Məhkəmə qərarları › İş №2(077)-313/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-313/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-313/2021 07.10.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,12 iyun 2020-ci il tarixli 20344855 saylı müqaviləyə əsasən İMEİ kodu **********97727 olan “Samsung Galaxy S20” markalı telefon üçün 1955 (bir min doqquz yüz əlli beş) manat ödənilməmiş hissə,584 (beş yüz səksən dörd) manat cərimə borcu olmaqla,ümumilikdə 2539 (iki min beş yüz otuz doqquz) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2020-ci il tarixli 20344855 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 2594,80 manat olan İMEİ kodu **********97727 nömrəli “Samsung Galaxy S20” markalı telefonu alıcıya vermiş,alıcı isə onu qəbul edərək ilkin olaraq 460 manat ödəməklə avadanlığın qiymətini 12 ay müddətinə hər ay 177,90 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə cəmi 639,80 manat məbləğində ödəniş etmişdir.Hazırda cavabdehin 03.07.2021-ci il tarixinə 1955 manat ödənilməmiş hissə və 330 gün üçün güzəşt edilərək 584 manat məbləğində cərimə borcu vardır.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında və lazımi qaydasında ödəməmişdir.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir.Cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Məhkəmə prosesində çıxış edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə,elektron məhkəmə sistemi vasitəsilə sms bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,iş materiallarını tədqiq edərək hesab edir ki,iddia aşağıdakı göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2020-ci il tarixli 20344855 saylı müqavilədən görünür ki,Cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə alqı-satqı qiyməti 2594,80 manat olan İMEİ kodu **********97727 nömrəli “Samsung Galaxy S20” markalı telefonu almışdır. - 12 iyun 2020-ci il tarixli 20344855 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 2594,80 manat məbləğində almış olduğu avadanlığın qiymətini 12.07.2020-ci il tarixdən başlayaraq hər ay 177,90 manat ödəniş etməklə 12.06.2021-ci il tarixədək ödəməli idi. - "xxxx" MMC-nin 03.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin 12 iyun 2020-ci il tarixli 20344855 saylı müqavilə üzrə 1955 manat ödənilməmiş hissə və cərimə borcu üzrə 584 manat olmaqla,cəmi 2539 manat borcu vardır. - "xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş 20.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X4 ödənilmiş 05.07.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən bəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən 12 iyun 2020-ci il tarixli 20344855 saylı müqavilə üzrə 1955 manat ödənilməmiş hissə müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə 12 iyun 2020-ci il tarixli 20344855 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 584 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 195 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12 iyun 2020-ci il tarixli 20344855 saylı müqavilə üzrə 1955 manat ödənilməmiş hissə,195 manat cərimə borcu olmaqla,ümumilikdə 2150 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 iyun 2020-ci il tarixli 20344855 saylı müqavilə üzrə 1955 (bir min doqquz yüz əlli beş) manat ödənilməmiş hissə,195 (bir yüz doxsan beş) manat cərimə borcu olmaqla, ümumilikdə 2150 (iki min yüz əlli) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar