Məhkəmə qərarları › İş №2(074)-856/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-856/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-856/2021 12.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4830,91 manat əsas, 1052,88 manat faiz, 6779,80 manat cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 665,31 manat faiz borcunun, cəmi 13328,90 manat pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən borcalana verilən kreditin kreditləşmə mənbəyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayırdığı vəsaitdir. 2.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən kredit borcalana 80 baş damazlıq qoyun almaq məqsədilə verilmişdir. İş materiallarında olan İnternet Vergi İdarəsi portalından araşdırmadan məlum olur ki, Cavabdeh ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 4 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan prosessual normalardan göründüyü kimi, ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz ona görə qanunverici tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə kommersiya mübahisəsi hesab olunur. Ona görə də hazırki işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 24, 26, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar