Məhkəmə qərarları › İş №2(075)-219/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-219/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-219/2021 11.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 655.00 (altı yüz əlli beş) manat sığorta ödənişi məbləğinin, 1 400.00 (bir min dörd yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2 085,00 (iki min səksən beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı “xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddiasını belə əsaslandırmışdır ki, "xxxx” ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21214" markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21070" markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx“ ASC 655,00 (altı yüz əlli beş) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Mingəçevir ŞPŞ DYPB-dən ünvanlarına xx.xx.2019-cu il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən X3 İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Mingəçevir ŞPŞ DYPB-nin “xxxx” ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 158-33054-1219 arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21214" markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 655.00 altı yüz əlli beş) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2020-ci il tarixli, AS-SH TD-20/248 saylı geriyə tələb (subruqasiva) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği hu günədək Cəmiyyətə ödənilməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin, İddiaçı “xxxx” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru T.Ə.Fərzullayev xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdə məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, iş həcminin çox olması səbəbindən xx.xx.2021-ci il tarixdə saat 09:00-a təyin edilmiş iş üzrə məhkəmə hazırlıq iclasını, həmçinin növbəti məhkəmə iclaslarını cavabdehin iştirak etmədiyi halda qiyabi icraat qaydası da daxil olmaqla iştiraklarız olmadan keçirilməsini xahiş edir. İddianı tam həcmdə müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 19-10403/11/AA-8715/19 nömrəli sığorta aktından görünür ki, sığorta predmeti olan “VAZ 21214” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsiu nəticəsində “VAZ 21070” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 655 manat sığorta ödənişi verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli “Hesablama arayışından” görünür ki, “VAZ 21070” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 655 manat xərc çəkilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, geriyə tələb (subroqasiya) məktubunun təsdiq edilmiş surətindən görünür ki, «xxxx» ASC tərəfindən həyata keçirilən 655 manat sığorta ödənişinin, 500 manat işlərin görülməsi xərcinin, cəmi 1155 manat məbləğində pul vəsaitinin 10 gün ərizində «xxxx» ASC-yə ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında xx.xx.2019-cu il tarixli, TP ******* seriya nömrəli inzibati tənbeh vermı haqqında qərarın surətindən görünür ki, “VAZ 21214” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 332.1 və 327-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Cavabdeh Mingəçevir ŞPŞ-nə verdiyi xx.xx.2019-cu il tarixli izahatın surətindən görünür ki, o, nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olmadan dostu X1 məxsus “VAZ 21214” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürücülük vəsiqəsi olduğu halda idarə edərkən “VAZ 21070” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtomobildə tək olmuş və hadisə nəticəsində heç bir xəsarət alan olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi “xxxx” Sığorta Şirkətində sığortalanmış “VAZ 21214” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olmadan, “VAZ 21070” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə yolnəqliyyat hadisəsi baş vermişdir. Odur ki, iddia tələbi zərərin Cavabdeh tutulmasında əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi iddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 655.00 (altı yüz əlli beş) manat sığorta ödənişi məbləğinin, 1 400.00 (bir min dörd yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2 085,00 (iki min səksənbeş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı “xxxx" ASCnin xeyrinə ödənilməsi xahiş etsə də iddiaçı 1 400.00 (bir min dörd yüz) manat işlərin görülməsi xərci barədə mötəbər sübutunu işə əlavə etməmişdir. Lakin işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli “Hesablama arayışından” görünür ki, “VAZ 21070” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 655 manat xərc çəkilmişdir. Buna görə də məhkəmə hesab edir ki, “VAZ 21070” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 655 manat xərclənmişdir. İddiaçı belə şübhəli yanaşması onlar tərəfindən işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, geriyə tələb (subroqasiya) məktubunun təsdiq edilmiş surətindən də görünür. Belə ki, həmin məktubda «xxxx» ASC cavabdehdən 500 manat işlərin görülməsi xərcinin tələb edilməsi göstərmişdir. Buna görə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh 655.00 (altı yüz əlli beş) manat sığorta ödənişi məbləğinin, 655.00 (altı yüz əlli beş) manat işlərin görülməsi xərci həcmində pul vəsaiti «xxxx» ASC tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia qismən əsaslıdır və iddia həmin hissədə təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməli, 20 manatı isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 655.00 (altı yüz əlli beş) manat sığorta ödənişi məbləği, 655.00 (altı yüz əlli beş) manat işlərin görülməsi xərci, cəmi 1310,00 (min üç yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ‘'xxxx" ASC-nə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilsin, 20 manatı isə Cavabdeh alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi andan 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver