Məhkəmə qərarları › İş №2(078)-368/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-368/2021

05.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-368/2021 05.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı X1 gəlin köçdüyü və qeydiyyatda olduğu Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 94, 13 nömrəli evdən iddiaçıya yaşayış və istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin forma və məzmununa düzgün riayət olunmayaraq ərizədə X2 adına qeydiyyata alınmış Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 94, 13 nömrəli evdən iddiaçıya yaşayış və istifadə hüququnun verilməsini xahiş etsə də, mübahisəli evə aid hüquqmüəyyənedici sənədlərin surətini iddia ərizəsinə əlavə edilməmişdir. Hazırki tələb üzrə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməsi zəruridir. Belə ki, hüquqmüəyyənedici sənədlərə uyğun olaraq tələbin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsi müzakirə edilməlidir. Eyni zamanda İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində və ona əlavə olunmuş sənədlərdə mənzilin X2 adına olması və onun 6 vərəsəsi olduğu göstərilsə də, mənzilə dair sənədlər əlavə edilməməklə yanaşı, cavabdehlərin dairəsi də tam olaraq qeyd edilməmişdir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 11502 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 11502 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar