Məhkəmə qərarları › İş №2(075)-598/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-598/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-598/2021 29.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli, 2 (075)-66/2014 nömrəli qətnaməsi ilə 06 may 2010-cu il tarixdə anadan olmuş X7 və 12 iyun 2011-ci il tarixdə anadan olmuş X1 üçün təyin edilmiş aliment məbləğini artıraraq hər ay hər uşaq üçün 175 manat olmaqla sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, Cavabdeh ilə 06 may 2009-cu il tarixdə Şəki şəhər İHB-nın Baş Zəyzid kəndi üzrə nümayəndəliyində nikah bağlamaqla ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların 06 may 2010-cu il tarixdə Nərmin və 12 iyun 2011-ci il tarixdə Dərya adlı uşaqları anadan olmuşdur. Münasibətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Aralarında bağlanmış nikah pozularkən azyaşlı uşaqları onun yanında saxlanılmış, həmçinin həmin uşaqların saxlanılması üçün hər ay hər bir uşaq üçün 60 manat məbləğində aliment müəyyən edilmişdir. Lakin bu günkü bazar qiymətlərinə görə həmin məbləğ çox azdır və o, maddi cəhətdən çox çətinlik çəkir. Belə ki, Cavabdeh işləməklə gündəlik qazancı yaxşıdır. Cavabdeh kifayət qədər qazanc əldə etməsinə baxmayaraq qazancından uşağın saxlanılması üçün ona ayda hər uşaq üçün 60 manat məbləğində aliment ödəyir. Həmin məbləğlə uşaqıarının palpaltarının, təhsilinin, sağlamlığının və maddi təminatının qeydinə qalmaq heç cür mümkün deyildir. Uşaqların səhhətləri ilə əlaqədar mütəmadi olaraq dərman xərcləri artır. Uşaqlar böyüdükcə tələbatları artır. O, isə təkbaşına himayəsində olan uşaqlarının tələbatlarını ödəyə bilmir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin aylıq qazancının dəqiq məbləği barədə məlumatı yoxdur. Lakin, cavabdeh təyin edilmiş aliment məbləğini gecikmələrlə ödəyir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı Cavabdeh ilə 06 may 2009-cu il tarixdə Şəki şəhər İHB-nın Baş Zəyzid kəndi üzrə nümayəndəliyində nikah bağlamaqla ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların 06 may 2010-cu il tarixdə Nərmin və 12 iyun 2011-ci il tarixdə Dərya adlı uşaqları anadan olmuşdur. Münasibətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah 24 yanvar 2014-cü il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Tərəflər arasında bağlanmış nikah pozularkən azyaşlı uşaqlar İddiaçı yanında saxlanılmış və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 60 manat məbləğində alimentin alınıb ona verilməsi qərara alınmışdır. İddiaçı müəyyən edilmiş 60 manat aliment məbləği ilə uşaqlarının tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya qarşı hər hansı bir münasibət bildirməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 14 may 2014-cü il tarixli, 2 (107)-494/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən “X6 ilə Cavabdeh arasında 06 may 2009-cu il tarixdə Şəki şəhər İHB-nın Baş Zəyzid kəndi üzrə nümayəndəliyində bağlanmış 25 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-06 may 2010-cu il tarixdə anadan olmuş X7 və 12 iyun 2011-ci il tarixdə anadan olmuş X8 anaları X2 himayəsində saxlanılması, Cavabdeh hər ay hər uşaq üçün 60 (altmış ) manat olmaqla sabit pul məbləğində cəmi 120 manat aliment alınaraq 06 may 2010-cu il tarixdə anadan olmuş X4 və 12 iyun 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X3 verilməsi, alimentin tutulmasının əvvəlinin 12 mart 2013-cü il tarixdən hesablanmasə, 20 (iyirmi) manat dövlət rüsumunun X2 özünə aid ediməsi və Cavabdeh 30 (otuz) manat rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi barədə Şəki Rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli qətnaməsi dəyişdirilmiş, alimentin tutulmasının əvvəlinin iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 16 sentyabr 2013-cü il tarixdən hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, əvvəlki illərə münasibətdə 2021-cu il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün artmasını, İddiaçı Şəki Rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli, 2 (075)-66/2014 nömrəli qətnaməsinin Şəki Apellyasiya Məhkəməsinin 14 may 2014-cü il tarixli, 2 (107)-494/2014 nömrəli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmış hissəsi üzrə müəyyən edilmiş aliment məbləği ilə uşaqlarının saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 06 may 2010-cu il tarixdə anadan olmuş X7 və 12 iyun 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 06 may 2010-cu il tarixdə anadan olmuş X7 və 12 iyun 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 06 may 2010-cu il tarixdə anadan olmuş X7 və 12 iyun 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat aliment tutularaq İddiaçı ödənilsin. Aliment tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-598/2021 29 mart 2021-ci il İddiaçı: İddiaçı (Şəki rayonu, Qırxbulaq kəndi) (Mingəçevir şəhəri, M.F.Axundov küçəsi ev 1/27) Cavabdeh: Cavabdeh, (Şəki rayonu, Baş Zəyzid kəndi) Şəki Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2 (075)-598/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 04 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-598/2021 29 mart 2021-ci il Cavabdeh: Cavabdeh, (Şəki rayonu, Baş Zəyzid kəndi) Şəki Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2 (075)-598/2021 saylı qətnaməsindən çıxarış məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar