Məhkəmə qərarları › İş №2(075)-1918/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1918/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1918/2021 18.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 18.11.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 6444,93 manat məbləğində kredit borcu, 1797,90 manat məbləğində faiz borcu və 3162,99 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11405,82 manat məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin İddiaçı QSC-nin nümayəndəsi X1 14 oktyabr 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək işə iştirakları olmadan baxılaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh İddiaçı QSC ilə 18.11.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 20.04.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh, götürdüyü kredit borcundan 555,07 manat ödəniş etmiş və onun iddiaçıya 6444,93 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 24.08.2021-ci il tarixə 491 gün üçün hesablanmış faiz borcu 1797,90 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,2% məbləğində cərimə ödəməlidir. 24.08.2021-ci il tarixə 491 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 3162,99 manat təşkil edir. 4.1.2-ci bəndinə bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğinin, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, İddiaçı QSC ilə 18.11.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Tələbin cərimə hissəsində pna köməklik edilməsini istəyir. Qanuna müvafiq qənamə çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan 007A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 2% olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, 007A********** saylı kredit razılaşması üzrə Cavabdeh İddiaçı QSC-nə olan borcu 6444,93 manat əsas, 1797,90 manat faiz, 3162,99 manat cərimə olmaqla, cəmi 11405,82 manat təşkil edir. İşdə olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış 19.05.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh 29.05.2021-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmayacağı təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi bildirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki Cavabdeh İddiaçı QSC ilə 18.11.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq cavabdeh, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 007A********** saylı kredit müqaviləsi üzrə 3162,99 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 18.11.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi ləğv edilməli və Cavabdeh İddiaçı QSC-nin xeyrinə 6444,93 manat məbləğində kredit borcu, 1797,90 manat məbləğində faiz borcu və 300 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8542,83 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 18.11.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi ləğv edilsin, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 6444,93 manat məbləğində kredit borcu, 1797,90 manat məbləğində faiz borcu və 300 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar