Məhkəmə qərarları › İş №2-1(1-8)-104/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-104/2026

22.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-104/2026 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı İddiaçı cavabdeh Ağstafa Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi; subyektiv hüquqla bağlı iddianın mümkünlüyünə düzgün qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Ağstafa Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Üçüncü şəxs) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** saylı sərəncamı ilə Ağstafa rayon ərazisindəki X1 torpaqlarından 200 ha örüş sahəsi 15 il müddətinə icarəyə verilmiş və bununla bağlı müvafiq icarə müqaviləsi bağlanmışdır.

2. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** saylı sərəncamı ilə həmin torpaq sahəsinin üzərində olan istifadə hüququna xitam verilmişdir.

3. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamı ilə Üçüncü şəxs Ağstafa rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid 50,0 hektar örüş torpaq sahəsi 5 il müddətinə icarəyə verilmişdir.

4. Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərarı ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamı ləğv edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırmışdır.

7. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(114) ***/**** nömrəli qərarı ilə (hakim (hakim E.Axundov) iddianın təmin edilməsi, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəndirilən ##.##.2022-ci il tarixli *** nömrəli sərəncam qəbul edilərkən iddiaçıya məlumat verilməmiş, iddiaçının məsələyə münasibəti öyrənilməmişdir. Beləliklə cavabdeh tərəfindən ##.##.2022-ci il tarixli *** nömrəli sərəncam qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən sərəncamın ləğvi üçün əsas hesab edilmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər R.Mamedov - sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Bayramov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.

11. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə hüquqları Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2008ci il tarixli *** nömrəli sərəncamında nəzərdə tutulmuş 15 illik müddətin bitməsinə əsasən aradan qalxmışdır. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququnu istisna edir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir.

12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, o, ilk dəfə iddia qaldırırkən icarə müddəti kecməmişdir. Məhkəmə qərar qəbul etdikdən sonra o icarə müqaviləsinin vaxtının uzadılması üçün İcra Hakimiyyətinə müraciət edərkən ona məlum olmuşdu ki, İcra hakimiyyəti məhkəmədə olan müddətdə artıq torpaq sahəsinin 50 ha##.##.2022-ci il tarixdə yəni iddiaçı ilə bağlanan icartə müqaviləsinin vaxtı bitməmişdən əvvəl başqa şəxsə icarəyə vermişdi. Torpaq Qanunvericiliyin tələblərinə görə icarə müqaviləsi bitdikdən sonra yeni müqavilənin bağlanması iddiaçıya təklif edilməliydi. Lakin icarə müqaviləsinin vaxtı bitərkən artıq həmin torpaq sahəsi başqa şəxsə verilmişdir. Belə olan halda iddiçı ilə təbii olaraq yani müqavilə bağlana bilməzdi. Göründüyü kimi iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olduğundan məhkəmə iddiaçının yenidən həmin torpaq sahəsinə dair iddia qaldırmaq hüğuğunun olub-olmamasını araşdırmadan iddianı mümkünsüz saymaqda haqlı olmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edİlmİş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları: ...

12. Otlaq sahəsindən müvəqqəti istifadə və icarə müddəti başa çatdıqda, yeni müddət üçün həmin sahənin istifadəsində və icarəsində üstünlük hüququ əvvəlki istifadəçiyə və icarəçiyə verilir. İcarəyə verilmiş bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. ... 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən iddianın mümkün sayılmaması barədə yekun nəticəyə gəlmişdir.

21. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

22. İş materiallarından görünür ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** saylı sərəncamı ilə Ağstafa rayon ərazisindəki X1 torpaqlarından 200 ha örüş sahəsi 15 il müddətinə iddiaçıya icarəyə verilmiş və bununla bağlı müvafiq icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016cı il tarixli *** saylı sərəncamı ilə həmin torpaq sahəsinin üzərində olan istifadə hüququna xitam verilmişdir. İddiaçı ##.##.2016-cı il tarixli *** saylı sərəncamı məhkəməyə qaydasında mübahisələndirmiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərarı ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamı ləğv edilmişdir.

23. Eyni zamanda işdən görünür ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamı ilə Üçüncü şəxs Ağstafa rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid 50,0 hektar örüş torpaq sahəsi 5 il müddətinə icarəyə verilmişdir.

24. Hazırkı iş üzrə iddiaçının tələbi Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** nömrəli sərəncamının ləğv edilməsindən ibarətdir.

25. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamış və mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının subyektiv hüququnu Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** nömrəli sərəncamında nəzərdə tutulmuş 15 illik müddətin bitməsinə əsasən aradan qalxmışdır.

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir. Belə ki, Gəncə İnzibati Məhkəməsi tərəfindən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamı ləğv edilərkən, qeyd edilən torpaq sahəsi yenidən hüquqi olaraq iddiaçının icarəsinə qayıtmış və həmin torpaq sahəsinin bir hissəsi faktiki olaraq cavabdeh tərəfindən digər şəxsin icarəsinə verilmişdir.

27. Belə olan halda, iddiaçının hüquqlarına xitam verən inzibati aktın qanunsuz hesab edilərək ləğv olunması nəticəsində onun əvvəlki hüquqi vəziyyəti bərpa edilmiş hesab edilməli idi. Lakin iş materiallarından görünür ki, iddiaçının hüquqlarının bərpasına baxmayaraq, cavabdeh tərəfindən həmin torpaq sahəsinin bir hissəsinin üçüncü şəxsə icarəyə verilməsi nəticəsində yaranmış hüquqi vəziyyətin aradan qaldırılması, habelə məhkəmə qərarından irəli gələn hüquqi nəticələrin tam şəkildə təmin edilməsi ilə bağlı hər hansı araşdırma aparılmamışdır.

28. Digər tərəfdən, iddiaçının mübahisələndirdiyi ##.##.2022-ci il tarixli *** nömrəli sərəncam məhz onun əvvəllər icarəsində olmuş torpaq sahəsinin bir hissəsinin üçüncü şəxsə verilməsi ilə bağlıdır. Buna görə də, həmin sərəncamın iddiaçının hüquq və qanunla qorunan maraqlarına təsir edib-etməməsi, eləcə də iddiaçının məhkəmə qərarı ilə bərpa olunmuş hüquqlarının həyata keçirilməsinə maneə yaradıb-yaratmaması məsələləri işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar kimi araşdırılmalı idi.

29. Bundan əlavə, dövlət mülkiyyətində olan örüş və biçənək torpaqlarının icarə müddəti başa çatdıqda həmin torpaq sahəsinin yeni müddət üçün istifadəsində və icarəsində əvvəlki icarəçinin üstünlük hüququnun mövcudluğu ilə bağlı qanunvericiliyin tələbləri də nəzərə alınmamışdır. Bu baxımdan, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı hüquqi marağının yalnız ilkin icarə müddətinin başa çatması əsası ilə aradan qalxmış hesab edilməsi düzgün deyildir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən sərəncamla bağlı subyektiv hüququnun mövcudluğu kifayət qədər əsaslandırılmışdır. Buna görə də, hazırkı iş üzrə apellyasiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılıb qərar qəbul olunmalıdır.

31. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar