Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-478/2021 29.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti «28” sentyabr 2021-ci ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 20 yanvar 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********21220 olan Samsung Galaxy A51 markalı telefon və Power Bank üçün 372.40 (üç yüz yetmiş iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 28 mart 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********33834 olan Samsung Galaxy A40 markalı telefon üçün 234.30 (iki yüz otuz dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə və 13 iyul 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********31733 olan Samsung Galaxy A51 markalı mobil telefon üçün 613.5 (altı yüz on üç manat, əlli qəpik) manat ödənilməmiş hissə, ümumilikdə isə 1220.20 (bir min iki yüz iyirmi manat, iyirmi qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 iyul, 20 yanvar və 28 mart 2020-ci il tarixli müqavilələrə əsasən Cavabdeh İMEİ kodu **********31733 və **********21220 olan 2 ədəd Samsung Galaxy A51, İMEİ kodu **********33834 olan Samsung Galaxy A40 markalı telefonlar və Power Bank almış və nəticədə onun 1220.20 (bir min iki yüz iyirmi manat, iyirmi qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və 13 iyul 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 829 (səkkiz yüz iyirmi doqquz) manat (12 ay x 65.50 manat + 43 manat ilkin ödəniş) təşkil edən və İMEİ kodu **********31733 olan Samsung Galaxy A51 markalı mobil telefon üçün ümumilikdə 613.50 (altı yüz on üç manat, əlli qəpik) manat, 20 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 900.80 (doqquz yüz manat, səksən qəpik) manat (12 ay x 70.90 manat + 50 manat ilkin ödəniş) olan İMEİ kodu **********21220 olan Samsung Galaxy A51 markalı telefon və Power Bank üçün ümumilikdə 372.40 (üç yüz yetmiş iki manat, qırx qəpik) manat, 28 mart 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 605.50 (altı yüz beş manat, əlli qəpik) manat (6 ay x 78.10 manat + 137 manat ilkin ödəniş) manat olan İMEİ kodu **********33834 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 234.30 (iki yüz otuz dörd manat, otuz qəpik) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1152.2 (bir min bir yüz əlli iki manat, iyirmi qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli arayışından və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Sirab kəndində rəsmi qeydiyyatda olması aydın olur. Həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə onun faktiki yaşayış yeri kimi ünvan 1 ünvanı qeyd edilmişdi. Cavabdehə məhkəmə sənədləri, yəni iddiaçının ərizəsinin, məhkəmənin 28 sentyabr 2021-ci il tarixli, 2(079)-478/2021 nömrəli qərardadının surəti, eyni tarixli və nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun hər iki ünvanına rəsmi qaydada göndərilmişdi. Belə ki, mülki iş materiallarında olan sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 07 oktyabr 2021-ci ildə təqdim edilməsi aydın olur. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdı. Eyni zamanda ona göndərilmiş 28 sentyabr 2021-ci il tarixli, 2(079)-478/2021 nömrəli qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh oğlu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 20 yanvar 2020-ci il tarixli, 20049571 nömrəli, 28 mart 2020-ci il tarixli, 20207784 nömrəli və 13 iyul 2020-ci il tarixli, 21019998 nömrəli alqısatqı müqavilələri bağlanmış və həmin müqavilələr üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -müqavilələrin 1.1 və 2.1-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyaları, yəni İMEİ kodu **********21220 olan Samsung Galaxy A51 markalı telefon və Power Bankı (20 yanvar 2020-ci il tarixli, 20049571 nömrəli müqaviləyə üzrə), İMEİ kodu **********33834 olan Samsung Galaxy A40 markalı telefonu (28 mart 2020-ci il tarixli, 20207784 nömrəli müqavilə üzrə) və İMEİ kodu **********31733 olan Samsung Galaxy A51 markalı mobil telefonu (13 iyul 2020-ci il tarixli, 21019998 nömrəli müqavilə üzrə) Cavabdeh verir, sonuncu isə malları müqavilə göstərilən şərtlərlə qəbul edir; - müqavilələrin 2.2-ci, 2.3-cü və 3.7-ci bəndlərindən aydın olur ki, müqavilənin predmeti təşkil edən mala dair məlumat və malın qiyməti həmin müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malı ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; -həmçinin müqavilələrin 2.4-cü bəndinə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir; -müqavilələrin qüvvədə olma müddəti isə həmin müqavilənin 4.3-cü maddəsi ilə müəyyən edilir ki, həmin maddəyə əsasən müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir; -bundan əlavə müqavilələrə edilmiş əlavələrdən isə aydın olur ki, həmin əlavələr tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavələrə əsasən; --20 yanvar 2020-ci il tarixli, 20049571 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 18 fevral 2020-ci ildən başlayaraq 12 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 70.90 (yetmiş manat, doxsan qəpik) manat; --28 mart 2020-ci il tarixli, 20207784 müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 30 aprel 2020-ci ildən başlayaraq 6 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 78.10 (yetmiş səkkiz manat, on qəpik) manat; -- 13 iyul 2020-ci il tarixli, 21019998 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 20 avqust 2020-ci ildən başlayaraq 12 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 65.50 (altmış beş manat, əlli qəpik) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 20 yanvar, 28 mart və 13 iyul 2020-ci il tarixli əşyaların təhvil-təslim aktlarından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona göndərilmiş 09 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubundan onun müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Mülki Məcəllənin 600-cü maddəsində isə nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 13 sentyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh 20 yanvar 2020-ci il tarixli, 20049571 nömrəli müqavilə üzrə 528.40 (beş yüz iyirmi səkkiz manat, qırx qəpik) manat, 28 mart 2020-ci il tarixli, 20207784 nömrəli müqavilə üzrə 371.30 (üç yüz yetmiş bir manat, otuz qəpik) manat və 13 iyul 2020-ci il tarixli, 21019998 nömrəli müqavilə üzrə 215.50 (iki yüz on beş manat, əlli qəpik) manat ödəniş etmiş və hazırda onun əsas borc üzrə iddiaçıya 1220.20 (bir min iki yüz iyirmi manat, iyirmi qəpik) manat ödənilməmiş öhdəliyi mövcuddur. Məhkəmə tərəfindən iddiaçının tələbinin əsaslı saydığından Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - 20 yanvar 2020-ci il tarixli, 20049571 nömrəli müqavilə üzrə 372.40 (üç yüz yetmiş iki manat, qırx qəpik) manat, 28 mart 2020-ci il tarixli, 20207784 nömrəli müqavilə üzrə 234.30 (iki yüz otuz dörd manat, otuz qəpik) manat və 13 iyul 2020-ci il tarixli, 21019998 nömrəli müqavilə üzrə 613.50 (altı yüz on üç manat, əlli qəpik) manat məbləğində ödənilməmiş hissə olmaqla, ümumilikdə 1220.20 (bir min iki yüz iyirmi manat, iyirmi qəpik) manat məbləğində borc Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli; -həmçinin Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. 20 yanvar 2020-ci il tarixli, 20049571 nömrəli müqavilə üzrə 372.40 (üç yüz yetmiş iki manat, qırx qəpik) manat, 28 mart 2020-ci il tarixli, 20207784 nömrəli müqavilə üzrə 234.30 (iki yüz otuz dörd manat, otuz qəpik) manat və 13 iyul 2020-ci il tarixli, 21019998 nömrəli müqavilə üzrə 613.50 (altı yüz on üç manat, əlli qəpik) manat məbləğində ödənilməmiş hissə olmaqla, ümumilikdə 1220.20 (bir min iki yüz iyirmi manat, iyirmi qəpik) manat məbləğində borc Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Həmçinin Cavabdeh oğlundan 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-478/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-478/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver