Məhkəmə qərarları › İş №2(076)-71/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-71/2025

12.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Maddi ziyanın ödənilməsi - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-71/2025 12.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi İddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) nümayəndəsi (vəkil) Vəkil2 Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi (vəkil) Vəkil1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, evdən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı1 qarşı evə çəkilmiş 16800 manat xərc (əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsi) tələbinə dair qarşılıqlı iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi, evdən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ünvan 1 ünvanda yerləşən xüsusi mülkiyyətlərində olan 0,12 ha torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsinə, cavabdehin həmin ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasına və vurulmuş 15000 (on beş) manat dəyərində maddi ziyanın, ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddiaçı Cavabdeh ilk İddiaçı1 qarşı evə çəkilmiş 16800 manat xərc (əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsi) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddiaçı, hazırki iddia üzrə cavabdeh İddiaçı1 Şəmkir rayonu Yuxarı Çaykənd kəndində, alıb yaşadığı evə çəkilmiş 16800 (on altı min səkkiz yüz) manat xərc (əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsi) tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) ərizələrini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi onların xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə və evə dair xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-n 11 saylı Şəmkir İdarəsindən dövlət reyestrindən çıxarış almışlar. Cavabdeh Yuxarı Çaykənd kəndində qonşularıdır. Cavabdeh 90-cı illərdə Kəlbəcər rayonundan məcburi köçkün düşdüyü müddətdən 2005-ci ilə qədər Yuxarı Çaykənd kəndində qonşuluqlarında aldığı evdə ailəsi ilə birlikdə yaşamışdır. 2002-ci ildə mərhum atasının xəstəliyi ilə əlaqədar onlar Bakı şəhərinə köçdükdə, atası onların evinə də baxmağı ondan xahiş etmişdir. Cavabdeh də, onların yaşamamaqlarından istifadə edərək atası X3, hazırda isə onlara məxsus olan evə girərək orada yaşamağa başlamışdır. Həmin evlə, evin sənədləşdirilməsi ilə əlaqədar aralarında illərdir ki, mübahisə gedir. 2019cu ildən 2024-cü ilin yanvar ayınadək cavabdehlə, onun qaynanası ilə 10-dan çox məhkəmə prosesləri olmuşdur. 5 ildir ki, Bakı şəhərindən Şəmkir rayon məhkəməsinə, Gəncə inzibati Məhkəməsinə, Gəncə Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə gəlibgetmişlər, yollara sərf etdikləri müddət ərzində öz fərdi işlərini həyata keçirməkdən məhrum olmuşlar, maddi və mənəvi zərərə uğramışlar. Onlar cavabdehi məhkəməyə verdikdən sonra cavabdeh qəsdən evlərinin bütün əşyalarını, şkaflarını, tövlənin taxta pərdələrini, pərdə altlıqlarını, 2 tonluq dəmir su çənini, dəmir qapını, su motorunu, dəmir çardağın üstündə olan 100 ədəd dəmir şiferi, həyətin dəmir setkasını metalloma satmış, həyətdə olan hovuzu uçurmuş, içərisini çal peyini ilə dolduraraq tamamilə yararsız hala salmışdır. Onlara dəymiş maddi ziyanı 15.000 manat məbləğində dəyərləndirmişlər. Hazırda xüsusi mülkiyyətlərində olan 0.12 ha torpaq sahəsi tamamilə cavabdeh tərəfindən zəbt olunmuş, cavabdeh zəbt ediyi torpaq sahəsində 20-dən çox meyvə ağacını kəsmiş, torpaq sahəsini mal-qarası üçün otlağa çevirmişdir. Torpaq sahəsindəki ağacların bəzilərinin kökü hələ də qalmaqdadır. Torpağın Cavabdeh zəbtindən könüllü qaydada azad edilməsi evdən çıxması üçün dəfələrlə cavabdehə müraciət etmişlər, cavabdehin torpaq sahəsini könüllü olaraq, azad etməsini tələb etmişlər, bələdiyyəyə də dəfələrlə müraciət etmişlər, lakin, cavabdeh “məni məhkəməyə verin, məhkəmə mənə başqa ev verdikdən sonra sizin evdən və torpağınızdan çıxacağam»-demişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı1 Şəmkir Rayon Məhəkəməsində Cavabdeh qarşı iddia qaldıraraq ona məxsus torpaq sahəsinin zəbtdən azad edilməsi, evdən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, iddianı qəbul etmir, iddiaya etiraz edir və ilkin iddiaya qarşı qarşılıqlı iddia qaldırmaq məcburiyyətindədir. Beləki, işin həqiqi halları ondan ibarətdir ki, İddiaçı1 hazırda tələb etdiyi ev köhnə erməni evi olmuş və iddaçının atası X4 qaçqın düşüb Şəmkir rayonun Yuxarı Çaykənd kəndinə gəlib həmin evdə 1995-ci ilin axırlarına kimi qeydiyyatsız yaşamışdır. 1995-ci ilin dekabr ayında birdəfəlik Bakı şəhərinə köçüb ölən günə kimi Bakıda şəhərində yaşamış və orada dəfn olunmuşdur. X1 Çaykənd kəndindən yaşamaq üçün birdəfəlik Bakı şəhərinə köçən zaman yaşadığı evi öz aralarında razılaşaraq X5 20 000 (iyirmi min) manata (o zamankı pulla iki paçka şirvana) vermişdir. X11 bir müddət həmin evdə kirayəçi saxlamış və 1998-ci il tarixdə ona satmışdır. Bu barədə qonşu X15, qonşu X20, qonşu X7, onun və X6 imzaları və Çaykənd İnzabati Ərazi X9 təsdiq etdiyi xx.xx.1998-ci il tarixli aktı da vardır. Evin hüquqmüəyyənedici sənədi olmamışdır. Buna görə də alqı-satqı müqaviləsini bağlaya bilməmişlər. Mülki işə əlavə edilmiş çıxarışdan görünür ki, evə dair mülkiyyət sənədi yalnız xx.xx.2023-cü il tarixdə alınmışdır. Bir daha bildirir ki, keçmiş sovetlərin vaxtında ev ermənilər tərəfindən 1960-cı illərdə tikilmiş, tikili köhnə olduğundan və uzun müddət baxımsız qaldığından ev yaşayış üçün çox yararsız olmuşdur. Ev tamamilə təbii fəlakətlər nəticəsində divarları çatlamış, qapı-pəncərələri və döşəməsi çürüyüb dağılmış və evin dam örtüyünün çox hisəsini güclü külək qoparıb atmışdır. Evi gələcəkdə öz adına keçirəcəyi ümidi ilə o Cavabdeh evin dam örtüyünü öz vəsaitləri hesabına dəyişdirmiş, evin pilləkənlərini yenidən qurmuş, çardaq tikdirmiş, yenidən hamam-tualet tikdirmiş evdə dəfələrlə öz hesabına təmir tikinti işləri aparmış və bu tikinti materiallarına 16800 (on altı min səkkiz yüz) manat vəsait xərcləmişdir. 1998-ci ilin dekabr ayından hal-hazıra kimi həmin evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Hazırda iddiaçı həmin evdən çıxarılmağını istəyir və o, Cavabdeh başqa əlacı olmadığından vicdanlı sahib kimi mülkə sərf etdiyi təmir-tikinti məsrəflərinin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edir. Dediklərinin həqiqət olmasını Şəmkir rayonu Yuxarı Çaykənd kəndində yaşayan qonşu X15, qonşu X20, qonşu X7, onun və X6 imzaları və Çaykənd İnzabati Ərazi X13 məhkəmədə şahid qismində bunu bir daha təsdiq edəcəkdir. Həmin şahidlərin dindirilməsini xahiş etmişdir. İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, torpaq sahəsinin zəbtdən azad edilərək, cavabdehin fərdi yaşayış evindən çıxarılmasına, vurulmuş 15000 manat maddi ziyanın, 135 manat dövlət rüsumunun və ekspertiza tədqiqatının dəyəri olan 500 manat pulun Cavabdeh alınaraq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) nümayəndəsi (vəkil) Vəkil2 ilk iddianı müdafiə edərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək, həmçinin qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, məcburi köçkün kimi Şəmkir rayonuna 1993-cü ildə gəlmiş və orada Əlixan adlı şəxsin evində yaşamışdır. Mübahisəli fərdi yaşayış evini o iddiaçının atasından alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin evdə 30 il yaşamış, ağac əkmiş və təmir işləri aparmışdır. O evdən çıxmağa razıdır, lakin həmin evə sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsi tələb edir. Odur ki, ilkin iddianın və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə iclası zamanı ilkin iddianı qəbul edərək, həmçinin qarşılıqlı iddianı müdafiə edərək ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əlavə olaraq bildirdi ki, mübahisəli fərdi yaşayış evini cavabdeh iddiaçının atasından alqı-satqı müqaviləsi əsasında almışdır. Bununla bağlı onların çıxarışı var. Cavabdeh evdən çıxmağa razıdır, lakin həmin evə sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsi tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o 1988-ci ildə Şəmkir rayonuna məcburi köçkün kimi gəlmişdir. O Cavabdeh bacısını Kəlbəcər rayonunda yaşadığı vaxtdan tanıyır. Cavabdeh məcburi köçkün kimi Şəmkir rayonuna 1993-cü ildə gəlmiş və orada Əlixan adlı şəxsin evində yaşamışdır. Sonra Əlixan adlı evi Vilayət adlı şəxsə satmış, Vilayət isə Cavabdeh satmışdır. Cavabdeh həmin evdə 30 il yaşamış, ağac əkmiş və təmir işləri aparmışdır. 2006-cı ildə isə Cavabdeh hamam tikdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, Əsədov X19 rayonu, Yuxarı Çaykənd kəndində yaşayır. Cavabdeh məcburi köçkün kimi Şəmkir rayonuna 1993-cü ildə gəlmiş və orada Əlixan adlı şəxsin evində yaşamışdır. Həmin evi Əlixan adlı şəxs Vilayət adlı şəxsə satmış, Vilayət isə Cavabdeh satmışdır. Cavabdeh həmin evdə yaşamış və təmir işləri aparmışdır. 2006-cı ildə isə Cavabdeh hamam tikdirmişdir. Hamamın tikilməsinə Cavabdeh təxmini 10.000-15.000 manat xərci çıxmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-n 11 saylı Şəmkir İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir rayon Çaykənd kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Mayıl oğlu məcburi köçkün düşdüyü müddətdən 2005-ci ilə qədər Şəmkir rayonu Yuxarı Çaykənd kəndində Göyüşov Məhərrəm adlı şəxsdən aldığı evdə ailəsi ilə birlikdə yaşamışlar. 2005-ci ildən sonra isə qonşuluqda olan mərhum X2 adına olan evdə (halhazırda İddiaçı1 adına olan ev) müvəqqəti olaraq məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-n 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndi X22 rayonu, Yuxarı Çaykənd kəndi, S.Vurğun küçəsi 2 ünvanında yerləşən 0.12 ha həyətyanı topaq sahəsi İddiaçı2, fərdi yaşayış evi İddiaçı1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Çaykənd kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Yuxarı Çaykənd kəndində mərhum X3 məxsus olan evi 2005-ci ildə müvəqqəti yaşamaq üçün Kəlbəcər rayonunun məcburi köçkün kimi Cavabdeh Mayıl oğluna vermiş və yaşadığı müddət ərzində həmin evdə heç bir təmir-tikinti işi aparmamışdır. Həmin yaşadığı evin qonşuluğunda oğlu X18 yaşayır. İş materiallarına əlavə edilmiş Meyar Ekspertiza MMC tərəfindən verilmiş xx.xx.2025ci il tarixli rəydən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evində şkaflar - qismən yararlı vəziyyətdə dəymiş ziyan 60 manat, 100 ədəd dəmir şifer - yararsız vəziyyətdə dəymiş ziyan 400 manat, həyətin dəmir setkası - yararsız vəziyyətdə dəymiş ziyan 25 manat, su hovuzu - yararsız vəziyyətdə dəymiş ziyan 200 manat olmaqla cəmi ziyanın məbləği 685 manat təşkil edir. Keçirilmiş əyani baxış zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yasayış evində Cavabdeh tərəfindən son 10-15 il ərzində hər hansı tikinti və va təmir-bərpa işləri, o cümlədən evin pilləkanları, çardaq və hamam-tualetin inşası aparılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-6548/2024 saylı mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli Çıxarış əsasında ilk İddiaçı1 mülkiyyətində olan və ünvan 3 ünvanda yerlşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilir. ünvan 3 ünvanda yerlşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evində şkaflar, tövlənin taxta pərdələri, pərdə altlıqları, 2 tonluq dəmir su çəni, dəmir qapı, su motoru, 100 ədəd dəmir şifer, həyətin dəmir setkası, su hovuzu köhnə və yararsız haldadır. ünvan 3 ünvanda yerlşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evində Cavabdeh tərəfindən pilləkən quraşdırılmasını müəyyən etmək mümkün olmamışdır. Hamamda istilik cihazı və su boruları quraşdırılmış, tualet inşa edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/8297 saylı rəydən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-40/2-6548/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli Çıxarış əsasında ilkin İddiaçı1 mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 0252 saylı ekspertiza rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evində mövcud əmlakların yararlılıq vəziyyəti nəzərə alınmaqla dəymiş ziyanın məbləği smeta hesablamaları əsasında müəyyən edilmiş və 685 (altı yüz səksən beş) manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qiymətləndirmə xidmətinə görə müəyyən edilmiş 500 manat məbləğ İddiaçı1 tərəfindən Meyar Ekspertiza MMC-yə xidmət haqqı kimi ödənilmişdir. Belə ki, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, mülkiyyət hüququ əsasında ünvan 4 ünvanında yerləşən 0.12 ha həyətyanı topaq sahəsi İddiaçı2, fərdi yaşayış evi İddiaçı1 mülkiyyətindədir. Cavabdeh 2005-ci ildən Şəmkir rayonu Yuxarı Çaykənd kəndində yerləşən mübahisəli evdə yaşamağa başlamışdır. Hazırda xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Şəmkir rayonu, Yuxarı Çaykənd kəndi X22 rayonu, Yuxarı Çaykənd kəndi, S.Vurğun küçəsi 2 ünvanında yerləşən 0.12 ha həyətyanı topaq sahəsi İddiaçı2, fərdi yaşayış evi İddiaçı1 mülkiyyətindədir. Həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh ilk iddiaçılara məxsus fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən istifadə etdiyi müddətdə onlara məxsus mövcud əmlaklara 685 (altı yüz səksən beş) manat məbləğində maddi ziyan vurmuşdur. Hazırda ilk iddiaçılar məhkəməyə müraciət edərək, cavabdehin onlara məxsus torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmasını və onlara vurulmuş 15000 (on beş) manat dəyərində maddi ziyanın ödənilməsini tələb edir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh isə ilk İddiaçı1 evə çəkilmiş 16800 manat xərc tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, ilk iddiaçıların mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, ilk iddiaçılara məxsus mübahisəli torpaq sahəsi və və fərdi yaşayış evi faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdehin (qarşılıqlı iddiaçının) həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin (qarşılıqlı iddiaçının) sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan ilk iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə etməklərinə maneə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdeh (qarşılıqlı iddiaçı) Əsədov X19 rayonu, Yuxarı Çaykənd kəndi, X22 rayonu, Yuxarı Çaykənd kəndi, S. Vurğun küçəsi 2 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-n 11 saylı Şəmkir İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evindən və İddiaçı2 mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq və Meyar Ekspertiza MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi “maddi ziyan” hissəsində qismən təmin edilməlidir. Belə ki, ilk iddiaçılar cavabdehin qəsdən evlərinin bütün əşyalarını, şkaflarını, tövlənin taxta pərdələrini, pərdə altlıqlarını, 2 tonluq dəmir su çənini, dəmir qapını, su motorunu, dəmir çardağın üstündə olan 100 ədəd dəmir şiferi, həyətin dəmir setkasını metalloma satdığını, həyətdə olan hovuzu uçurduğunu, içərisini çal peyini ilə dolduraraq tamamilə yararsız hala saldığını, bununla da onlara 15000 (on beş min) manat maddi ziyan dəydiyini göstərmiş olsalar da, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyinə əsasən ilk iddiaçılara məxsus 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evində şkaflar - qismən yararlı vəziyyətdə dəymiş ziyan 60 manat, 100 ədəd dəmir şifer yararsız vəziyyətdə dəymiş ziyan 400 manat, həyətin dəmir setkası - yararsız vəziyyətdə dəymiş ziyan 25 manat, su hovuzu - yararsız vəziyyətdə dəymiş ziyan 200 manat olmaqla cəmi ziyanın məbləği 685 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Ona görə də cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh 685 (altı yüz səksən beş) manat məbləğində maddi ziyan alınıb ilk iddiaçılara ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk İddiaçı1 qarşı evə çəkilmiş 16800 manat xərc (əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsi) tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddiaçı, hazırki iddia üzrə cavabdeh İddiaçı1 Şəmkir rayonu Yuxarı Çaykənd kəndində, alıb yaşadığı evə çəkilmiş 16800 (on altı min səkkiz yüz) manat xərci tələb etmiş olsa da, onun tərəfindən ilk İddiaçı1 məxsus evdə təmir-bərpa işləri aparılmasını və həmin təmir-bərpa işlərinə 16800 (on altı min səkkiz yüz) manat xərc çəkməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk iddiaçıların mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini qanunsuz olaraq zəbt etmişdir. Cavabdeh iddiaçıların mülkiyyət hüquqlarını pozmuş və onlar, mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı hər hansı hərəkət edə bilməmişlər və əlverişsiz vəziyyətə düşmüşlər. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi və ekspertiza xərcinin 260 (iki yüz altmış) manatı cavabdehə (qarşılıqlı iddiaçıya) aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh (qarşılıqlı iddiaçı) Əsədov X19 rayonu, Yuxarı Çaykənd kəndi, X22 rayonu, Yuxarı Çaykənd kəndi, S. Vurğun küçəsi 2 ünvanında yerləşən İddiaçı2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən və İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh 685 (altı yüz səksən beş) manat dəyərində maddi ziyan tutularaq ilk iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh ilk İddiaçı1 qarşı evə çəkilmiş 16800 manat xərc (əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsi) tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 260 (iki yüz altmış) manat ekspertiza xərci cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh alınaraq ilk iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver