Məhkəmə qərarları › İş №2(078)-710/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-710/2021

07.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-710/2021 07.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Məhəmməd oğlunun cavabdeh Tibbi Sosial Ekspert Komissiyasına qarşı əlilliyin təyin olunması barədə tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən e t d i m: İddiaçı Məhəmməd oğlu məhkəməyə müraciət edərək, əlliyin təyin olunması ilə bağlı yenidən şəhadətləndirilməsi üçün öhdəliyin Tibbi Sosial Ekspert Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsində cavabdeh kimi qoyulmuş Tibbi Sosial Ekspert Komissiyası inzibati orqandır. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 4 və 5.1-ci bəndlərində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, hazırki iddia tələbi üzrə tərəflər arasındakı münasibət inzibati hüquq münasibəti olduğundan hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia ərizəsindəki tələbinə ümumi məhkəmədə, yəni Naxçıvan Şəhər Məhkəməsində baxılmalı olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 153-cü maddəsinə əsasən, iddiaçının həmin ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddiaçıya izah edilsin ki, müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı Məhəmməd oğlu tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 08 may 2021-ci il tarixli, 716 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.4, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Məhəmməd oğlunun cavabdeh Tibbi Sosial Ekspert Komissiyasına qarşı “əlilliyin təyin olunması barədə tələbinə dair" iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə rəsmi qaydada iddiaçıya verilsin. İddiaçı Məhəmməd oğlu tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 08 may 2021ci il tarixli, 716 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah edilsin ki, müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar