Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-635/2021 07.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyini maraqlı şəxs qismində cəlb etməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 06.12.1992-ci il tarixdən 18.12.1992-ci il tarixinə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsində məhkəmə qaydasında müəyyən edilən hüquqi faktların siyahısı verilmişdir. Qeyd olunan siyahıda şəxsin döyüş əməliyyatlarında iştirak etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən isə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan normalardan göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-307.2.10-1-ci maddələrində nəzərdə tutulmuş hüquqi əhəmiyyətli faktlardan başqa digər faktlar yalnız o zaman məhkəmə tərəfindən müəyyən edilə bilər ki, bu faktın müəyyən edilməsi üçün qanunvericilikdə başqa qayda nəzərdə tutulmamış olsun. Ərizəyə əlavə edilmiş Ərizəçi adına olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərtib etdiyi Xidmət Siyahısından görünür ki, “Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə iştirakı” qrafasında “Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak edib. Əsas: Az.Res.BQR-in sərəncamı. 06.12.1992, 18.12.1992” sözləri qeyd edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda bu faktın məhkəmə qaydasında müəyyən edilməsi yol verilməzdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 14-cü bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə izah edir ki, Ərizəçi müharibə veteranı adıının və vəsiqəsinin verilməsi üçün əvvəlcə müvafiq icra hakimiyyəti orqanına (və ya onun struktur bölməsinə) müraciət etməli, həmin orqan onun müraciətindən imtina etdikdə isə, onun hərəkət vəya hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-635/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-635/2021
07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver