Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1022/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İbrahimzadə Toğrul Qalib oğlunun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İbrahimzadə Toğrul Qalib oğlunun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Cavabdeh qarşı “diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Təhsil Universitetinin GATU ****** nömrəli Stomatologiya diplomuna əsasən, Səhiyyə fakültəsinin ##.##.2015-ci il tarixli ** nömrəli qərarı ilə İbrahimzadə X1 Doktoru dərəcəsi ilə təltif olunmuşdur.
2. CİU ****** nömrəli diş həkimi diplomundan görünür ki, Tibb fakültəsinin ##.##.2023cü il tarixli ** nömrəli qərarı ilə ona həkim-stomatoloq dərəcəsi verilmişdir.
3. Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin ##.##.2025-ci il tarixdə məktubunda onun 2021-2023-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə giriş-çıxış və qeydiyyat İAMAS bazasında qeydə alınmış məlumatlarda 2022-2023-cü il tarixlərdə Gürcüstan Respublikasında olduğu müddət təxminən 8 ay 15 gün qeyd edilmişdir.
4. MMC Qafqaz Beynəlxalq Universitetinin ##.##.2024-cü il tarixli arayışına əsasən, o, ali təhsil müəssisələrinə birgə milli imtahanlarda ümumi (magistr imtahanlarında iştirak etmədən təhsil almaq hüququ olan abituriyentlər (magistrant namizədlər) tələbələr tərəfindən sənədlərin təqdim edilməsi və onlara baxılması qaydalarının təsdiq edilməsi haqqında “Gürcüstan təhsil, elm və gənclər nazirinin №* 21 0000424328-##.##.2021-ci il tarixli əmrinə və Qafqaz Beynəlxalq Universitetinin rektorunun **-***-****-**-** saylı əmrinə əsasən Tibb Fakültəsinin stomatologiya bir pilləli ingilis dilli təhsil proqramının 1-ci semestr tələbəsi kimi qəbul edilmişdir. O, Heydər Əliyev adına Gürcüstan Azərbaycan tədris Universiteti MMC-də keçdiyi təhsil kreditlərinin tanınmasına uyğun olaraq, rektorun ##.##.2021-ci il tarixli **-*** saylı əmrinə əsasən, 8-ci semestrdən təhsilini davam etdirmişdir. Müvafiq proqram üzrə təhsil müddəti beş ildir. Stomatologiya fakültəsinin ingilis dili tədris proqramı çərçivəsində bütün komponentlər üzrə alınan müsbət qiymətlərə əsasən (Tibb fakültəsinin ##.##.2023-cü il tarixli ** saylı qərar və rektorun **-*** saylı əmri / ##.##.2023) ona diplomlu stomatoloq Akademik dərəcəsi verilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
5. İbrahimzadə Toğrul Qalib oğlu (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin ##.##.2025-ci il tarixli NA******** saylı qərarının ləğv edilməsi, Gürcüstan Respublikasının Qafqaz Beynəlxalq Universitetinin “Stomatologiya” ixtisasını bitirməyinə dair ##.##.2023-cü il tarixli ****** saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ilin iyul ayında Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin “stomatologiya” fakültəsinə bakalavr pilləsi üzrə qəbul olunmuşdur. 2015-ci ilin iyul ayında həmin universiteti müvəffəqiyyətlə bitirmiş, ##.##.2015-ci il tarixli, qeydiyyat nömrəsi 000510 olan ****** saylı diplom almışdır. Diplomu əldə etdikdən sonra onun Gürcüstan Respublikasında apostil edilməsini təmin etmək məqsədilə müraciət edərkən məlum olmuşdur ki, 2013-cü ilin sonlarından etibarən, yəni onun təhsilə başlamasından üç il sonra həmin universitetin diplomlarının digər ölkələrdə tanınması dayandırılmışdır. Bu barədə əvvəlcədən məlumat verilmədiyi üçün o da daxil olmaqla universitetə artıq qəbul olunmuş tələbələr təhsillərini tam şəkildə davam etdirmiş və hər il tələb olunan təhsil haqqını ödəmişlər. O, hesab edir ki, bu hal onun təhsil hüquqlarını poza bilməz və pozmamalıdır. Lakin məhz bu əsasla diplomunun apostil edilməsindən imtina olunmuş, yalnız məhkəmə qərarı ilə apostil təmin edilərək Gürcüstan Respublikası tərəfindən tanınmışdır. Buna baxmayaraq, o, 2016-cı ildə diplomunun Azərbaycan Respublikasında tanınması üçün müvafiq quruma müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məhz bundan sonra 2021-ci ildə diplomunun tanınması məqsədilə, təhsilini davam etdirərək diplom almaq üçün elektron poçt vasitəsilə Gürcüstan Respublikasının Qafqaz Beynəlxalq Universitetinə müraciət etmişdir. Müraciətinə cavab olaraq sözügedən universitet tərəfindən əvvəlki diplomunun və qiymət kitabçasının surətləri tələb olunmuş, həmçinin ingilis dili biliyinin yoxlanılması məqsədilə onunla müsahibə aparılacağı bildirilmişdir. Sözügedən sənədləri universitetə təqdim etmiş, eyni zamanda müsahibədə (pandemiya şəraiti olduğundan onlayn qaydada) iştirak etmişdir. Bildirir ki, sonda sözügedən universitet tərəfindən elektron poçt vasitəsilə göndərilən cavab məktubunda müsahibədən uğurla keçdiyi və universitetə qəbul olunduğu bildirilmişdir. Lakin əvvəl təhsil aldığı Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti ilə Qafqaz Beynəlxalq Universiteti arasında keçirilən fənlər, həmin fənlər üzrə müəyyən olunmuş kreditlər və dərs saatları ilə bağlı uyğunsuzluqlar səbəbindən 3 semestr əlavə təhsil almalı olduğu bildirilmişdir. Qeyd edir ki, həmin dövrdə atasının qəfil dünyasını dəyişməsi səbəbindən o, təhsilini nəzərdə tutulan 3 semestr yox, 4 semestr ərzində başa vurmuşdur. Həmin dövrdə kifayət qədər uzun müddət Gürcüstan Respublikasının ərazisində olmuşdur. 2023-cü ildə sözügedən universiteti də müvəffəqiyyətlə başa vurmuş, ##.##.2023-cü il tarixli, qeydiyyat nömrəsi 004568 olan ****** saylı diplom almışdır. Diplomunun Azərbaycan Respublikasında tanınması məqsədilə cavabdehə müraciət etmişdir. Sözügedən universitetdə təhsil aldığı dövrdə, karantin rejimi olmasına və gediş-gəliş üçün nəzərdə tutulmuş ödəniş məbləğlərinin çox baha olmasına baxmayaraq, Gürcüstan Respublikasının ərazisində kifayət qədər olmuşdur. Bu fakt ümumvətəndaş pasportunun surətləri ilə də təsdiq olunur. Pasportunda sərhəd xidmətinin həmin ölkəyə giriş və çıxışları barədə qeydləri sübut edir ki, həmin ölkədə olduğu müddət əyani tədris üçün nəzərdə tutulan müddəti ödəyir. Sözügedən normativ müddətlər məhz Azərbaycan Respublikasının ali təhsil müəssisələri üçün nəzərdə tutulmuşdur. Buna baxmayaraq, təhsil aldığı illərin ümumi cəmi yenə də qeyd olunan maddənin tələblərini tam qaydada ödəyir. Belə ki, 2010-2015-ci illərdə Gürcüstan- Azərbaycan Tədris Universitetində 5 il və 2021-2023-cü illərdə Qafqaz Beynəlxalq Universitetində 2 il olmaqla, ümumilikdə 7 il, yəni 14 semestr əsas (baza ali) tibb təhsili almışdır. Yəni, təhsil aldığı müddət Azərbaycan Respublikasında ixtisasına ekvivalent ixtisas üzrə təhsilin müddətinə tam uyğun gəlməkdədir.
7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bununla yanaşı imtinaya səbəb olmuş əsas məsələlərdən biri də ondan ibarətdir ki, iddiaçı 2010- 2015-ci illərdə akkreditasiyasız Heydər Əliyev adına Gürcüstan Azərbaycan Tədris Universitetində təhsil alıb. İddia ərizəsində qeyd olunduğu kimi, iddiaçı burada aldığı təhsilini daha sonra Gürcüstan Qafqaz Beynəlxalq Universitetində almışdır. Bildirilmişdir ki, iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əsas hissəsini təşkil edən təhsil dövrünün mühüm bir qisminin tədris olunduğu ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Bu səbəblərdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və ##.##.2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (*-*(***)-***/**** saylı iş üzrə ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** saylı iş üzrə ##.##.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Burada bir tədris ili üçün müəyyən edilmiş müddətdən Azərbaycan Respublikasında tibb təhsilinin tədrisi prosesində nəzərdə tutulmuş 20 faizlik dərs buraxma həcmi çıxıldıqda Səhiyyə Nazirliyi tərəfindən minimum olaraq 7 ay 15 gün kimi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Bununla yanaşı, Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyasının 4-cü fəslin 1-ci bəndinə əsasən, hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyasının, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyasının tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il # ######## tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın * nömrəli əlavəsinə ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçının ali təhsilə aid kvalifikasiyasının tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir.
8. Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim - G.Şirinova Əsədova).
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, cavabdehin imtinası iddiaçının təhsil aldığı ölkədə olduğu müddətin onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət etməməsi və iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əsas hissəsini təşkil edən təhsil dövrünün mühüm bir qisminin tədris olunduğu ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi ilə əsaslandırılmışdır.
10. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir.
11. Hazırda qüvvədə olan Qaydaların (Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları) müddəalarında tanınma üzrə ümumi tələblərin əhatə dairəsi müəyyən edilmiş, bu tələblərdən biri də orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) ilə bağlıdır. Qeyd olunmalıdır ki, normativ hüquqi aktların tələblərinə görə tibb və səhiyyə ixtisasları üzrə kvalifikasiyanın tanınması üçün tələbənin təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması şərti tanınma üçün əsasdır. Normativ hüquqi aktların tələblərinə görə tibb və səhiyyə ixtisasları üzrə kvalifikasiyanın tanınması üçün tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması bu sahələrin spesifik xarakteri və insan sağlamlığına birbaşa təsir göstərməsi ilə izah olunur. Məhkəmə qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əyani təhsilalma forması üzrə tədris ilinin müddəti 40 həftə olmaqla, hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Başqa sözlə, əyani tədris zamanı tələbələrin hər tədris ilinə görə auditoriya dərslərinin həcmi müəyyən edilir ki, bu zaman tələbələr tədris planına uyğun olaraq semestr ərzində müəyyən edilmiş qaydada dərslərdə mütəmadi olaraq iştirak edirlər.
12. Hazırkı işin hallarından da göründüyü kimi, iddiaçı stomatoloq ixtisası üzrə aldığı kvalifikasiyanın tanınmasını arzulayır ki, bu zaman onun təhsil aldığı ölkədə olduğu müddət məhz Azərbaycan Respublikasında alınan təhsilin normativ müddətinə uyğun olmalıdır. Çünki stomatologiya ixtisası tibb sahəsinin bölmələrindən biridir. Nəzərə alsaq ki, Azərbaycan Respublikasında əyani təhsilalma forması üzrə tədris ilinin müddəti 40 həftə olduğundan, iddiaçının aldığı təhsil üzrə kvalifikasiyanın tanınması üçün onun təhsil aldığı ölkədə həmin müddət qədər olması zəruridir. Lakin işin hallarından görünür ki, iddiaçı Gürcüstan Respublikası ərazisində 2021/2022-ci tədris ili üzrə il - 5 ay, 2022/2023-cü tədris ili üzrə 5 ay 17 gün olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir.
13. İddiaçının 2010-2015-ci illərdə Gürcüstan-Azərbaycan Tədris Universitetində 5 il və 2021-2023-cü illərdə Qafqaz Beynəlxalq Universitetində 2 il olmaqla, ümumilikdə 7 il, yəni 14 semestr əsas (baza ali) tibb təhsili alması, yəni, təhsil aldığı müddətin Azərbaycan Respublikasında ixtisasına ekvivalent ixtisas üzrə təhsilin müddətinə tam uyğun gəlməsinə, Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti ilə Qafqaz Beynəlxalq Universiteti arasında keçirilən fənlər, həmin fənlər üzrə müəyyən olunmuş kreditlər və dərs saatları ilə bağlı uyğunsuzluqlar səbəbindən 3 semestr əlavə təhsil almasına dair dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının Qafqaz Beynəlxalq Universitetində aldığı ikinci təhsil zamanı ona Gürcüstan-Azərbaycan Tədris Universitetində keçirilən, yəni hər iki universitetdə tədris olan fənlər keçirilməmişdir. Başqa sözlə, iddiaçı Gürcüstan-Azərbaycan Tədris Universitetində tədris olunmayan fənlər üzrə təhsil almışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsilinin mühüm bir hissəsi 2010–2015-ci illərdə Heydər Əliyev adına Gürcüstan Azərbaycan Tədris Universitetində, yəni səlahiyyətli akkreditasiya qurumu tərəfindən tanınmayan ali təhsil müəssisəsində həyata keçirilmişdir. Sonradan təhsilin başqa universitetdə davam etdirilməsi akkreditasiyasız universitetdə alınmış tədris dövrünün hüquqi nəticələrini aradan qaldırmır.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - T.Həsənov, hakimlər - R.Rəfiyev, V.Musayev).
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) tanınmaya dair tələblərə aid edilmişdir.
17. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.
18. Göründüyü kimi, istinad olunan normativ aktlarda təhsil müddəti ərzində faktiki təhsil alınan dövlətin ərazisində olmanın müddəti ilə bağlı birbaşa imperativ tələb nəzərdə tutulmamışdır. Qaydalara əsasən tibb təhsilinə münasibətdə dolayı və əsas imperativ tələb, yalnız təhsilin əyani formada alınmalı olması ilə bağlıdır.
19. Hazırkı iş üzrə iddiaçının əyani təhsil alması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Bununla yanaşı qeyd edilməlidir ki, əyani təhsil forması ilə qiyabi və digər (məsələn, distant/onlayn) təhsil formaları arasında əsas fərqlər onların tədris üsulu, tədrisə ayırılan vaxt, praktiki imkanlar və təhsil prosesinə tələbənin aktivliyi baxımından ortaya çıxır.
20. Məhkəmə kollegiyası həm də qeyd etmişdir ki, məhkəmə təcrübəsində bəzi ixtisaslar üzrə əyani formada təhsil alma zamanı dərslərin bir hissəsində faktiki iştirak etməmə həmin ixtisas üzrə biliklərin xüsusiyyətləri, bəzi ixtisaslar üzrə effektiv təhsildə praktiki bacarıqların rolunun az olması, yaxud texnologiya ilə simulyasiya edilə bilməsi imkanı nəzərə alınmaqla, təhsil sənədinin (diplomun) tanınmasından imtina üçün əsas təşkil etməmişdir.
21. Lakin bu sadalanan hallar tibb təhsili ilə bağlı nəzərə alına bilməz. Belə ki, tibb təhsili xüsusi peşə hazırlığı tələb edən, insan sağlamlığı və həyatı ilə birbaşa əlaqəli olan bir sahədir. Bu səbəbdən, tibb sahəsində əldə edilən təhsilin effektivliyi təkcə onun hansı təhsil müəssisəsi tərəfindən verildiyinə bağlı deyil, həm də həmin təhsilin necə alındığına - yəni tələbənin dərslərdə əyani şəkildə iştirak edib-etmədiyinə sıx şəkildə bağlıdır. Xüsusilə xarici ölkədə tibb təhsili almış bir şəxsin diplomu formal olaraq mövcud olsa da, əgər həmin şəxs faktiki olaraq dərslərin böyük əksəriyyətində iştirak etməyibsə, bu halda həmin sənədin praktik və elmi dəyəri ciddi şəkildə şübhə altına alınmalıdır. Tibb elə bir sahədir ki, burada nəzəri biliklərlə yanaşı, praktik bacarıqların da mükəmməl şəkildə formalaşması əsas şərtdir. Əyani təhsildə natamam iştirak edən tələbənin isə bu bacarıqları əldə etmək imkanı olmur. Əyani təhsil tibb sahəsində bir sıra mühüm imkanlar təmin edir, məsələn, simulyasiya və klinik təcrübələr vasitəsilə bacarıqların inkişafı, xəstə ilə birbaşa ünsiyyət və diaqnostik qərarvermə təcrübəsi, müəllim və təcrübəli həkimlərlə birbaşa əməkdaşlıq və mentorluq, klinik rotasiyalarla real xəstəxana mühitində təcrübə qazanmaq və s.
22. Bu imkanlardan məhrum olan tələbə yalnız nəzəriyyə ilə kifayətlənmiş olur. Halbuki tibb sahəsində nəzəri biliklərin praktiki tətbiqi olmadan peşəkar fəaliyyət göstərmək həm xəstənin sağlamlığına, həm də ümumilikdə səhiyyə sisteminin etibarına zərbə vurur. Nəticə etibarilə, faktiki olaraq tədrisdə iştirak etməmiş və ya natamam iştirak etmiş şəxsin diplomu, formal olaraq mövcud olsa belə, tibbi peşəkarlıq baxımından etibarlı hesab edilə bilməz.
23. Bu səbəbdən, belə diplomların tanınması məsələsində təhsil prosesində iştirakın real olub-olmamasını müəyyən etmək ictimai maraqlara xidmət edir. Nəzərə alınmalıdır ki, həkim olmaq yalnız bir diplomla deyil, həm də uzunmüddətli əyani təhsil, təcrübə və insani məsuliyyət hissi ilə qazanılan bir peşədir. Buna görə də tibb təhsilinin əyani şəkildə və məsuliyyətlə keçirilməsi cəmiyyətin sağlamlığı və gələcəyi baxımından əvəzsiz dəyərə malikdir.
24. İddiaçı stomatoloq ixtisası üzrə aldığı kvalifikasiyanın tanınmasını arzulayır ki, bu zaman onun təhsil aldığı ölkədə olduğu müddət məhz Azərbaycan Respublikasında alınan təhsil normativ müddətinə uyğun olmalıdır. Çünki stomatologiya ixtisası tibb sahəsinin bölmələrindən biridir. Nəzərə alsaq ki, Azərbaycan Respublikasında əyani təhsilalma forması üzrə tədris ilinin müddəti 40 həftə olduğundan, iddiaçının aldığı təhsil üzrə kvalifikasiyanın tanınması üçün onun təhsil aldığı ölkədə həmin müddət qədər olması zəruridir. Lakin işin hallarından görünür ki, iddiaçı Gürcüstan Respublikası ərazisində 2021/2022-ci tədris ili üzrə il - 5 ay, 2022/2023-cü tədris ili üzrə 5 ay 17 gün olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. Göstərilən müddətlərdə iddiaçının təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsi qeyri-mümkündür.
25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış və bildirilmişdir ki, iddiaçı apellyasiya şikayətində təhsilini faktiki olaraq başa vurduğunu, diplomunun verilməsinin hüquqi əsaslarını, xarici dövlət tərəfindən tanınma faktını göstərsə də, apellyasiya instansiyası bu arqumentlərə ayrıca hüquqi qiymət verməmiş, iddiaçının şikayətində göstərdiyi dəlilləri araşdırmamaqla məhkəmə qərarının əsaslandırılmış olması prinsipini pozmuşdur.
27. Cavabdeh imtina üçün əsas olaraq qeyd etdiyi “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.4-cü bəndinə istinad etmişdir. İddiaçı sözügedən universitetdə təhsil aldığı dövrdə, karantin rejimi olmasına və gediş-gəliş üçün nəzərdə tutulmuş ödəniş məbləğlərinin çox baha olmasına baxmayaraq, iddiaçı Gürcüstan Respublikasının ərazisində kifayət qədər olmuşdur. Bu faktı təsdiq edən ümumvətəndaş pasportunun surətləri də iş materiallarına əlavə olunmuşdur. Pasportda sərhəd xidmətinin iddiaçının həmin ölkəyə giriş və çıxışları barədə qeydləri sübut edir ki, həmin ölkədə olduğu müddət əyani tədris üçün nəzərdə tutulan müddəti ödəyir. Həmçinin onu da qeyd edək ki, sözügedən normativ müddətlər məhz Azərbaycan Respublikasının ali təhsil müəssisələri üçün nəzərdə tutulmuşdur. Buna baxmayaraq, iddiaçının təhsil aldığı illərin ümumi cəmi yenə də qeyd olunan maddənin tələblərini tam qaydada ödəyir.
28. Belə ki, iddiaçı 2010-2015-ci illərdə Gürcüstan-Azərbaycan Tədris Universitetində 5 il və 2021-2023-cü illərdə Qafqaz Beynəlxalq Universitetində 2 il olmaqla, ümumilikdə 7 il, yəni 14 semestr əsas (baza ali) tibb təhsili almışdır. Yəni, təhsil aldığı müddət Azərbaycan Respublikasında ixtisasına ekvivalent ixtisas üzrə təhsilin müddətinə tam uyğun gəlməkdədir. Cavabdehin diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlı iddiaçının müraciətinə imtina verilməsinin əsası kimi yalnız “iddiaçının təhsil aldığı müddəti ödəmədiyini” qeyd etmişdir.
29. Yuxarıda qeyd edildiyi kimi, diplomların surətləri və onlara əlavələrdən də göründüyü kimi, iddiaçı ixtisası üzrə təhsilini hər iki universitetdə müvəffəqiyyətlə başa vurmuş, xarici ölkədə təhsil almaq üçün zəruri olan xarici dil biliyinə də malikdir. Belə olan halda, apellyasiya instansiyası iddiaçının bununla bağlı dəlillərinin araşdırıb, mübahisəyə bu prizmadan yanaşaraq işin hallarına hüquqi qiymət verməli olduğu halda, cavabdehin “təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması” dəlilinə istinad etməklə, cavabdehin qanunsuz hərəkətlərinə haqq qazandırması mənim hüquqlarımı kobud şəkildə pozur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
31. Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” Bənd 2.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2010-cu il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8. Ali təhsil proqramları 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən ibarətdir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il ## ###### tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”
4. Tanınmaya dair tələblər: 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.
35. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 1.4. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
43. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdehin qərarının ləğv edilməsi, Gürcüstan Respublikasının Qafqaz Beynəlxalq Universitetinin “Stomatologiya” ixtisasını bitirməyinə dair bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsinə nail olmaqdan ibarətdir.
44. Cavabdehin imtinasından görünür ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətin onu diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət etməmiş və iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əsas hissəsini təşkil edən təhsil dövrünün mühüm bir qisminin tədris olunduğu ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməmişdir.
45. İşə baxmış məhkəmə kollegiyası isə düzgün olaraq bildirmişdir ki, iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əsas hissəsini təşkil edən təhsil dövrünün mühüm bir qisminin tədris olunduğu ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməmişdir.
46. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən, ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün huquqı əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir. İş materiallarından görünür ki, iddiaçının təhsilinin mühüm bir hissəsi 2010–2015ci illərdə
47. Heydər Əliyev adına Gürcüstan Azərbaycan Tədris Universitetində, yəni səlahiyyətli akkreditasiya qurumu tərəfindən tanınmayan ali təhsil müəssisəsində həyata keçirilmişdir. Sonradan təhsilin başqa universitetdə davam etdirilməsi isə akkreditasiyasız universitetdə alınmış tədris dövrünün hüquqi nəticələrini aradan qaldırmır.
48. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) tanınmaya dair tələblərə aid edilmişdir.
49. Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən, digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır).
50. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Burada bir tədris ili üçün müəyyən edilmiş müddətdən Azərbaycan Respublikasında tibb təhsilinin tədrisi prosesində nəzərdə tutulmuş 20 faizlik dərs buraxma həcmi çıxıldıqda Səhiyyə Nazirliyi tərəfindən minimum olaraq 7 ay 15 gün kimi nəzərdə tutulur.
51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır.
52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli, *** nömrəli qərarı ilə "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nın 1.6-cı bəndinin ikinci abzasında qeyd olunmuşdur ki, əsas (baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilir.
53. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının sərhədkeçmə məlumatları yoxlanılmış və iş materiallarında olan Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, onun 2021–2023-cü illər üzrə dövlət sərhədindən giriş-çıxış və qeydiyyat məlumatları İAMAS bazasında araşdırılmış, nəticədə hazırkı iş üzrə iddiaçının sərhədkeçmə məlumatlarının qanunvericilikdə müəyyən olunmuş normativlərə uyğunluğunun qarşılanmadığı müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, qanunvericiliyin tələblərinə görə, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.
55. Beləliklə, iddiaçını Gürcüstan Respublikası ərazisində 2021/2022-ci tədris ili üzrə il- 5 ay, 2022/2023-cü tədris ili üzrə 5 ay 17 gün həmin ölkədə olması nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmamışdır.
56. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.