Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-502/2021 05.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçılar Səlimova (Afsarova) Limon Nəzir qızı, Ramazanova (Afsarova) Vüsalə Telman qızı, Əliyeva (Afsarova) İlahə Telman qızı və Rzayeva (Afsarova) Türkanə Telman qızının iştirakları ilə İlk iddia üzrə iddiaçılar (bundan sonra iddiaçılar) Ramazanova (Afsarova) Vüsalə Telman qızı, İddiaçı1, Əliyeva (Afsarova) İlahə Telman qızı, Rzayeva (Afsarova) Türkanə Telman qızı və ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) Səlimova (Afsarova) Limon Nəzir qızının ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh1 və ilk iddia üzrə cavabdeh (bundan sonra cavabdeh) Cavabdeh2 qarşı «aktın qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) Səlimova (Afsarova) Limon Nəzir qızına qarşı «müqavilənin bağlanmasının etibarlı hesab edilməsi və borc» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Səlimova (Afsarova) Limon Nəzir qızı, Ramazanova (Afsarova) Vüsalə Telman qızı, İddiaçı1, Əliyeva (Afsarova) İlahə Telman qızı və Rzayeva (Afsarova) Türkanə Telman qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İnçə kənd bələdiyyəsinin xx xxxxxx 2013-cü il tarixli aktının qanunsuz hesab edilməsi, “Torpağa mülkiyyət hüququna dair” JN:187, kod 40415018 saylı Dövlət Aktına əsasən mülkiyyətlərində olan 0.99 ha pay torpaq sahəsindən Cavabdeh1 çıxarılması və Şəki rayonu İnçə kənd bələdiyyəsinin əvvəlki sədri Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılmaqla Baş Prokurora göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi xx xxxxxx 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Sonradan Cavabdeh1 iddiaçı Səlimova (Afsarova) Limon Nəzir qızına qarşı məhkəmənin dəftərxanası vasitəsi ilə qarşılıqlı iddia ərizəsi göndərərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-187, KOD- 40415018 nömrəli dövlət aktı üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli, 16 saylı qərarına əsasən cavabdehə Şəki rayonu İnçə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 2.23 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onunla cavabdeh Səlimova (Afsarova) Limon Telman qızı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması, bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmçinin cavabdeh Səlimova (Afsarova) Limon Telman qızına verdiyi 6000 manatın, 6000 manat pulun indeksasiyasının, 6000 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasa idi, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 6000 manatın, həmçinin həmin torpaq sahəsinin yaxşılaşdırması üçün çəkdiyi xərclərin əvəzi olaraq 5000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Səlimova (Afsarova) Limon Nəzir qızından alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər İddiaçı1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Odur ki, məhkəmə İddiaçı1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçılar Səlimova (Afsarova) Limon Nəzir qızı, Ramazanova (Afsarova) Vüsalə Telman qızı, İddiaçı1, Əliyeva (Afsarova) İlahə Telman qızı və Rzayeva (Afsarova) Türkanə Telman qızı iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, onlar Şəki rayonu İnçə kənd sakinləridirlər. Şəki rayonu Aqrar İslahatı Komissiyasının xx xxxxxx 1999-cu il tarixli, 16 nömrəli qərarı ilə 6 nəfər ailə üzvləri olmaqla, onlara Şəki rayonu İnçə kəndi ərazisindən 2.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpağa dair JN:187 (Kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Həmin torpaq sahəsindən kateqoriya üzrə davamlı istifadə etmişlər. Səlimova (Afsarova) Limon Nəzir qızı ailə başçısı X7 ilə rəsmi nikaha girərək ailə qurmuşlar. Həmin nikahdan Ramazanova (Afsarova) Vüsalə Telman qızı, İddiaçı1, Əliyeva (Afsarova) İlahə Telman qızı və Rzayeva (Afsarova) Türkanə Telman qızı adlı övladları anadan olmuşdur. Səlimova (Afsarova) Limon Nəzir qızı ilə X7 ilə arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. 28 ildən artıqdır ki, X1 Federasiyasında yaşayır. Səlimova (Afsarova) Limon Nəzir qızı həmin torpaq sahəsinin 1 ha hissəsini İnçə kənd sakini Cavabdeh1 2 il müddətinə icarəyə vermişdir. Həmin vaxt İnçə kənd bələdiyyəsinin sədri olmuş Cavabdeh2 Səlimova (Afsarova) Limon Nəzir qızını aldadaraq xx xxxxxx 2013-cü il tarixli akt əsasında guya hazırkı iş üzrə Cavabdeh1 bağışlamışdır. Bütün bunların başında İnçə kənd bələdiyyəsinin sədri olmuş Cavabdeh2 durur. Cavabdeh2 İddiaçı2 latın əlifbasını bilmədiyindən istifadə edərək həmin akta imza etdirmişdir. Halbuki, İnçə bələdiyyəsinin belə bir akt tərtib etmək ixtiyarı yox idi. Həmin əməliyyata səlahiyyətli orqan yalnız notariat ofisidir. Bu səbəbdən həmin akt qanunsuzdur. Odur ki, Aqrar İslahat Komissiyasının qərarı ilə onlara verilmiş torpaq sahəsindən Cavabdeh1 çıxmalı və əvvəllər İnçə kənd bələdiyyəsinin sədri işləmiş Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılmaqla baş prokurora göndərilməlidir. Bundan başqa İnçə bələdiyyəsinin xx xxxxxx 2017-ci il tarixli arayışında onlara məxsus pay torpaq sahəsinin guya 10 ildir ki, icarədə olduğu göstərilir. Göründüyü kimi İnçə bələdiyyəsi qanunsuz olaraq onlara məxsus torpaq sahəsindən istədiyi kimi istifadə və sərəncam vermək səlahiyyətini özündə görür, torpağa gah icarədədir, gah da bağışlanılır adı ilə saxta arayış və sənədlər verir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçı Səlimova (Afsarova) Limon Nəzir qızı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, torpaq sahəsində ailə başçısı kimi qeyd edilən X7 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Onunla əlaqələri, hazırda harada olması ilə bağlı hər hansı məlumatları yoxdur. Özü latın əlifbası ilə oxuyub yaza bilmir. 2013-cü ildə qızını ərə verərkən banka borcu olduğundan torpağı 2 il müddətinə, hər il üçün 500 manat olmaqla həmkəndlisi Cavabdeh1 icarəyə vermişdir. Rəsmiləşdirmə aparılarkən həmin vaxt bələdiyyə sədri olmuş Cavabdeh2 müxtəlif sənədlərə imza atdırmışdır. Sənədlərin mahiyyətini soruşduqda icarə ilə bağlı sənədlər olduğunu demişdir. Torpağı icarəyə verərkən Cavabdeh1 razılaşdıqları 1000 manat pulu vermiş, həmin pulun 100 manatını Cavabdeh2 vasitəçilik haqqı kimi özünə götürmüş, ona 900 manat pul çatmışdır. Həmin pulla da banka olan borcunu bağlamışdır. Torpaq 7 ildən çoxdur ki, Cavabdeh1 istifadəsindədir. Hazırda kredit götürərək mal-qara almışdır. Ailə üzvlərinin torpağı ola-ola, həmin torpaqda yonca əkmək imkanı varkən pulla yem alır. Cavabdeh1 isə vədinə əməl etməyərək torpaqdan çıxmır. Qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək qeyd etdi ki, o, cavabdehdən torpağın iki illik icarəsi üçün 1000 manat (100 manatı Cavabdeh2 çatmışdır) pul almışdır. Həmin puldan əlavə cavabdeh ona hər hansı məbləğdə pul verməmişdir. Əksinə, cavabdeh həmin torpaqda olan, onlara məxsus çoxlu qoz və gilas ağaclarını qanunsuz olaraq çıxarmış-kəsmiş, yerinə yonca əkmişdir. O, keçən müddət ərzində ona dəymiş ziyanı da tələb edə bilərdi. Lakin o, sadəcə halal yolla ona və övladlarına məxsus olan torpağı tələb edir. Bu vaxta kimi də cavabdehdən torpağını istəməməsinin səbəbi mal-qarasının olmamasıdır. Cavabdeh mübahisəli torpağa hər hansı yaxşılaşdırma xərci çəkməmiş, əksinə orada mövcud olan yaşıllığı məhv etmişdir. Cavabdeh əgər sahəyə peyin səpmişsə, onları da kürüyüb aparsın, yoncaları çıxarsın və kanalları da doldursun. Həmçinin, qeyd etdi ki, bir neçə müddət əvvəl Cavabdeh2 onlara müraciət edərək torpağı Cavabdeh1 satılması üçün razılığa gəlməyi təklif etmişdir. Onların torpağı satmaq fikri yoxdur. Həmin torpağı övladları arasında böləcəkdir. Bundan başqa torpaq ümumi birgə mülkiyyətdə olduğundan digər mülkiyyətçilərin imzaları olmadan torpağın bağışlanması da mümkün deyildir. Bütün bunlar xx xxxxxx 2013-cü il tarixli aktın qanunsuzluğunu bir daha sübut edir. Məhkəmədən qeyd etdiklərini nəzərə alaraq ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar Ramazanova (Afsarova) Vüsalə Telman qızı, Əliyeva (Afsarova) İlahə Telman qızı və Rzayeva (Afsarova) X3 (Afsarova) Limon Nəzir qızının verdiyi izahatla eyni məzmunlu izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh1 xx xxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə (vəsatət) göndərərək, məhkəmə iclaslarında iştirak edə bilmədiyi halda məhkəmə iclaslarının onun və ya nümayəndəsi (vəkilinin) iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli, 16 saylı qərarına əsasən Səlimova (Afsarova) Limon Telman qızı və onun ailə üzvlərinə birlikdə Şəki rayonu İnçə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2.23 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən JN-187, kod-40415018 nömrəli dövlət aktı verilmişdir. Səlimova (Afsarova) Limon Telman qızı ailə üzvlərinin razılığı ilə həmin torpaq sahəsini ona 6000 manata satmışdır. Həmin vaxtdan qeyd edilən torpaq sahəsi onun istifadəsindədir. O, artıq həmin torpaq sahəsində bir çox yaxşılaşdırma işləri aparmışdır. Həmçinin, həmin torpaq sahəsi ilə bağlı Səlimova (Afsarova) Limon Telman qızına 6000 manatı da tam şəkildə ödəmişdir. Qeyd edilən torpaq sahəsinin ona satılması ilə bağlı cavabdeh Səlimova (Afsarova) Limon Telman qızı və ailə üzvləri gələcəkdə heç bir narazılıqlarının olmayacaqlarını bildirmişlər. Lakin həmin vaxt aralarında notarial şəkildə müqavilə bağlanmamışdır. Hazırda isə həmin torpaq sahəsini adına sənədləşdirə bilmir. Hesab edir ki, qeyd edilən torpaq sahəsinin ona satılması ilə bağlı onunla cavabdeh arasında bağlanmış alqı-satqı əqdi etibarlı sayılmalı və bununla bağlı aralarındakı alqı-satqı əqdi bağlanmış hesab edilməlidir. Lakin buna baxmayaraq, cavabdeh Səlimova (Afsarova) Limon Telman qızı hazırda məhkəmədə həmin torpaq sahəsindən onun çıxarılması barədə əsassız iddia qaldırmışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən və işin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından müəyyən olunacaqdır ki, aralarında razılaşma olarkən tərəfindən 6000 manat məbləğində pul cavabdehlərin mülkiyyətlərindəki Şəki rayonu İnçə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2.23 hektar torpaq sahəsinin cəmi dəyəri kimi verilmiş, aralarında bağlanmış müqavilə həqiqətən də etibarlı olmuşdur. Torpaq sahəsini aldığı vaxtdan bugünədək həmin torpaq sahəsi onun istifadəsindədir. Sözügedən torpaq sahəsi ilə bağlı torpaq vergisini özü ödəyir. Bundan başqa mübahisəli torpaq sahəsində yaxşılaşdırma işləri aparmış və bu yaxşılaşdırma işlərinə 5000 manat xərc çəkmişdir. Yaxşılaşdırma işləri kimi həmin torpaq sahəsini kolkosdan təmizləmiş, həmin torpaq sahəsinin ortasından çıxaraq torpaq sahəsini yararsız hala salan qrunt sularının axmasının qarşısını almış, torpaq sahəsinin kənarlarına kanal qazdırmış, torpaq sahəsinə 1 kilometr məsafədən su çəkdirmiş, torpaq sahəsinin tam yararlı vəziyyətə gətirilməsi üçün torpaq sahəsindən 50 maşın daş yığdırıb tullatmış və torpaq sahəsinə kənardan gətirərək 45 maşın peyin tökmüşdür. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, iddiaçıların izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia tələbi qismən əsaslıdır. Qarşılıqlı iddia tələbi isə əsaslı deyildir. İşdə olan JN:187 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli, 16 nömrəli qərarına əsasən Şəki rayonu İnçə kənd sakinləri X7, X8, X4, İddiaçı1, X5 və X2 2.23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxx 2013-cü il tarixdə İnçə bələdiyyəsində bağlanmış aktdan görünür ki, Səlimova X12 bələdiyyəsi ərazisində, dəmir yolunun üst hissəsində olan 0.99 ha pay torpaq sahəsini İnçə kənd sakini Cavabdeh1 bağışlayır. Aktın doğruluğunu Cavabdeh2, İddiaçı2 və Cavabdeh1 təsdiq edir. İşdə olan xx xxxxxx 2017-ci il tarixli, 1 nömrəli arayışdan görünür ki, İddiaçı2 Telman qızına məxsus torpaq sahəsi 10 ildir ki, icarədədir. Əslinə baxmaqla tədqiq edilərək iş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X8 arasındakı nikah xx xxxxx 2004-cü il tarixdə pozulmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə ilk iddiaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk iddia üzrə məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Şəki rayonu İnçə kəndində yerləşən 2.23 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Şəki rayonu İnçə kənd sakinləri X7, Səlimova (Afsarova) Limon Nəzir qızı, Ramazanova (Afsarova) Vüsalə Telman qızı, Əliyeva (Afsarova) İlahə Telman qızı, İddiaçı1 və Rzayeva (Afsarova) Türkanə Telman qızına məxsusdur. Torpaq sahəsinin 0.99 ha hissəsi 2013-cü ildə 2 il müddətinə Cavabdeh1 icarəyə verilmişdir. Lakin cavabdeh həmin vaxtdan bugünədək torpaq sahəsindən çıxmamışdır. İddiaçılar həmin torpaq sahəsindən cavabdehin çıxarılması, həmçinin Səlimova (Afsarova) Limon Nəzir qızı ilə Cavabdeh1 arasında bağlanmış aktın qanunsuz hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Digər cavabdeh isə məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunur ki, JN:187 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçılara məxsus kənd təsərrüfatlı torpaq sahəsinin 0.99 ha hissəsi Cavabdeh1 tərəfindən qanunsuz olaraq istifadə olunur. Torpaq sahəsi iddiaçıların mülkiyyətində olmasına baxmayaraq cavabdehin istifadəsinə iddiaçılar tərəfindən verilməmişdir. Cavabdeh1 həmin torpaq sahəsinin iddiaçılar tərəfindən onlara satıldığını bildirsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bir sözlə, cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən heç bir müqavilə əsası olmadan, yəni özbaşına istifadə etməkdədir. Bu kimi istifadə qanunvericiliklə qadağan edildiyindən həmin torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindən azad edilməlidir. İlk iddia tələbinin «İnçə kənd bələdiyyəsinin xx xxxxxx 2013-cü il tarixli aktının qanunsuz hesab edilməsi» hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli qərardadı nəzərə alınmalıdır. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qarşılıqlı iddia üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lətifov X6 Limon Telman qızı ilə aralarındakı hüquq münasibətinin alqı-satqı müqaviləsi olmaqla 2013-cü ildə, cavabdeh tərəf isə icarə müqaviləsi olmaqla 2013-cü ildə iki il müddətinə yarandığını iddia edir. Hazırkı iş üzrə sübutetmə yükünün iddiaçı tərəfin üzərinə düşür. Lakin bu halların baş verməsi Cavabdeh1 tərəfindən sübut edilməmiş və şahid ifadələri ilə təsdiqlənməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsinin 6000 manat məbləğində satın alındığını iddia etsə də, cavabdeh tərəf 1000 manat müqabilində torpaq sahəsini icarəyə verdiyini, pulun əslində alqı-satqı müqaviləsinin deyil, icarə müqaviləsinin predmeti kimi çıxış etdiyini, torpağı 2 il ərzində icarəyə versə də, 7 ildən çoxdur ki, Nofel Lətifovun torpaqdan istifadə etdiyini qeyd bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 336.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Cavabdeh1 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-187, KOD-40415018 nömrəli dövlət aktı üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli, 16 saylı qərarına əsasən cavabdehə Şəki rayonu İnçə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 2.23 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onunla cavabdeh Səlimova (Afsarova) Limon Telman qızı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması və bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, əqdin notarial qaydada yazılı formasına riayət edilməmişdir. Həmçinin, torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan onunla bağlı hər hansı sərəncam verildikdə bütün mülkiyyətçilərin yazılı razılığı tələb olunur. Məhkəməyə təqdim edilmiş sənəd isə mülkiyyətçilərdən birinin, torpağı “satın aldığı” iddia edilən şəxsin və keçmiş bələdiyyə sədrinin iştirakı ilə imzalanmış aktdır, nəinki notarial formada alqı-satqı müqaviləsi. Həmçinin, Cavabdeh1 mübahisəli torpaq sahəsini satın aldığını bildirsə də, aktda hərəkətlər bağışlama kimi qeyd edilmişdir. Bütün bu şərh edilənlərə qiymət verərək məhkəmə hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-187, KOD- 40415018 nömrəli dövlət aktı üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli, 16 saylı qərarına əsasən Şəki rayonu İnçə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 2.23 hektar torpaq sahəsinin Cavabdeh1 satılması ilə bağlı onunla Səlimova (Afsarova) Limon Telman qızı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsi etibarlı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Lətifov X6 (Afsarova) Limon Telman qızına verdiyi 6000 manatın, 6000 manat pulun indeksasiyasının, 6000 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasa idi, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 6000 manatın, həmçinin həmin torpaq sahəsinin yaxşılaşdırması üçün çəkdiyi xərclərin əvəzi olaraq 5000 manatın Səlimova (Afsarova) Limon Nəzir qızından alınaraq ona verilməsini xahiş etsə də, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını sübut etmək isə cavabdeh tərəfin üzərinə düşür. İddiaçı cavabdehə həmin məbləğdə pul verdiyini, həmçinin ona maddi zərər vurulduğunu sübut etməlidir. İddiaçı tərəfindən isə cavabdehə göstərilən miqdarında pul verildiyini, ona maddi ziyan (zərər) vurulmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, pul və maddi ziyanın ödənilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, İddiaçı2 da məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, əgər Cavabdeh1 mübahisəli torpaq sahəsinə peyin səpibsə, bunu öz maraqları üçün, yəni əkdiyi yoncanın yaxşı bitməsi üçün edib. Onun sonuncuya belə bir xahişi və ya göstərişi olmayıb. Yaxud yoncadan əldə etdiyi qazancdan ona heç nə verməyib. Bundan başqa mübahisəli torpaq sahəsinə kanal qazdırıbsa, bu da öz maraqları üçündür. Ondan heç bir məbləğdə pul tələb edə bilməz. Ona görə ki, 2 illik icarə haqqı ödədiyi torpaq sahəsindən 7 ildir ki, heç bir məbləğ ödəmədən istifadə edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh1 JN:187 (Kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçıların ümumi birgə mülkiyyətlərində olan, Şəki rayonu İnçə kəndində yerləşən 2.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.99 ha hissəsindən çıxarılmalıdır. İddia tələbinin «İnçə kənd bələdiyyəsinin xx xxxxxx 2013-cü il tarixli aktının qanunsuz hesab edilməsi» hissəsinə xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli qərardadı nəzərə alınmalı, əsassız olduğundan ilk iddia tələbi qalan hissədə təmin edilməməlidir. Tələb etməmələri nəzərə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Cavabdeh1 «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-187, KOD-40415018 nömrəli dövlət aktı üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli, 16 saylı qərarına əsasən cavabdehə Şəki rayonu İnçə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 2.23 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onunla cavabdeh Səlimova (Afsarova) Limon Telman qızı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması, bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmçinin cavabdeh Səlimova (Afsarova) Limon Telman qızına verdiyi 6000 manatın, 6000 manat pulun indeksasiyasının, 6000 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasa idi, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 6000 manatın, həmçinin həmin torpaq sahəsinin yaxşılaşdırması üçün çəkdiyi xərclərin əvəzi olaraq 5000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Səlimova (Afsarova) Limon Nəzir qızından alınaraq ona verilməsi» tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlk iddia qismən təmin edilsin. Cavabdeh1 JN:187 (Kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçıların ümumi birgə mülkiyyətlərində olan, Şəki rayonu İnçə kəndində yerləşən 2.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.99 ha hissəsindən çıxarılsın. İddia tələbinin «İnçə kənd bələdiyyəsinin xx xxxxxx 2013-cü il tarixli aktının qanunsuz hesab edilməsi» hissəsinə xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli qərardadı nəzərə alınsın. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-187, KOD-40415018 nömrəli dövlət aktı üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli, 16 saylı qərarına əsasən cavabdehə Şəki rayonu İnçə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 2.23 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onunla cavabdeh Səlimova (Afsarova) Limon Telman qızı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması, bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmçinin cavabdeh Səlimova (Afsarova) Limon Telman qızına verdiyi 6000 manatın, 6000 manat pulun indeksasiyasının, 6000 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasa idi, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 6000 manatın, həmçinin həmin torpaq sahəsinin yaxşılaşdırması üçün çəkdiyi xərclərin əvəzi olaraq 5000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Səlimova (Afsarova) Limon Nəzir qızından alınaraq ona verilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-502/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-502/2021
05.04.2021 · Sair mülki iş - Digər - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver