Məhkəmə qərarları › İş №2-1(086)-2456/2019

Şirvan İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(086)-2456/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(086)-2456/2019 04.12.2019 ŞİRVAN İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçı (orta təhsilli, ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, ona veteran adının və veteran vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edib, iddia ərizəsində dəqiqləşdirmə apararaq, iddiaçı olduğu kimi saxlanılmaqla, cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tanınaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya üçüncü şəxs siyahısından çıxarılaraq, iddia tələbinə isə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 2-1(086)- 2456/2019 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Neftçala rayon Hərbi Komissarlığı tərəfindən 26 oktyabr N-cü ildə səfərbərliklə əlaqədar təxminən 10 nəfər Neftçala rayon sakini toplanışa çağırılmışlar. Həmin gündə 10 nəfəri Daşburuna gətiriblər. Orada onlara təlim məşqi keçdikdən sonra bölgü aparılmışdır. 10 nəfər şəxsin arasından tək olaraq 12 dekabr N-cü ildə Füzuli rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. N dekabr N-cü il tarixdən 01 fevral 1994-cü il tarixə qədər Əhmədbəyli və Əlixanlı kəndlərinin müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. N saylı hərbi hissənin verdiyi arayışdan da görünür ki, o, N dekabr N-cü ildən erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. O, müvafiq sənədləri toplamaq üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə 19 yanvar 2011-ci ildə məktub ünvanlamışdır. Ünvanladığı məktub əsasında Neftçala rayon Hərbi Komissarlığına ünvanlanmış Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisinin 10 fevral 2011-ci il 10/2-434 saylı cavab məktubunda bildirilir ki, "Sizin hərbi komissarlıqda qeydiyyatda olan İddiaçı xx.xx.2011-ci il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, N saylı hərbi hissənin komandirinin əmr kitablarında dekabr N-cü il tarixlərdə hərbi hissəyə qəbul edilməsi və yanvar-fevral 1994-cü il tarixlərdə sonrakı xidməti barədə heç bir məlumat yoxdur. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın ona ünvanlanmış 17 mart 2017-ci il 1/Ə 2606 saylı məktubunda bildirilir ki, "Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2017-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Arxiv arayışında xidmətiniz təsdiqlənmədiyindən Sizə "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Sonuncu olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2019-cu il 1/Ə-1669 nömrəli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya"nın xx.xx.2017-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Arxiv arayışında hərbi xidmətiniz təsdiqlənmədiyindən Sizə "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Yuxarıda göstərilən yazışmalardan görünür ki, ona "müharibə veteranı" və müvafiq vəsiqənin verilməməsi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin əmr kitablarında dekabr N-cü il tarixlərdə hərbi hissəyə qəbul edilməsi və yanvar-fevral 1994-cü il tarixlərdə xidməti barədə heç bir məlumatın olmaması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Neftçala rayon Hərbi Komissarlığının 31 yanvar 2012-ci il tarixli 4/138 saylı arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı 26 oktyabr N-cü ildə səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmışdır. Əsas: Səfərbərliklə əlaqədar hərbi xidmətə çağırış hərbi vəzifəlilərin əlifba kitabı - 1992-1994-cü illər səh.13 s/s 150. N saylı hərbi hissə komandiri Zaid Hüseynovun verdiyi arayışdan da görünür ki, N dekabr N-cü ildən 01 fevral 1994-cü ilə qədər erməni təcavüzkarlarına qarşı döyüşlərdə iştirak etmişdir. Hərbi biletinin 13-cü səhifəsində N saylı hərbi hissənin ştab rəisi kapitan Bəndəliyevin hərbi biletdəki qeydi ilə təsdiq olunur ki, N-1994-cü illərdə hərbi hissənin tərkibində olmuşdur. N saylı hərbi hissədən tərxis olunub qayıtdıqdan sonra hərbi biletin 6,7 səhifələrində edilmiş qeyddən görünür ki, xx.xx.1992-xx.xx.1994-cü illərdə N saylı hərbi hissənin tərkibində olub, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya hərbi biletinin 6,7 və 13 səhifələrindəki qeydləri, N saylı hərbi hissənin komandirinin verdiyi arayışı əsas götürərək, ona veteran adını və vəsiqəsini verə bilərdi. Qeyd edilən sənədlərə əsasən ona müharibə veteranı adının və veteran vəsiqəsinin verilməsi üçün kifayət qədər əsaslar vardır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 25 oktyabr 2019-cu il tarixli 11/5149 saylı etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.N-cü ildən xx.xx.1994-cü ilədək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində iddiaçının xidməti barədə məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Odur ki, İddiaçı tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixdə Neftçala RPŞ tərəfindən verilmiş Seriya AZE 08844240 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuş, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ünvanında qeydiyyatdadır. İş materialında olan НЗ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onun xx.xx.N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsinə dair hərbi biletin 7-ci səhifəsində qeydlər vardır. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Neftçala rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 4/138 saylı arayışın surətindən görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı xx.xx.N-cü ildə səfərbərliklə əlaqədar hərbi xidmətə göndərilmişdir. Əsas: Səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılış hərbi vəzifəlilərin əlifba kitabı -1992-1994-cü illər səh.13, s/s 150. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən Neftçala rayon Hərbi Komissarlığına ünvanlanmış 10 fevral 2011-ci il tarixli 10/2-434 saylı məktubun surəti ilə müəyyən olunur ki, İddiaçı N saylı hərbi hissə komandirinin əmr kitablarında dekabr N-cü il tarixlərdə hərbi hissəyə qəbul edilməsi və yanvar-fevral 1994-cü il tarixlərdə sonrakı xidməti barədə heç bir məlumat yoxdur. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinə ünvanlanmış xx.xx.2017-ci il tarixli 9/2-512 saylı məktubun surətindən görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin dekabr N-cü il tarixli və fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 1/Ə-1669 saylı məktubunda qeyd olunmuşdur ki, Sizə «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın xx.xx.2017-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Arxiv arayışında hərbi xidmətiniz təsdiqlənmədiyindən Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsinə dair Neftçala rayon Hərbi Komissarlığı tərəfindən verilmiş НЗ ******* nömrəli hərbi biletin 7ci səhifəsində qeydlər aparılsa da, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivində onun hərbi xidməti barədə məlumat aşkar olunmamışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan sonra, Əsasnamə bir neçə dəfə dəyişdirilmişdir. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi müharibə veteranı adı və vəsiqəsinin verilməsini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, qüvvədə olan Əsasnamə isə 1991-ci il oktyabrın 9-dan sonrakı dövr üçün bunun verilməsini belə əməliyyatlarda iştirak etmiş şəxslərdən hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, hərbi qulluqçulara, o cümlədən yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara şamil etmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» 1992-ci il 19 fevral tarixli 313 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki 25 dekabr 1999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 1996-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 186-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli 9/2-512 saylı məktubunda N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin dekabr N-cü il tarixli və fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivində N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin dekabr N-cü il tarixli və fevral 1994cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar edilmədiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar