Məhkəmə qərarları › İş №2(077)-199/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-199/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-199/2021 31.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, 1) 15.03.2020-ci il tarixli 20176689 saylı müqaviləyə əsasən 121 (bir yüz iyirmi bir) manat ödənilməmiş hissə və 12 (on iki) manat cərimə borcu, 2) 15.03.2020-ci il tarixli 20176576 saylı müqaviləyə əsasən 510 (beş yüz on) manat ödənilməmiş hissə və 51 (əlli bir) manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə 694 (altı yüz doxsan dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq «xxxx» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,«xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 15.03.2020-ci il tarixli 20176689 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 132 manat (12 ay x 11 manat + 0 manat) olan «PANASONİC» markalı ev telefonu üçün ümumilikdə 133 manat olmaqla ondan 121 manat ödənilməmiş hissə və 12 manat cərimə borcu hesablanmışdır.Cavabdehin bu müqavilə üzrə cəmi ödədiyi məbləğ 11 manat təşkil edir Tərəflər arasında bağlanmış 15.03.2020-ci il tarixli 20176576 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 557 manat (18 ay x 17 manat+30 manat ilkin ödəniş) olan İMEİ kodu **********43383 nömrəli «Samsung Galaxy A20s» markalı telefon üçün ümumilikdə 561 manat olmaqla ondan,510 manat ödənilməmiş hissə və 51 manat cərimə borcu hesablanmışdır.Cavabdehin bu müqavilə üzrə cəmi 47 manat məbləğində ödəniş etmişdir.Cavabdehə müxtəlif vaxtlarda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş,lakin xəbərdarlığın heç bir nəticəsi olmamışdır.Ona görə də,hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 20 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı, həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan : - «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 15.03.2020-ci il tarixli 20176689 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 132 manat olan «PANASONİC» markalı ev telefonunu alıcıya vermiş,alıcı isə onları qəbul edərək avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - kredit ödəniş cədvəlindən görünür ki,Cavabdeh 15.03.2020-ci il tarixli 20176689 saylı müqavilə üzrə almış olduğu avadanlığın pulunu 15.04.2020-ci il tarixdən başlayaraq hər ay 11 manat ödəniş etməklə 15.03.2021-ci il tarixədək ödəməli idi. - «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 15.03.2020-ci il tarixli 20176576 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 557 manat olan İMEİ Kodu **********43383 nömrəli «Samsung Galaxy A20s» markalı telefonu alıcıya vermiş,alıcı isə onları qəbul edərək avadanlıqların qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15.03.2020-ci il tarixli 20176576 saylı müqavilə üzrə almış olduğu avadanlığın pulunu 15.04.2020-ci il tarixdən başlayaraq hər ay 30 manat ödəniş etməklə 15.09.2021-ci il tarixədək ödəməli idi. - «xxxx» MMC-nin 23.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 15.03.2020-ci il tarixli 20176689 saylı müqaviləyə əsasən əsas borc üzrə 121 manat və cərimə borcu üzrə 12 manat olmaqla,cəmi 133 manat borcu, 15.03.2020-ci il tarixli 20176576 saylı müqaviləyə əsasən əsas borc üzrə 510 manat və cərimə borcu üzrə 51 manat olmaqla,cəmi 561 manat borc olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 694 manat borcu vardır. - «xxxx» MMC tərəfindən cavabdehə göndərilmiş 16.11.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X2 ödənilmiş 24.03.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki,cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş,onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki,iddia təmin edilməli,Cavabdeh 15.03.2020-ci il tarixli 20176689 saylı müqaviləyə əsasən 121 manat ödənilməmiş hissə,12 cərimə borcu, 15.03.2020-ci il tarixli 20176576 saylı müqaviləyə əsasən 510 manat ödənilməmiş hissə,51 manat cərimə borcu olmaqla,ümumilikdə hər iki müqavilə üzrə 694 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15.03.2020-ci il tarixli 20176689 saylı müqaviləyə əsasən 121 (bir yüz iyirmi bir) manat ödənilməmiş hissə və 12 (on iki) manat cərimə borcu, 15.03.2020-ci il tarixli 20176576 saylı müqaviləyə əsasən 510 (beş yüz on) manat ödənilməmiş hissə və 51 (əlli bir) manat cərimə borcu olmaqla,ümumilikdə hər iki müqavilə üzrə 694 (altı yüz doxsan dörd) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar