Məhkəmə qərarları › İş №2(079)-25/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-25/2023

22.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-25/2023 22.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X17, Cavabdeh6 qarşı torpaq sahəsinin boşaldılması, onun üzərində yerləşən qanunsuz hasarın sökülməsi və torpağın əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı 01 noyabr 2022-ci ildə Cavabdeh2 qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək JN seriyalı, 1338B nömrəli, 10300058 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsus olan Naxçıvan Muxtar Respublikası Babək rayonu, Nehrəm qəsəbəsi ilə Araz kəndi arasındakı ərazidə yerləşən torpaq sahəsində qanunsuz tikilmiş hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması, onun əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Babək Rayonu Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli qərarına əsasən, İddiaçı və ailə üzvlərinə 0.21 hektar torpaq sahəsi ayrılmışdır. Sonradan torpaq sahəsinə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1338B kod 10300058 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və mən torpağı mülkiyyətimə qəbul edərək istifadə etmişəm. Lakin bir müddət sonra Cavabdeh1 müvafiq şəhadətnamə əsasında mənə ayrılmış torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etmişdir. Bu azmış kimi qanunsuz zəbt edilmiş torpaq sahəsində mişar daşından hasar inşa etmişdir. Ondan bu qanunsuz əməlinə son qoymasını xahiş etsəm də o, buna məhəl qoymamışdır. Mən dəfələrlə ona bu məsələləri həll etməyi, normal qonşuluq münasibətlərinin saxlanmasının zəruriliyini bildirmişəm. Lakin o, bu çağırışlarıma məhəl qoymamışdı. Onun bu qanunsuz hərəkətləri bu gün də davam etməkdədi. Bu da mənim öz mülkiyyətimdən sərbəst və maneəsiz istifadə etməyimə mane olur. Cavabdehin bu hərəkətlərini qanun pozuntusu kimi dəyərləndirirəm. Onun tərəfindən inşa edilmiş qanunsuz tikili olan daş hasar cavabdehin hesabına sökülməli, torpaq sahəsi boşaldılmalı və torpaq əvvəlki vəziyyətinə qaytarılmalıdır. 12 yanvar 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının razılığı əsasında Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X17 və Cavabdeh6 cavabdeh qismində işə cəld edilmişdi. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatında 1996-cı ildə Azərbaycan Respublikasında, 1999-cu ildə isə Naxçıvan Muxtar Respublikasında torpaq islahatın aparıldığını, iddia tələbində qeyd etdiyi torpaq sahəsinin 1999-cu ildə islahat zamanı onlara verildiyini, torpaq sahəsinin 1992-ci ildən özünün sahibliyində olduğunu, islahatdan sonra torpaqların bölüşdürülməsi ilə bağlı kimin problemi varsa şikayət etmələri üçün 3 il vaxt verildiyini, islahat zamanı cavabdehə onun qonşuluğunda torpaq sahəsi verilmədiyini, cavabdehin atası X2 məxsus torpaq sahəsinin yanında torpaq verildiyini, lakin onların həmin torpaq sahəsindən imtina etdiklərini, sonradan təpənin digər tərəfində onlara torpaq verildiyini, şəhadətnamədə qonşu kimi cavabdehin adı qeyd edilsə də onların torpaqdan faktiki olaraq imtina etdiklərini, 2011-ci ildə cavabdehin onun torpaq sahəsini zəbt etdiyini, bu zaman özünün müraciəti əsasında torpaq komitəsindən gəlib ölçü işləri apardığını və torpaq sahəsinin sərhədlərinin geri çəkdiyini, 2011-ci ilin may ayının 2-də rayondan gəlib torpağı ölçdüklərini, cavabdehin qonşuluğunda olan Qurban Əliyevin isə Cəbrayılın torpaq sahəsinə keçməsinin müəyyən olunduğunu, torpaq sahəsini 2017-ci ilə kimi əmisi Lətifə istifadə etmək üçün verdiyini, sonradan əmisinin rəhmətə getdiyini, əvvəllər əmisinin cavabdehin burada torpaq sahəsinin olduğunu ona dediyini, özünün də əmisinə məsələni özünün gəlib yoluna qoyacağını dediyini, daha sonra torpaq sahəsini qardaşının istifadəsinə verdiyini, əvvəllər də aralarında olan torpaqla bağlı mübahisəyə görə özünün cavabdehin atası Cəfərə burada torpaq sahələrinin olmadığını bildirdiyini, onun da bunu başa düşdüyünü, 2020-ci ildə Cəfərin ölümündən sonra cavabdehin yenidən gəlib qardaşına burada torpaq sahələri olduğunu bildirdiyini, 2020-ci ildən başlayaraq cavabdehin onun torpağını zəbt etməyə başladığını, həmin vaxtı pandemiya olduğundan Naxçıvana gələ bilmədiyini, 2021-ci ildə oğlu Naxçıvana gələndə Cəbrayıla bura özlərinin torpaq sahəsi olduğunu dediyini, cavabdehin isə oğluna buranı məhkəmə qətnaməsi ilə əldə etdiyini dediyini, 2021-ci ilin noyabr ayında qardaşı oğlu şəhid olanda özünün bura yasa gəldiyini və Cəbrayıldan qətnaməni istədiyini, cavabdehin isə məhkəmənin əvvəlki sədrinin ona “bura sənindir” dediyini, həmin vaxt torpaq sahəsinin hasara alınmadığını, torpaq sahələrinin arasında su kanalının olduğunu, həmin torpağın 850 kvadrat metr hissəsinin suvarılan olduğunu, torpaq sahəsini istifadə etmək üçün qardaşı Oruca verdiyini, qardaşının isə torpağın ortasından su kanalı çəkdiyini, Cəbrayılın divar çəkmək üçün həmin kanalın yerini dağıdanda qardaşının ona buranın onun olmadığını dediyini, lakin cavabdehin buna əhəmiyyət vermədiyini, Cəbrayıl torpağı hasarlayanda qardaşı Orucun ona etiraz etdiyini, hazırda hər iki torpaq sahəsinin arasında hasardan başqa əlavə tikilinin olmadığını, torpaq sahəsinin 2020-ci ildən hasara alındığını, 2021-ci ildə Naxçıvana gələndə Torpaq komitəsinə gedib cavabdehə torpaq sahəsinin kimin ölçüb verdiyini soruşduğunu, komitədən isə heç kimin ölçü işləri aparmadığını ona bildirdiklərini qeyd edərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh1 məhkəmədə verdiyi izahatında 1999-cu ildə ona və ailə üzvlərinə islahat zamanı torpaq sahəsi verildiyini, torpağın sənədi onlara verilsə də, özlərinin torpağın yerləşdiyi yeri bilmədiklərini, təqribən 2020-2021-ci ildə kənd bələdiyyəsinin müavini Həbib Cabbarovun onlara kənddə torpaq sahələrinin olduğunu bildirdiyini, özünün də gəlib evdə torpaq sahəsinin sənədini tapdıqdan sonra Həbib Cabbarovla gedib torpaq sahəsinə baxdıqlarını, bələdiyyənin torpaq sahəsini ölçüb onlara verdiyini, həmin vaxt iddiaçının əmisi Lətifin orada yonca əkdiyini və onlara burada onların torpaq sahələrinin olmadığını dediyini, bələdiyyənin nümayəndəsinin isə sənədlə torpaq sahəsinin onların olduğunu dediyini, 2008-ci ildə qonşusu X18 özünə məxsus torpaq sahəsində ev tikdiyini, iddiaçının 21 hektar torpaq sahəsi olmasına baxmayaraq, neçə illərdir ki, onlara məxsus torpağını zəbt edib oradan gəlir əldə etdiyini, özünün 2011-ci ildə Qurbana qarşı torpaqla bağı iddia qaldırdığını, məhkəmənin əvvəlki sədri ilə bələdiyyənin nümayəndəsi Həbib Cabbarovun gəlib torpağı ölçüb ona “buradan hasarını çəkə bilərsən” dediklərini, özünün də sonradan hasarı çəkdiyini, hasarı çəkəndə torpaq komitəsinə torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı müraciət etmədiyini, hasarı tikdiyi zaman iddiaçının burada olmadığını, hasarı tikəndə nə iddiaçının, nə də onun hər hansı bir qohumunun ona etiraz etmədiyini, özünün torpaq sahəsinin hər tərəfini hasarladığını, hasarı 2018-ci ildə 1 metr hündürlüyündə hördüyünü, bir il sonra isə hasarın üstünü qaldırdığını, bir il ərzində ona heç kimin “hasarı niyə tikmisən?” demədiyini, hazırda torpaq sahələri arasında daşla hörülmüş hasarın olduğunu, torpaq sahəsinin islahat zamanı atası Cəfərə, anası Telliyə, qardaşları Süleymana, İsrafilə, onun yoldaşı Sevdaya, övladları Həcərə, Elnura və Eminə verildiyini, atasının, anasının və Elnurun hazırda öldüklərini, onun isə öz torpağını qardaşı ilə dəyişdiyini və iddiaçının qonşuluğunda qaldığını, torpaq sahəsinin Nehrəm qəsəbəsində yerləşdiyini, torpaq sahəsini hasarladıqdan sonra qonşusu Qurbanın onun torpağına 4 metr, özünün isə Ələkbərin torpağına təqribən 6 metr girdiklərini bildiyini, həmin vaxta qədər bunu bilmədiklərini, təqribən 1 il olar ki, bunu bildiyini qeyd etmişdi. Cavabdeh2 məhkəmədə verdiyi izahatında torpaq sahəsinin islahat zamanı atasına, anasına, ona və onun ailə üzvləri, yəni arvadı Sevdaya, qızı Həcərə, oğlanları Elnur və Eminə verildiyini, oğlu Eminin 1999-cu ildə rəhmətə getdiyini, Eminin ölümü zamanı oğlu Elnurun təqribən 3-4 aylıq olduğunu, mülkiyyətçilərdən birinin də qardaşı Süleyman olduğunu, islahat zamanı torpaq sahəsi veriləndə onun üzərində tikili olmadığını, özlərinin torpaq sahəsini qardaşı Cəbrayılın istifadəsinə verdiklərini, hazırda qardaşı Cəbrayılın orada özünə ev tikdiyini, nə özünün, nə ailəsinin, nə də qardaşı Süleymanın həmin həyətdə yaşamadıqlarını, onların hamısı torpaq sahəsini könüllü olaraq Cəbrayıla verdiklərini, həmin torpaq sahəsi üzərində aparılmış bütün tikinti işlərini Cəbrayılın həyata keçirdiyini, Cəbrayılın təqribən 2-3 il olar ki, torpaq sahəsini hasara aldığını, özünün də həmin divarın tikintisində iştirak etdiyini, onların torpaq sahəsinə hasar çəkən zaman kimsənin onlara “bura bizimdir, bura hasar çəkməyin” demədiyini, 2021-ci ildə Cəbrayılla Ələkbər arasında torpaqla bağlı mübahisə yarandığını, onların təqribən 5 il olar ki, torpaq sahəsinin onların olduğunu bildiklərini, həmin torpaq sahəsində Cəbrayılın isə 2-3 il olar ki, ev tikdiyini qeyd etmişdi. Cavabdeh3 məhkəmədə verdiyi izahatında Cəbrayılın əvvəllər Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən ata evində yaşadığını, sonra onlara torpaq sahəsi verildiyini, Cəbrayılın isə həmin torpaq sahəsində özünə ev tikdiyini, həmin evi təqribən 2-3 olar ki, inşa etdiyini, özünün həmin həyətdə yaşamadığını, həyətin hasarını Cəbrayılın təqribən 5 il olar ki, çəkdiyini, özünün də hasarın çəkilməsində iştirak etdiyini, hasarın çəkilməsi zamanı torpağın Ələkbərin olduğunu bilmədiklərini, bu barədə heç kimin də onlara bildirmədiyini, iddiaçının qardaşı Orucun hər gün oradan keçib getdiyini, bir dəfə də olsun torpaq sahəsinin qardaşının mülkiyyətində olduğunu onlara demədiyini, təqribən 2-3 il olar ki, mübahisə yarandığını, torpaq sahəsini hardasa 5 il olar ki, Cəbrayıla verdiklərini, Cəbrayılın əvvəlcə hasar 1 metr hündürlükdə tikdiyini, təqribən 1 il sonra üstünü qaldırdığını, daha sonra Ələkbərin qardaşı Orucun oğlu şəhid olanda iddiaçının kənddə gəldiyini, orada Ələkbərin torpaq sahəsinin onun olduğunu dediyini, əgər belə idisə hasarın yarımçıq olan vaxtı niyə demədiyini, bu zaman divarın onlar tərəfindən ucladılmayacağını iddiaçıya dediklərini qeyd etmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlər Cavabdeh4, X7 və Cavabdeh6 və X1na məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdi. X1 02 iyun 2023-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı Bakı şəhərinə olacağından mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla cavabdehlər Cavabdeh4, X5 və Cavabdeh6, X1nun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını tədqiq edərək məhkəmə müəyyən edir ki, Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən və sahəsi 0.21 hektar olan torpaq sahəsinin İddiaçı, X6, X9, X10, X13 və X3, sahəsi 0.27 hektar olan torpaq sahəsinin X28, X24, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X17, Cavabdeh6 və X14 ümumi mülkiyyətində olması, sonuncu qeyd edilən daşınmaz əmlakın mülkiyyətçilərindən X28 və X15 ölməsi, həmin torpaq sahəsinin hazırda Cavabdeh1 sahibliyində olması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş və JN seriyalı, 1338B nömrəli, 10300058 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən və sahəsi 0.21 hektar olan torpaq sahəsinin İddiaçı, X6, X9, X10, X13 və X3 ümumi mülkiyyətində olması; - iş materiallarına əlavə edilmiş JN seriyalı, 770B nömrəli, 10300058 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən və sahəsi 0.27 hektar olan torpaq sahəsinin X28, X24, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X17, Cavabdeh6 və X14 ümumi mülkiyyətində olması; - iş materiallarına əlavə edilmiş və Nehrəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 434795 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X16 15 fevral 2014-cü ildə ölməsi; - iş materiallarına əlavə edilmiş və Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 750588 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X19 03 avqust 2020-ci ildə ölməsi; - məhkəmədə iştirak edən cavabdehlərin verdiyi izahatlardan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən və sahəsi 0.27 hektar olan torpaq sahəsinin Cavabdeh1 sahibliyində olması aydın olur. İşin mübahisəli halı isə iddiaçının Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən, sahəsi 0.21 hektar olan İddiaçı, X6, X9, X10, X13 və X4 məxsus torpaq sahəsi ilə Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən və sahəsi 0.27 hektar olan torpaq sahəsi arasında tikilmiş hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın əvvəlki vəziyyətə qaytarılmasıdır. İddia tələbini iş materialları, onları isə qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Göründüyü kimi konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -148.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -153.1-ci maddəsində göstərilir ki, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 154.1-ci maddəsinin tələbinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. - 157.2-ci maddəsində görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -169.1-ci maddəsi ilə müəyyən edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. -170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. -172.3-cü maddəsində göstərilir ki, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. - 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -238.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. - 238.2-ci maddəsinin tələbinə görə əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. İş materiallarından Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən və sahəsi 0.21 hektar olan torpaq sahəsinin İddiaçı, X6, X9, X10, X13 və X3 ümumi mülkiyyətində olması öz təsdiqini tapır. Hazırda mülkiyyətçi İddiaçı özünə və ailə üzlərinə məxsus olan torpaq sahəsindən cavabdehlərin çıxarılmasını və orada tikilmiş hasarın sökülməsini və onun boşaldılmasını tələb etməklə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım atmışdı. Məhkəmə bildirir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər ki, bunlardan da biri vindikasiya iddiasıdır. Yəni mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mübahisə predmeti olan hasarın tikildiyi yerin iddiaçının mülkiyyət hüququnu pozub-pozmaması, yəni tərəflərin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin 28 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və eyni tarixdə iş üzrə icraat dayandırılmışdı. “28” aprel 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “27” aprel 2023-cü tarixli, 350 nömrəli məktubu ilə eyni tarixli və nömrəli ekspert rəyi Babək Rayon Məhkəməsinə daxil olduğundan həmin tarixdə iş üzrə icraat təzələnmişdi. Sözü gedən rəydə qeyd edilir ki, tədqiqat Babək rayonu, Nehrəm kəndində yerləşən iddiaçının mübahisələndirdiyi həyətyanı torpaq sahələri üzrə aparılır. Tədqiqatın aparılması üçün tərəf, cavabdeh, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə mütəxəssisləri və ekspertin iştirakı ilə tədqiqat obyektlərinə baxış keçirilmiş, tərəfin naturada, göstərdiyi torpaq sahələri üzrə “taxometr” cihazı vasitəsilə müvafiq ölçü işləri aparılmış, fotoşəkilləri çəkilmiş və mülki iş materiallarında olan zəruri məlumatlardan istifadə olunmuşdur. Tədqiq olunan həyətyanı torpaq sahələrinə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Reyestri Xidmətinin mütəxəssisləri ilə birgə baxış keçirilən zaman müşahidə olunmuşdur ki, tədqiq olunan iddiaçının həyətyanı torpaq sahəsi ilə cavabdehin həyətyanı torpaq sahələri həmsərhəddə yerləşir. Baxış zamanı iddiaçı ilə cavabdeh arasında cavabdeh tərəfindən birket və but daşı materialından ibarət uzunluğu təqribən 48 metr olan sərhəd hasarı hörülmüşdür. Həmin həyətyanı torpaq sahəsinin tərkibində cavabdehə məxsus olan bir mərtəbəli fərdi yaşayış evi təyinatlı tikili yerləşir. Eyni zamanda baxışda iştirak edən xidmətin mütəxəssisləri tərəfindən “taxometr” ölçmə avadanlığı ilə mübahisə olunan həyətyanı torpaq sahələrinin mövcud vəziyyətdə ölçməklə tərtib etdiyi ortofotoplanında iddiaçı və cavabdehin həyətyanı torpaq sahələrinin döngə nöqtələrinin məsafələrində torpaq islahatı aparılan zaman tərtib olunmuş plan-sxemi ilə torpaq sahələrinin faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Ekspert rəyin nəticə hissəsində qeyd etmişdi ki, Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən, JN-1338B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,21 hektar torpaq sahəsinin sərhəd ölçüləri həmin şəhadətnamədə qeyd edilən ölçülərlə uyğunsuzluq təşkil edir. JN-1338B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpaq sahəsinin uzunluğu şimal-şərq istiqamətdən cənub-qərb istiqamətə doğru 87,97 metr qeyd olunsa da, faktiki olaraq həmin istiqamətdə torpaq sahəsinin uzunluğu 76,25 metr təşkil edir. Torpaq sahəsinin şimal-şərq istiqamətində qonşu torpaq mülkiyyətçisi X28 və ailə üzvləri tərəfindən (JN-770B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə) 243,8 kvadrat metr (6,5 metr enində) torpaq sahəsi hasarlanmışdır. JN- 1338B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən ölçülər naturaya köçürülərkən torpaq sahəsinin cənub-qərb istiqamətində sərhədi 5,22 metr ümumi istifadədə olan yolun ərazisinə daxil olduğu müəyyən edilmişdir. JN-770B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X28 və ailə üzvlərinin mülkiyyətinə 2658,6 kvadrat metr torpaq sahəsi verilsə də, faktiki istifadələrində 2668,6 kvadrat metr torpaq sahəsi mövcuddur. Şəhadətnamədə torpaq sahəsinin uzunluğu şimal-şərq istiqamətindən cənub-qərb istiqamətə doğru 55,65 metr qeyd olunsa da, faktiki olaraq həmin istiqamətdə torpaq sahəsinin uzunluğu 57,5 metrdir. Torpaq sahəsinin şimal-şərq istiqamətində qonşu torpaq mülkiyyətçisi X29 və ailə üzvləri tərəfindən (JN-774B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə) Cəfər Abbasov və ailə üzvlərinə aid 184 kvadrat metr (4,5 m enində) torpaq sahəsinin hasarlandığı müəyyən edilmişdir. JN-770B və JN-1338B kadastr nömrəli torpaq sahələri arasında mövcud olan hasar “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdə qeyd edilmiş sərhəd xəttində inşa olunmamışdır. JN- 770B kadastr nömrəli torpaq sahəsinin cənub-qərb istiqamətində 6,5 metr məsafədə JN-1338B kadastr nömrəli torpaq sahəsinin sərhədinə müdaxilələrin olunduğu müəyyən edilmişdir. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən sayır. Bu isə onu deməyə əsas verir ki, hazırda Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən və sahəsi 0.21 hektar olan, İddiaçı, X6, X9, X10, X13 və X3 ümumi mülkiyyətində olan torpaq sahəsinə müdaxilə mövcuddur. İş materiallarına əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş mübahisə daşınmaz əmlakların yerquruluşu planından (ortofotoplan) və ekspert rəyindən müəyyən edilir ki, İddiaçı və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahəsi arasında inşa edilmiş hasar bütünlüklə iddiaçıya məxsus daşınmaz əmlakın sahəsinə düşmür. Onun bir hissəsi ümumi istifadədə olan yola düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırda baxılan mübahisə üzrə iddia tələbindən kənara çıxmaq üçün qanuni əsas olmadığından qeyd edilən məsələnin müəyyən edilməsi məqsədi məhkəmə mütəxəssis- Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin əməkdaşı X8 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə torpaq sahəsinin yerində müayinə etmişdi. Müayinə zamanı torpaq sahələrinin şimal tərəfindən asfalt örtüklü yolun keçməsi, JN seriyalı, 770B nömrəli, 10300058 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən və sahəsi 0.27 hektar olan və X28, X24, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X17, Cavabdeh6 və X14 ümumi mülkiyyətində olan torpaq sahəsinin hər tərəfdən hasarlanması, asfalt örtüklü yol tərəfdən həmin torpaq sahəsində ensiz giriş qapısı olması, mübahisə predmeti olan torpaq sahələri arasında şimaldan cənuba doğru 48,60 metr uzunluğunda hasar inşa edilməsi, divarın cənub qurtaracağında enli darvaza qapısının quraşdırılması müəyyən edilir. Ekspert rəyində İddiaçı və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsinə cavabdehlərin 6,5 metr enində müdaxilə etməsini qeyd etdiyindən, göstərilən ölçü yerində yoxlanılmış və hazırda Cavabdeh1 sahibliyində olan torpaq sahəsi ilə iddiaçıya məxsus olan torpaq sahəsi arasında inşa edilmiş hasardan həmin ölçü çıxıldıqda sərhəd xəttində Cavabdeh1 tərəfindən təqribən 40 santimetr hündürlüyündə hasarla paralel olaraq darvaza qapısınadək tikili inşa etməsi müəyyən edilmişdi. Həmçinin mübahisə predmeti olan hasardan həmin ölçü çıxıldıqda Cavabdeh1 sahibliyində olan torpaq sahəsinin şimal-asfalt örtüklü yol tərəfdən olan hasarının qərb qurtaracağının da həmin ölçüdə iddiaçıya məxsus torpaq sahəsində inşa edilməsi müəyyən edilir. Mütəxəssis tərəfindən məhkəməyə təqdim edilmiş 06 iyun 2023-cü il tarixli, 02/115 nömrəli rəydən isə qeyd edilir ki, Cavabdeh1 tərəfindən onlara məxsus olan 770B nömrəli həyətyanı torpaq sahəsinin qərb hissəsində uzunluğu 48.60 metr olan hasar inşa edilmişdi. Həmin hasar şimaldan cənuba doğru 37.93 metr və qərbdən şərqə doğru 6.50 metr uzunluğunda İddiaçı məxsus olan 1338B nömrəli torpaq sahəsində inşa olunmuşdur. 770B nömrəli torpaq sahəsi ilə 1338B nömrəli torpaq sahəsinin sərhəd hissəsi sənəd üzərində 40.30 metrdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbindən yola çıxdıqda iddiaçının tələbi hasarın sökülməsi və torpaq sahəsinin boşaldılmasına dair hissədə əsaslı olması görünsə də, cavabdeh tərəf torpağın sənəddə olan ölçüsünə uyğun olaraq ölçülüb onlara verildiyini, onun ümumi ölçüsünün düzgün olduğunu, qonşuluğunda olan X18 ona torpaq sahəsi daxil olduğundan özünün torpaq sahəsinin ölçülərinin düzgün olmadığını, həmçinin özü tərəfindən hasarın tikilməsi zamanı ona heç kimin etiraz etmədiyini bildirərək iddianı qəbul etməmişdir. Cavabdeh1 iddia tələbinə qarşı etiraz kimi qeyd etdiyi əsasa hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, qonşuluqda olan torpaq sahəsinin sərhəd xətlərinin onun ərazisinə keçməsi ona əsas vermir ki, öz torpaq sahəsinin dövlət reyestrində olan ölçülərinin tamamlanması üçün digər qonşunun torpaq sahəsinin sərhədlərini pozsun. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinin tələbindən, həmçinin məhkəmədə araşdırılmış sübutlardan yola çıxaraq cavabdeh tərəfin nəzərinə çatdırır ki, hazırda onların inşa etdiyi hasar daşınmaz əmlakın dövlət reyestrində olan torpaq sahəsinin ərazi sərhədlərinə uyğun gəlməməsi müəyyən edilir. Cavabdeh tərəfin iddia tələbinə dair etirazının əsası kimi qeyd etdiyi özü tərəfindən hasarın tikilməsi zamanı ona heç kimin etiraz etməməsinə hüquqi münasibət bildirən məhkəmə onun nəzərinə çatdırır ki, tərəflərin məhkəmədə verdiyi izahatlardan onlar arasında torpaq sahəsi ilə bağlı 2011-ci ildən mübahisə olması inkar edilmir. Onlar arasında mübahisə olmasına baxmayaraq Cavabdeh1 isə məhkəmədə verdiyi izahatında bildirir ki, hasarı tikən zaman onun sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı səlahiyyətli orqana müraciət etməyib. Yəni o, lazimi diqqət göstərməli olduğu halda bunu etməyib. O, həmçinin izahatında onu da qeyd etmişdi ki, hasar tikilən zaman iddiaçı tərəf Bakı şəhərində olub. Bütün bu qeyd edilənlər isə cavabdeh tərəfin etirazının əsaslı olmamasını deməyə imkan verir. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi hasarın sökülməsi və torpaq sahəsinin boşaldılmasına dair hissədə qismən əsaslı olduğundan təmin edilməlidir. Çünki mübahisəli hasar bütünlüklə deyil, şimaldan cənuba doğru 37.93 metr, qərbdən şərqə doğru 6.50 metr uzunluğunda sökülməlidir. İddiaçının digər tələbi torpağın əvvəlki vəziyyətə qaytarılması olsa o, məhkəməyə onun əvvəllər olduğu vəziyyəti özündə əks etdirən sübut təqdim etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən, hazırki iş üzrə məhkəmə iddiaçının tələbini əsaslı saydığından, iddia tələbi qiymətləndirilməyən iddia tələbinə aid olduğundan, həmçinin mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh1 sahibliyində və istifadəsində olduğundan, yəni iddiaçının hüquqlarının pozulmasına bilavasitə o, səbəb olduğundan İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini əsaslı saydığından cavabdehlərə izah edir ki, Mülki Məcəllənin 176.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən, JN seriyalı, 1338B nömrəli, 10300058 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı, X6, X9, X10, X13 və X3 ümumi mülkiyyətində olan torpaq sahəsi ilə JN seriyalı, 770B nömrəli, 10300058 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X28, X24, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X17, Cavabdeh6 və X14 ümumi mülkiyyətində olan torpaq sahəsi arasında qanunsuz tikilmiş hasar İddiaçı, X6, X9, X10, X13 və X3 ümumi mülkiyyətində olan torpaq sahəsinə düşən hissədə, yəni şimaldan (asfalt örtüklü yoldan) cənuba doğru 37.93 (otuz yeddi metr, doxsan üç santimetr) metr, qərbdən şərqə doğru (asfalt örtüklü yol tərəfdən) 6.50 (altı metr, əlli santimetr) metr uzunluğunda sökülməli; - Cavabdeh1 həmin torpaq sahəsinin zəbt etdiyi hissəsindən (şimaldan cənuba doğru 37.93 (otuz yeddi metr, doxsan üç santimetr) metr, qərbdən şərqə doğru 6.50 (altı metr, əlli santimetr) metr uzunluğunda olan hissədən) məcburi qaydada çıxarılmalı; - iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; - İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq ona verilməli; -cavabdehlərə Azərbaycan Respublikası Mülki Məcəllənin 176.2-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində iştirak etməyi tələb etmək hüququ izah edilməlidir. Yekunda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən, JN seriyalı, 1338B nömrəli, 10300058 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı, X6, X9, X10, X13 və X3 ümumi mülkiyyətində olan torpaq sahəsi ilə JN seriyalı, 770B nömrəli, 10300058 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X28, X24, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X17, Cavabdeh6 və X14 ümumi mülkiyyətində olan torpaq sahəsi arasında qanunsuz tikilmiş hasar İddiaçı, X6, X9, X10, X13 və X3 ümumi mülkiyyətində olan torpaq sahəsinə düşən hissədə, yəni şimaldan (asfalt örtüklü yoldan) cənuba doğru 37.93 (otuz yeddi metr, doxsan üç santimetr) metr, qərbdən şərqə doğru (asfalt örtüklü yol tərəfdən) 6.50 (altı metr, əlli santimetr) metr uzunluğunda sökülsün. Cavabdeh1 həmin torpaq sahəsinin zəbt etdiyi hissəsindən (şimaldan cənuba doğru 37.93 (otuz yeddi metr, doxsan üç santimetr) metr, qərbdən şərqə doğru 6.50 (altı metr, əlli santimetr) metr uzunluğunda olan hissədən) məcburi qaydada çıxarılsın. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya verilsin. Cavabdehlərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 176.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində iştirak etməyi tələb etmək hüququ var. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver