan üzüyə (3 qaşı yox), 585 əyarlı, 1.7 qram çəkisi olan 1 ədəd sırğaya, 585 əyarlı, 2 qram çəkisi olan 1 ədəd kişi üzüyünə (qırıq), 585 əyarlı, 7.8 qram çəkisi olan 2 ədəd üzüyə, 500 əyarlı, 2.7 qram çəkisi olan 1 ədəd üzüyə yönəldilərək həmin əmlaklar açıq hərracda satılsın və satışdan əldə olunacaq pul vəsaiti hesabına Cavabdeh cəmi 478,62 manat borcu və 20 manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar