Məhkəmə qərarları › İş №2(075)-397/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-397/2021

25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-397/2021 25.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədlərində adı səhv qeyd olunduğundan həmin sənədlərdə olan torpaq sahələrinin paya münasibətdə ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 48 nömrəli qərarlarına əsasən Şəki rayonu Böyük Dəhnə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3413.62 kv.m həyətyanı və 178 kv.m pay torpaq sahələrinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon (şəhər) şöbəsi tərəfindən A-447140 və A-448350 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin payına münasibətdə ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 48 nömrəli qərarlarına əsasən ailələrinə 3413.62 kv.m həyətyanı və 178 kv.m pay torpaq sahələri ayrılmış, bununla bağlı A-447140 və A-448350 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Onlar həmin sənədləri iş üzrə maraqlı şəxs olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim edərək həmin akt üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınmasını xahiş etsələr də, həmin sənədlərlə adı adı “Günel” əvəzinə "Röyalə" kimi göstərildiyindən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X7 nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən Əfəndiyeva Sadəgül Valih qızı göstərdi ki, onlar ailədə dörd qardaş və iki bacı olmuşlar. Ərizəçi onun qardaşı qızıdır. Qardaşı Romanın iki qızı olmuşdur: Həyat və Günel. Onların anaları gənc yaşında vəfat etdiyindən Günelə o baxmışdır. Ərizəçinin atası Roman Məmmədov, anası isə Kəmalə Məmmədovadır. İşdə olan A seriya, 447140 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 48 nömrəli qərarına əsasən Şəki rayonu Böyük Dəhnə kənd sakinlərinə 3413.62 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan A seriya, 448350 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 48 nömrəli qərarına əsasən Şəki rayonu Böyük Dəhnə kənd sakinlərinə 178 kv.m pay torpaq sahəsi verilmişdir. İşdə olan AZ-T seriyalı, 148302 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1995-ci il təvəllüdlü Ərizəçi atası X4, anası isə X1r. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı X9 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, **********68 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdə yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 48 nömrəli qərarlarına əsasən Şəki rayonu Böyük Dəhnə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3413.62 kv.m həyətyanı və 178 kv.m pay torpaq sahələrinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon (şəhər) şöbəsi tərəfindən A-447140 və A-448350 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin Ərizəçi payına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumunu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 48 nömrəli qərarlarına əsasən Şəki rayonu Böyük Dəhnə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3413.62 kv.m həyətyanı və 178 kv.m pay torpaq sahələrinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon (şəhər) şöbəsi tərəfindən A-447140 və A-448350 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin Ərizəçi payına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar