Məhkəmə qərarları › İş №2-1(1-8)-1050/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1050/2026

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1050/2026 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayətin vəkil tərəfindən tərtib edilməməsi; prosessual müddətin ötürülməsi; kassasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “##.##.2013-cü il tarixədək müharibə veteranına ödənilməli müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2013-cü il tarixədək müharibə veteranına ödənilməli müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: A.O.Axundova) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: T.B.Axundov/ sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və V.M.Hacıyev) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Işdə olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin qərar iddiaçıya ##.##.2025-ci il tarixdə çatdırılmışdır.

5. Iddiaçı həmin qərardan ##.##.2026-cı il tarixdə kassasiya şikayəti vermiş, lakin kassasiya şikayətinə vəkil orderi əlavə edilməmişdir.

6. Iddiaçı ##.##.2026-cı il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmiş, həmçinin yenidən məhkəməyə kassasiya şikayəti təqdim etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: T.B.Axundov/ sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və R.A.Xəlilov) ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.

7. Iş apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. … Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər. … 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. …

9. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi ... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 9-1. Inzibati məhkəmə icraatının elektron qaydada aparılması ... 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3. Inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. ... Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ... Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. ... Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. ... Maddə 96. Ali Məhkəmədə icraat ... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. ...

KASSASIYANIN MÜMKÜNLÜYÜ

10. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmadığından və şikayətə vəkilin orderi əlavə olunmadığından, həmçinin kassasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən şikayət üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

11. Belə ki, Inzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1-ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.

12. Hazırkı mübahisə üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir.

13. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayəti IPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.

14. IPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

15. Hazırkı işin halları qeyd olunan mümkünlük şərtləri baxımından araşdırılarkən, kassasiya şikayətinin IPM-in 94-cü maddəsində müəyyən olunmuş 1 ay müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

16. Belə ki, işdə olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı iddiaçıya ## ####### 2025-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Kassasiya şikayəti isə ## ###### 2026-cı il tarixdə təqdim edilmişdir.

17. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 ay müddətin hazırkı kassator - iddiaçı tərəfindən ötürüldüyü mübahisəsizdir.

18. Iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair Izah” tərəflərə rəsmi qaydada təqdim olunmuş və həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda baş verə biləcək hüquqi nəticələr, o cümlədən şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

19. Qeyd edilməlidir ki, həmin Izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatın göndərilməsində kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın, xüsusən də, kassasiya şikayətinə dair formal tələblərə əməl edilsin. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

20. Beləliklə, iddiaçının kassasiya şikayəti qanunvericiliyin tələblərinə (kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməlidir, həmçinin qanunla müəyyən edilmiş müddətdə verilməlidir) uyğun tərtib edilməmişdir. Odur ki, hazırkı şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar