Məhkəmə qərarları › İş №2(075)-967/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-967/2021

28.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-967/2021 28.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinə qarşı “Şəki rayonu Baş Şabalıd kəndindən onların hər birinə qanunla müəyyənləşdirilmiş qaydada verilməli olan cəmi suvarılan sahədən 0,88 hektar və dəmyə sahədən 0,30 hektar torpaq sahəsinin ayrılaraq onlara verilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Baş Şabalıd kəndindən onların hər birinə qanunla müəyyənləşdirilmiş qaydada verilməli olan cəmi suvarılan sahədən 0,88 hektar və dəmyə sahədən 0,30 hektar torpaq sahəsi olmaqla, ümumilikdə 1,18 hektar pay torpaq sahəsinin ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin 2.1-ci madəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəlləsinin 2.2.3-cü madəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarının İİİ bölməsinin İ bəndinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları, 31.1.4-ci bəndinə əsasən isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarələri, həmçinin Bələdiyyələr inzibati orqan hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 6.1-ci bəndinə əsasən,torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin plenum qərarının 15.4-cü bəndinə əsasən, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunan plenum qərarını rəhbər tutaraq, məhkəmə hesab ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Şəki rayonu Baş Şabalıd kəndindən onların hər birinə qanunla müəyyənləşdirilmiş qaydada verilməli olan cəmi suvarılan sahədən 0,88 hektar və dəmyə sahədən 0,30 hektar torpaq sahəsinin ayrılaraq onlara verilməsi tələbinə dair iddia ərizəsinə Şəki Rayon Məhkəməsində deyil, Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Belə olan halda iddiaçı yaşayış yeri üzrə hazırkı iddiaya baxılması ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən də iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 hazırkı tələbinə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinə qarşı “Şəki rayonu Baş Şabalıd kəndindən onların hər birinə qanunla müəyyənləşdirilmiş qaydada verilməli olan cəmi suvarılan sahədən 0,88 hektar və dəmyə sahədən 0,30 hektar torpaq sahəsinin ayrılaraq onlara verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar