Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-124/2021 11.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən Babək Rayon Məhkəməsinin hakimi Əliyev X1 Güllü Hüseyn qızının mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i m: “11” fevral 2021-ci ildə Babək Rayon Məhkəməsinə X2 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi daxil olmuşdur. Məhkəmə ərizəçiyə bildirir ki, məhkəməyə ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri prosessual qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirib ilk olaraq qeyd edir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizələrə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 305 və 307-ci maddələrinə əsasən xüsusi icraat qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydası isə qeyd edilən Məcəllənin 307-311-ci maddələri ilə tənzimlənir ki, yalnız aşağıdakı şərtlərin hamısı birlikdə mövcud olduqda hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizələr icraata qəbul edilməlidir: - məhkəmə tərəfindən müəyyən edilməsi istənilən bu fakt fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə əsas verməli; - bununla bağlı hüquq haqqında mübahisə olmamalı; - ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli; -qanunvericilikdə bu hüquqi faktın müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamalıdır. Ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri daxilində yoxlayan məhkəmə qeyd edir ki, X2 ərindən qalmış mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılmalıdır. Çünki yuxarıda qeyd edilən mümkünlük şərtlərdən də görünür ki, ərizəyə xüsusi icraat qaydasında baxılması əsaslarından biri hüquq haqqında mübahisənin olmamasıdır. Bunu müəyyən etmək üçün isə iddia ərizəsinə miras qoyanın vərəsələrinin dairəsi barədə sənədlər əlavə edilməli, ərizəçi ilə onlar arasında mübahisə olmaması ərizədə qeyd edilməlidir. Bundan əlavə ərizəçi müraciətində Babək rayonu, Naxışnərgiz kəndində yerləşən X3 qalmış 0,159 hektar torpaq sahəsinin mirasın əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdi. Ərizəyə əlavə edilmiş MH seriyalı, ******* nömrəli, xx xxxxxx 2021-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan həmin torpaq sahəsinin yalnız miras qoyanın deyil, həmçinin ərizəçi, X7, X9 və X4 ümumi mülkiyyətindədir. Ərizədə isə bütövlükdə Babək rayonu, Naxışnərgiz kəndində 0,159 hektar torpaq sahəsinin mirasın əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi məhkəmədən xahiş olunur. Halbuki daşınmaz əmlak hazırda beş nəfərin ümumi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, Mülki Prosessual Məcəllənin 30 - 40-3-cü fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmçinin həmin Məcəllənin 150.0 və 150.0.5-ci maddələrinin tələbinə görə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər,....iddia ərizəsinə əlavə edilməlidir. Hazırki vəziyyətdə ilə məhkəmə hesab edir ki, miras qoyanın vərəsələrinin dairəsinin müəyyən edilməsi, gələcəkdə onların maraqlı şəxs qismində prosesə cəlb edilməsi, onlar arasında hüquqa dair mübahisənin olub-olmaması, həmçinin prosessual qənaət prinsipi baxımından X5 vərəsələrinin dairəsini müəyyən edən sənəd ərizəyə əlavə edilməli və bu barədə sübutlar məhkəməyə təqdim edilməklə ərizədə qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinin tələbinə görə əgər iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, X2 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. X6 izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, X8 tərəfindən "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə xx xxxxxx 2021ci il tarixli, 16242 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. X8 tərəfindən "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə xx xxxxxx 2021-ci il tarixli, 16242 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. X6 izah edilsin ki, ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-124/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-124/2021
11.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver