Məhkəmə qərarları › İş №2(074)-509/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-509/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-509/2021 08.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08 oktyabr 2016-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş qızı X7 13 sentyabr 2017-ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndində ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 08 oktyabr 2016-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş qızı X9 13 sentyabr 2017-ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndində yaşayan ana babası X1 evində vəfat etmişdir. Cəmi 11 ay 5 gün yaşamış qızı Leyla həmin kəndin qəbirstanlığında da dəfn edilmişdir. Başı problemlərə qarışdığı üçün qızına ölüm haqqında şəhadətnamə almamışdır. Şamaxı rayon Qeydiyyat Şöbəsinə gedərək qızı Leyla üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü ərizə ilə müraciət etmiş, ona Şamaxı rayon Qeydiyyat Şöbəsi tərəfindən imtina sənədi verilərək ölüm faktını təsdiq edən sənəd, yəni ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarının təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olduğu bildirilmişdir. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi iclasa gəlməmiş, maraqlı şəxs isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 08.06.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə ifadə verib bildirmişdir ki, Ərizəçi onun əmisi oğludur. Onun qızı 08 oktyabr 2016-cı il təvəllüdlü X9 üç il bundan əvvəl ölmüşdür. Uşaq xəstə olmuşdur. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə ifadə verib bildirmişdir ki, Ərizəçi xalasının nəvəsidir. Onun qızı 08 oktyabr 2016-cı il təvəllüdlü X9 uzun müddət çəkən xəstəlikdən sonra ölmüşdür. Məhkəmə iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ № 859761 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 08.10.2016-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X3r. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 18.03.2021-ci il tarixli № 05/Q-244/15 saylı məktunundan görünür ki, qeydiyyat şöbəsi tərəfindən Ərizəçi 13.09.2017-ci il tarixdə ölmüş övladı X7 ölümünün qeydə alınması ilə bağlı müraciətinə baxıldığı, ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədin təqdim edilməli olduğu və ya bu sənəd olmadıqda isə ölüm faktının məhkəmə qaydasında təsdiq ediməli olduğu bildirilmişdir. İş materiallarında olan Kürdəmir rayonu Çöhranlı Bələdiyyəsinin 19.03.2021-ci il tarixli 14 saylı arayışından görünür ki, Ərizəçi qızı X9 13.09.2017-ci il tarixdə Kürdəmir rayonu Çöhranlı kəndində ana babası X1 evində ölmüş və Çöhranlı kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, 08.10.2016-cı il təvəllüdlü X7 13.09.2017-ci il tarixdə Kürdəmir rayonu Çöhranlı kəndində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.10.2016-cı il təvəllüdlü X7 13.09.2017-ci il tarixdə Kürdəmir rayonu Çöhranlı kəndində ölməsi faktı müəyyən edilsin. X8 tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar