Məhkəmə qərarları › İş №2(078)-641/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-641/2021

20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-641/2021 20.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı maddi ziyanın alınıb verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Eburus oğlundan evin təmiri ilə ona dəymiş ziyan olaraq 2200 (iki min iki yüz) manatın və iddia qaldırmaq üçün ödədiyi 30 (otuz) manatın alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq iddiaçı X1 tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, maddi ziyan vurulduğu qeyd edilən mənzil Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsi 18 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində 4-cü mərtəbəsində yerləşən mənzil X2 adına qeydiyyata alınmışdır. Lakin iddia ərizəsi İddiaçı tərəfindən imzalanmış, onun iddia ərizəsini imzalaması üçün səlahiyyətini təsdiq edən müvafiq etibarnamə iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən X5 filialına 06 may 2021-ci il tarixdə 4322 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı maddi ziyanın alınıb verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən X5 filialına 06 may 2021-ci il tarixdə 4322 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar