Məhkəmə qərarları › İş №2(080)-145/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-145/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-145/2021 29.09.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 199.06 (yüz doxsan doqquz manat, 06 qəpik) AZN əsas, 215.35 (iki yüz on beş manat, 35 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 29,19 (iyirmi doqquz manat, 19 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh 23 iyun 2015-ci il tarixli, 95/26 saylı 1256166ssuda hesablı “kredit katrının verilməsi və istifadəsi üzrə müqavilə”yə əsasən İddiaçı ASC tərəfindən 36 ay müddətinə, 800 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin müddəti 18 fevral 2021-ci il tarixdə bitsə də, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina etmişdir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə müraciət olunmasına baxmayaraq, o, borcun ödənilməsindən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ASC-yə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi Aynur Mahmudova teleqramla məhkəməyə müraciət etmiş, mülki işə iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 23 iyun 2015-ci il tarixli, 95/26 nömrəli (ssuda hesabı 1256166) kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, İddiaçı ASC və Cavabdeh müqavilə bağlanmış, Cavabdeh 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. 29 mart 2021-ci il tarixli, **********270 nömrəli arayışdan görünür ki, Cavabdeh 19 fevral 2021-ci il tarixli, 95/26 nömrəli müqavilə üzrə 199.06 (yüz doxsan doqquz manat, 06 qəpik) AZN əsas, 215.35 (iki yüz on beş manat, 35 qəpik) AZN cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 29,19 (iyirmi doqquz manat, 19 qəpik) manat, cəmi 443.60 (dörd yüz qırx üç manat, 60 qəpik) manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, kredit kartının verilməsi və istifadəsi müqaviləsinin 1.1-ci maddəsinə əsasən müqavilənin predmetini bank tərəfindən buraxılmış “Dəmir Taksit” kredit kartının müştəriyə verilməsi, kart vasitəsi ilə kredit xəttinin açılması, müştəri tərəfindən isə kart vasitəsi ilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yertirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə əməliyyatların həyata keçirilməsi barədə öhdəlikdir. Kredit kartının verilməsi və istifadəsi müqaviləsinin 3-cü maddəsinə əsasən İddiaçı ASC Cavabdeh 36 ay müddətə 800 manat məbləğində kredit xətti açmış, Cavabdeh istifadə etdiyi məbləği müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını öz öhdəsinə götürmüşdür. Kredit kartının verilməsi və istifadəsi müqaviləsinin 3.5-ci maddəsində qeyd edilmişdir ki, kredit üzrə ödənişlər kartdan hər növbəti vəsaitin məxaric olunduğu gündən etibarən müqavilədə göstərilən aralıqlara və ya sayına uyğun hesablanmaqla hər növbəti ayın 10-dək bərabər hissələrlə həyata keçirilir. Hər növbəti ayın 10-dək ödəniş olmayıbsa, ödənilməyən borc məbləğinə illik 54% dərəcəsi ilə cərimə hesablanır. İş materiallarından görünür ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən xəbərdarlıq edilmiş, ona edilmiş xəbərdarlıq heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı müqaviləyə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borc, əsas borca hesablanacaq faizlərin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Mülk Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehdən hesablanmış illik beş faiz olmaqla, 32.82 manat pul tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə də iddia əsaslıdır, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının 215.35 manat cərimə tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə iddia qismən təmin edilməli, cərimə məbləği azaldılmalı, 100 manat məbləğində cərimə cavabdehdən alınıb, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23 iyun 2015-ci il tarixli 95/26 (ssuda hesabı 1256166) nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə 199.06 manat əsas borc, 100 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz-29.19 manat, cəmi 443.60 manat alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin Azərbaycan Respublikası MPM-in 114.1.1-ci maddəsinə əsasən tələb edilən miqdardan artıq ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 199.06 manat əsas borc, 100 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz-29.19 manat cəmi 328,79 və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar