Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(086)-1584/2019 27.06.2019 ŞİRVAN İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Şirvan İnzibati-İqtisadi Məhkəməsi hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı (Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 3A, mənzil 46-da yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Dövlət Sosial X5 şəhər şöbəsinin nümayəndəsi X1 (Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 7, mənzil 44-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial X5 şəhər şöbəsinə qarşı ona hüququnun yarandığı 10.03.2007-ci il tarixdən, 55 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən təyin edilməsinin və həmin tarixdən 10.03.2009-cu il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial X5 şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 10.03.2007-ci il tarixdən, 55 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən təyin edilməsinin və həmin tarixdən 10.03.2009-cu il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1952-ci il tarixdə Masallı rayonu, Şərəfxanlı kəndində anadan olub, hazırda Şirvan şəhərində yaşayır. O, 04.07.1969-cu il tarixdən 10.03.2015-ci il tarixə kimi işləmiş və hazırda 46 il əmək stajı vardır. Həmin stajının 22.05.1973-cü il tarixdən 22.02.1985-ci il tarixə kimi “Əli Bayramlı NQÇİ”-də “qliçinrastvor üzrə mühəndis”, 01.08.1988-ci il tarixdən 04.03.1992-ci il tarixə kimi “Azneft İB”-nin “Əli Bayramlı NQÇİ”-də “qazma sahəsində qazma üzrə mühəndis”, 04.03.1992-ci il tarixdən 13.11.1992-ci il tarixə kimi həmin idarədə “buruq ustası”, 13.11.1992-ci il tarixdən 27.04.1994-cü il tarixə kimi həmin idarədə “təmir üzrə çilingər”, 27.04.1994-cü il tarixdən 01.09.1996-cı il tarixə kimi “Azərpetoil MM”-də “təmirçi çilingər”, 01.09.1996-cı il tarixdən 01.12.2000-ci il tarixə kimi “Karasu OC”-də “qazma sahəsində təmir-tikinti üzrə usta”, 01.12.2000-ci il tarixdən 01.01.2006-cı il tarixə kimi həmin idarədə “qazma sahəsində təmir-tikinti üzrə usta” peşəsində işləmişdir. Bu səbəbdən ona 10.03.2009-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda təqaüdçüdür. Halbuki cavabdeh inzibati orqan tərəfindən ona 10.03.2007-ci il tarixdən, yəni 55 yaşından pensiya təyin edilməli və “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əsasən həmin tarixdə aldığı əmək haqqına əsasən pensiya təyin edilməli idi. Çünki onun 01.08.1997-ci il tarixə kimi 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olduğu üçün o, 55 yaşdan, 10.03.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Qeyd edilənlərə əsasən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət Sosial X5 şəhər şöbəsinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmişdir. İddiaçıya əmək pensiyası hüququnun yarandığı 10.03.2009-cu il tarixdən müraciət etdiyi dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq, yəni “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 57 yaşdan əmək haqqı əsasında hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda aylıq əmək pensiyasının məbləği 1097,85 manatdır. Vətəndaşların əmək pensiyasının əmək haqqında uyğun hesablanması 01.01.2010-cu il tarixdən qanunla ləğv edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına uyğun hesablanması mövcud qanunvericilikdə nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin yenidən hesablanması mümkün deyildir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Masallı rayonunun Şərəfxanlı kəndində anadan olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus 16.11.1970-ci il tarixli, ******* saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, o, 16.11.1970-ci il tarixdən 10.11.1972-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus 22.12.1969-cu il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 14.07.1969-cu il tarixdən 10.03.2015-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur, ümumi iş stajı 25 ildən artıqdır və onun 12 il 6 aydan artıq güzəştli əmək stajı vardır. İş materiallarında olan “X4” tərəfindən verilmiş 23.01.2019-cu il tarixli, 329 saylı arayışında İddiaçı 2004-2005-ci illərin aylar üzrə əmək haqqı cədvəli öz əksini tapmışdır. İş materiallarında olan Dövlət Sosial X5 şəhər şöbəsinin iddiaçıya ünvanladığı 08.04.2019-cu il tarixli, **********5 saylı məktubunda qeyd edilir ki, İddiaçıya əmək pensiyası hüququnun yarandığı 10.03.2009-cu il tarixdən müraciət etdiyi dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq, yəni “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 57 yaşdan əmək haqqı əsasında hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda aylıq əmək pensiyasının məbləği 1097,85 manatdır. Vətəndaşların əmək pensiyasının əmək haqqında uyğun hesablanması 01.01.2010-cu il tarixdən qanunla ləğv edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına uyğun hesablanması mövcud qanunvericilikdə nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin yenidən hesablanması mümkün deyildir. İş materiallarında olan Dövlət Sosial X5 şəhər şöbəsinin məhkəməyə ünvanladığı 27.06.2019-cu il tarixli, **********0 saylı məktubunda qeyd edilir ki, iddiaçıya əmək pensiyası hüququnun yarandığı 10.03.2009-cu il tarixdən müraciət etdiyi dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq, yəni “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 57 yaşdan əmək haqqı əsasında hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda aylıq əmək pensiyasının məbləği 1097,85 manatdır. Vətəndaşların əmək pensiyasının əmək haqqında uyğun hesablanması 01.01.2010-cu il tarixdən qanunla ləğv edilmişdir. Bu səbəbdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 55 yaşdan əmək haqqına uyğun yenidən hesablanması mümkün deyildir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 27.10.2009-cu il tarixli, 904-İİİQD nömrəliAzərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni 01.01.2010-cu il tarixədək qüvvədə olan“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (01.01.2010cu il tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd edir ki, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Əmək pensiyası hüququ olan şəxsə hüququnun yarandığı tarixdən əmək pensiyasının məbləği hesablanıb ödənilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər –istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsindən görünür ki, İddiaçı işlədiyi peşələr (“bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) (2130100b—22247)” “buruqların ustaları və onların köməkçiləri (1100000b—23196)”, texnoloji qurğuların təmiri üzrə çilingərlər (1100000a—18547)”, “dəniz buruqları özüllərinin və estakadaların quraşdırılması və təmiri üzrə çilingərlər (1100000a—18496)”, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər (1100000a—18559)” və s.) yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında öz əksini tapmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı10.03.2007-ci il tarixdə 55 yaşı tamam olduğu vaxt onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olsa da, ona 10.03.2009-cu il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən cavabdeh inzibati orqan iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələblərini nəzərə almaqla əmək pensiyasını təyin etməli olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 10.03.2007-ci il tarixdən, 55 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən təyin edilməsi və həmin tarixdən 10.03.2009-cu il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyi Dövlət Sosial X5 şəhər şöbəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 10.03.2007-ci il tarixdən, 55 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən təyin edilməsi və həmin tarixdən 10.03.2009-cu il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyi Dövlət Sosial X5 şəhər şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-1(086)-1584/2019
Şirvan İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(086)-1584/2019
27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver