Məhkəmə qərarları › İş №2-1(083)-2240/2019

Gəncə İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(083)-2240/2019

24.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(083)-2240/2019 24.12.2019 GƏNCƏ İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Abbasov Natiq Mehdi oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamentinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs X11) qarşı reyestr məlumatın silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə 21.11.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, hüquqi şəxslərin dövlət reyestrindən onun “Stella” şirkətinin rəhbəri olması barədə məlumatın silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tərəf İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1998-ci ildə Stella şirkətini təsis etmiş və şirkətin nizamnamə kapitalının 100 %-i ona məxsus olmuşdur. 2017-ci ildə isə həmin şirkətin nizamnamə kapitalında olan 100% payını Gəncə şəhər 1 saylı notariat kontorunda təsdiq olunmuş 21.07.2017-ci il tarixli 3M-78 reyestr nömrəli müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən X3. Hazırda iddiaçının həmin şirkətlə heç bir əlaqəsi yoxdur. Lakin şirkətə aid olan bütün məktublar onun ünvanına gəlir. Belə ki, üstündən iki ildən artıq vaxt keçməsinə baxmayaraq, bugünə kimi hüquqi şəxslərin dövlət reyestrində “Stella” şirkətinin rəhbəri kimi iddiaçının adı gedir. Bu səbəbdən cavabdeh inzibati orqana müraciət edərək, hüquqi şəxslərin dövlət reyestrindən iddiaçının “Stella” şirkətinin rəhbəri olması barədə məlumatın silinməsini xahiş etmişdir. Lakin onun ərizəsinə tamamilə əsassız olaraq imtina cavabı verilmişdir. Səbəb kimi isə yeni təsisçinin qərarının, onun şəxsiyyətini təsdiq edən sənədin surətinin, dəyişikliyi təsdiq edən sənədin müvafiq ərizə forması ilə birlikdə təqdim olunmalı olduğu göstərilmişdir. Lakin yeni təsisçinin qeyd edilən sənədləri təqdim etməməsi iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz və vergi orqanı iddiaçının müraciəti əsasında da hüquqi şəxslərin dövlət reyestrində müvafiq düzəlişlər edə bilər. Ona görə də hesab edir ki, cavabdeh təşkilatın bu hərəkətləri mənim hüquqlarımı məhdudlaşdıran hərəkət kimi qiymətləndirilməlidir. . Cavabdeh tərəf: Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddiaçının da qeyd etdiyi kimi səhmlər satılıb, lakin bu barədə 12 saylı Ərazi Vergilər Baş İdarəsinə məlumat verilməmişdir. Hüquqi şəxslərin dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 5-ci və 9-cu maddələrinə əsasən müvafiq sənədlər təqdim edilmədiyindən iddiaçının müraciətindən imtina edilmişdir. Hazırda üçüncü şəxsə məktub ünvanlanaraq müvafiq sənədlərin təqdim edilməsi təklif edilmişdir. Sonuncu məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 izahatında bildirmişdir ki, üçüncü şəxs hazırkı vaxtadək sənədləri təqdim etməmişdir. Məhkəmə araşdırmasının predmetini 21.07.2017-ci il tarixli “müəssisədəki payın alqı-satqı” müqaviləsi, X7 notariat qaydada təsdiq edilmiş 12.07.2017-ci il tarixli ərizəsi, cavabdehin imtinası təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mahiyyəti üzrə həm də əsaslıdır. Belə ki, işin faktiki hallarından görünür ki, 21.07.2017-ci il tarixdə İddiaçı, 12 saylı Ərazi Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 29.01.1998-ci il tarixli, Dövlət qeydiyyat nömrəsi ********** ilə təsdiq edilmiş Dövlət reyestrindən Çıxarış əsasında qeydiyyatdan keçmiş “Stella” şirkətinin Nizamnamə kapitalında ona məxsus olan 100% 20 manata alıcı X1. Müqavilə tərəflərin onu imzaladığı və müqavilənin notariat qaydasında təsdiq edildiyi anından qüvvəyə minmişdir. Müqavilə imzalandığı andan İddiaçı müəssisənin təsisçisi statusu ilə bağlı malik olduğu bütün vəzifə və öhdəliklərini itirmiş hesab edilmiş, ona-Satıcıya məxsus olan səlahiyyət və əmlak üzərində sərəncam hüququ alıcı X2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Hüquqi şəxslərin dövlət qeydiyyatının aparılması, istifadəsi və mühafizəsi qaydaların 3.1.13-cü bəndinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barədə təsis sənədlərinə edilən hər bir dəyişiklik və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi əks etdirilməlidir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi təsisçi dəyişikliyinin qeydiyyata alınması üçün ərizə ilə onlara müraciət edilməməsini əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə cavabdehin imtinası ilə bağlı qeyd edir ki, hazırda İddiaçı “Stella” şirkəti üzrə vəzifə və öhdəlikləri itirilmiş hesab edilmişdir. Başqa sözlə, iddiaçının hazırda həmin hüquqi şəxslə hüquqi əlaqəsi qalmamışdır. Yeni təsisçi tərəfindən müvafiq ərizənin, sənədlərin təqdim edilib-edilməməsindən asılı olmayaraq hüquqi şəxslə heç bir hüquqi əlaqəsi olmayan şəxs barədə məlumat reyestrdən silinməli və hüquqi şəxs haqqında dəyişikliklər dövlət reyestrində qeydiyyata alınmalıdır. Vergi Məcəlləsinin 24.0.7-ci maddəsinə əsasən vergi orqanları kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərməyə borcludurlar. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Stella” şirkətinin təsisçisi olması barədə məlumat hüquqi şəxsin dövlət reyestrindən silinsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar