Məhkəmə qərarları › İş №2(089)-113/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-113/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-113/2021 08.05.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin nümayəndəsi Dilqəm Musayev məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 1135,51 manat əsas borc, 55.35 manat faiz borcu, 271.61 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Dilqəm Musayev ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-i ilə Cavabdeh arasında bağlanmış 20 may 2020-ci il tarixli, SBNPU-3099 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə illik 22% dərəcəsi ilə, 16 ay müddətinə, 1729 manat məbləğində kredit vermişdir. Lakin borclu kredit və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmiş, cavabdeh öhdəliyi icra etməmişdir. İş materiallarına əlavə edilmiş 20 may 2020-ci il tarixli, SBNPU-3099 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 22% dərəcəsi ilə, 16 ay müddətinə, 1729 manat məbləğində kredit vermişdir. 20 may 2020-ci il tarixli, SBNPU-3099 saylı kredit müqaviləsinin 1-ci maddəsindən görünür ki, borc verən müqavilənin şərtləri daxilində borcalana istehlak məqsədilə 1729 manat məbləğində kredit verməyi, borc alan isə aldığı krediti müqavilədə nəzərdə tutulan şərtlərlə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 20 may 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, 1729 manat Cavabdeh nəğd olaraq təqdim edilmişdir. 16 mart 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı ASCyə 1135.51 manat əsas borcu, 55.35 manat faiz borcu, 271.61 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi cavabdehin icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borcalan onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1, 284-5.2 və 284-5.3cü maddələrinə əsasən kiçik iddiaya dair ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının tələbi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 284-5-284- 6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-in xeyrinə 1135.51 manat əsas borc, 55.35 manat faiz borcu, 271.61 manat dəbbə borcu, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1492.47 (bir min dörd yüz doxsan iki manat qırx yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X1 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar