Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-773/2021 27.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən 16 yanvar 2021-ci il tarixli, 202922 nömrəli akt əsasında əsassız hesablanmış 560.42 manat məbləğində borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən təqdim olunan bildirişlər üzrə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtıvaxtında poçt şöbəsinə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. Ödənişlərlə bağlı onda heç vaxt problem olmamışdır. Sonuncu dəfə bildirişi alanda ona məlum olmuşdur ki, 560.42 manat borcu vardır. Bildirişi aldıqdan sonra cavabdeh təşkilata müraciət etdikdə ona məlum olmuşdur ki, barəsində akt tərtib edilmişdir. Akt tərtib edilən zaman onun həmin aktdan ümumiyyətlə xəbəri olmamışdır. Aktın surətini cavabdeh təşkilata müraciət etdikdən sonra almışdır. Hesab edir ki, əsassız olaraq cərimə olunmuşdur. Cavabdeh təşkilat həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Aşağı Göynük kəndində yerləşən fərdi yaşayış evi “xxxx” ASC-nin enerji satış bazasında İddiaçı adına **********00275 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 16 yanvar 2021-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları T.Əzizov, V.Cəlilov və X.Abdullayev tərəfindən Şəki rayonu Aşağı Göynük kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının sxemdən keçən elektrik yükünü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 16 yanvar 2021-ci il tarixli, R 202922 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən 02 mart 2021-ci il tarixdə Şəki EŞ-nin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə qüsur aşkar olunmuş sayğac yeni elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Tərtib olunmuş protokolda 05 mart 2021-ci il tarixdə sayğaca labaratoriyada baxılacağı barədə qeydiyyat aparılmış və protokolun bir nüsxəsi İddiaçı təqdim edilmiş, lakin iddiaçı labaratoriyada iştirak etməmişdir. Laboratoriyanın 11 mart 2021-ci il tarixli, 203391 saylı protokolu ilə elektrik sayğacının üst “A” ştamp möhüründə, qurğuşun möhüründə müdaxilə izlərinin olduğu və fiziki təsir nəticəsində kassa mexanizmini gövdəyə birləşdirən aşağı hissədən qopduğu barədə rəy verilmişdir. 16 yanvar 2021-ci il tarixli, R202922 saylı akta əsasən “xxxx” ASC Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 15 mart 2021-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 326 gün üçün 0.07 manatla 2574 kvt.s (dəyəri 180.18 manat) və 0.11 manatla 3450 kvt.s (dəyəri 379.50 manat) toplamda 559.68 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00275 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 16 yanvar 2021-ci il tarixli, R seriyalı, 202922 nömrəli aktdan görünür ki, İddiaçı məxsus mənzildə sayğacın hesab mexanizminin yerindən oynadığı aşkar edilmişdir. 02 mart 2021-ci il tarixli, ******* nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, istehlakçı İddiaçı məxsus olan nasaz sayğac yenisi ilə əvəzlənmiş və möhürlənmişdir. 11 mart 2021-ci il tarixli, 203391 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında protokoldan görünür ki, istehlakçı İddiaçı məxsus olan elektrik sayğacının üst “A” ştamp möhüründə, qurğuşun möhüründə müdaxilə izlərinin olduğu və fiziki təsir nəticəsində kassa mexanizmini gövdəyə birləşdirən aşağı hissədən qopduğu aşkar edilmişdir. Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri F.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş 15 mart 2021-ci il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 326 gün üçün 0.07 manatla 2574 kvt.s (dəyəri 180.18 manat) və 0.11 manatla 3450 kvt.s (dəyəri 379.50 manat) toplamda 559.68 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Sayğacın yeni tipli sayğacla əvəz edilməsi nəzərdə tutulmuşdur. «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması iddiaçının və cavabdeh “xxxx” ASC-nin “Şimal-Qərb” X3 və Satışı İdarəsinin nümayəndəsinin məhkəmə iclasında verdikləri izahat və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olmasının İddiaçı vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********275 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh “xxxx” ASC- nin “Şimal-Qərb” X3 və Satışı İdarəsinin nümayəndəsinin dedikləri əsaslı deyil. Göründüyü kimi, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********275 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı 15 mart 2021-ci il tarixə 6024 kvts, enerji istehlak etmiş və onun 559.68 manat borcu olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Məhkəmə araşdırması nəticəsində 16 yanvar 2021-ci il tarixli, R seriyalı, 202922 nömrəli akt əsasında İddiaçı 559.68 manat borcun hesablanması müəyyən edilmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 16 yanvar 2021-ci il tarixli, R seriyalı, 202922 nömrəli akt əsasında İddiaçı hesabına 559.68 manat borc yazılsa da, İddiaçı hesabından 560.42 manat borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan İddiaçı 15 mart 2021-ci il tarixə 559.68 manat borcunun olmasının qeyd edilməsi və iddiaçının bunun əksini sübut edəcək lazımi sənədləri iş materiallarına əlavə etməməsi, məhkəmə iclasında da təqdim etməməsi nəzərə alınaraq iddia qismən təmin edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 16 yanvar 2021-ci il tarixli, R seriyalı, 202922 nömrəli akt əsasında **********275 saylı abonent kod hesabında qeydə alınmış 559.68 manat borc əsassız hesab edilərək İddiaçı hesabından silinməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 16 yanvar 2021-ci il tarixli, R seriyalı, 202922 nömrəli akt əsasında **********00275 saylı abonent kod hesabında qeydə alınmış 559.68 (beş yüz əlli doqquz manat altmış səkkiz qəpik) manat borc İddiaçı hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-773/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-773/2021
27.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver