Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-402/2021 28.10.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan “Səadət sarayı” (Bakı Nikah evində) 17 avqust 2021-ci il tarixində 1054 sayla bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı ilə Cavabdeh eyni məktəbdə təhsil almışlar və həmin vaxtdan aralarında dostluq münasibətləri olmuşdur.Hər ikisinin arzusu bakalavr pilləsini bitirdikdən sonra magistratura üçün Türkiyə Cümhuriyətində təhsil almaq olduğundan birlikdə hazırlaşmışlar,İddiaçı “Konya Texnik” Universitetinə qəbul olmuş,lakin Cavabdeh qəbul ola bilməmişdir. Türkiyəyə birlikdə gedə bilməyəcəklərindən iddiaçının Türkiyə Cümhuriyətində təhsil almasına görə orada yaşamaq üçün icazəsi olacağını nəzərə alaraq,tərəflər ailələrindən xəbərsiz rəsmi nikaha daxil olmuşlar.Nikaha daxil olduqdan sonra cavabdeh ailəsində olan problemlərə görə Nilufər ilə birlikdə gələ bilməyəcəyini bildirmiş,ona görə də,aralarında bağlanmış nikahın etibarsız hesab edilməsi üçün “Səadət Sarayı”na müraciət etmişlər.Lakin nikahın etibarsız hesab edilməsinin orada mümkün olmayacağını bildikdən sonra aralarında bağlanmış formal nikahın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmişlər. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə göndərərək eyni gündə Səbail Rayon Məhkəməsində əvvəlcədən təyin edilmiş məhkəmə prosesi olduğunu,ona görə də,məhkəmə prosesinə onların iştirakı olmadan baxılmasını və ya başqa vaxta təxirə salınmasını xahiş etmişdir.Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: - Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən 17.08.2021-ci il tarixdə verilmiş AZ-İİ № 456512 saylı nikah haqqında şəhadətnamədən görünür ki,İddiaçı Cavabdeh ilə nikahlarını 17 avqust 2021ci il tarixdə 1054 sayla qeyd etdirmişlər.Nikah bağlandıqdan sonra ərə Mehdizadə,arvada Nəsirli soyadı verilmişdir. - Cavabdeh notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki,o,İddiaçı ilə formal olaraq nikaha daxil olmuş və İddiaçı ona qarşı məhkəmədə qaldırdığı “nikahın etibarsız” hesab edilməsinə dair tələbini qəbul edir. - X3 ödənilmiş 17.09.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmə iddia qaldırılması ilə əlaqədar 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Bu məcəllənin 10—12ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məlum olmuşdur ki,İddiaçı Cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirsələr də,faktiki ər-arvad kimi birgə yaşamamışlar və hazırda da ər-arvad kimi birgə yaşamaq istəmirlər.Həmçinin onlar nikaha daxil olarkən ailə qurmaq niyyətləri olmamışdır.Məhkəmə hesab edir ki,bağlanmış nikah formal xarakterli olmaqla saxtadır,ona görə də,nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası МPМ-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmiş hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 77,88,172-179, 182,183,192,209-214,216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında “Səadət sarayı” (Bakı Nikah evində) 17 avqust 2021-ci il tarixində 1054 sayla bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-402/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-402/2021
28.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver