Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1112/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar iddiaçı1 və qeyrilərinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qərar ləğv edilməklə əvvəlki pensiya məbləğinin bərpa edilməsi, etimad hüququ, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi, kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçılar iddiaçı1 və qeyrilərinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə və kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçılar iddiaçı1 və qeyriləri (cəmi 76 nəfər) cavabdehə qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair iddia ərizələri ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər.
2. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə iddia tələbləri təmin edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddiaçı Kşnyakin İqor İvanoviç istisna olmaqla qalan digər 75 nəfər iddiaçıya münasibətdə ləğv edilməsini və həmin hissədə iddia tələblərinin təmin olunmamasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə – iddiaçı Kşnyakin İqor İvanoviç istisna olmaqla digər 75 nəfər iddiaçıya münasibətdə “iddiaçı iddiaçı69 barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli və iddiaçı iddiaçı65 barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarlar ləğv edilməklə” sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar müxtəlif vaxtlarda mülki aviasiyadan pensiyaya çıxmış və pensiyadan çıxandan sonra elə mülki aviasiyada eyni peşə üzrə əmək fəaliyyətini davam etdirən şəxslərdir. Fərdi hesablarının sığorta hissəsində yığılan pensiya kapitalına əsasən iddiaçıların əmək pensiyası bir neçə dəfə yenidən hesablanmışdır. Məhkəmələr tərəfindən araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçıların hazırkı iddianı qaldırmaqda hüquqi maraqları əmək pensiyaları yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanmasına nail olmaqdır. İddiaçıların pensiyaları “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən 2023-cü ildə və 2024-cü ilin əvvəlində qeyd edilən qaydada hesablanmış, lakin sonradan 2024-cü ilin iyun-avqust aylarında həmin qərarlar ləğv edilməklə hesablama fərqli qaydada aparılmışdır, yəni əmək pensiyaları yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla hesablamalar həyata keçirilmişdir. Müvafiq hesablama nəticəsində sığorta kapitalı daha böyük məbləğə bölünür ki, artımın məbləği azalmış olur. Odur ki, iddiaçılar əvvəlki hesablamanın bərpa edilməsini tələb etmişlər. İddiaçılara münasibətdə sonuncu mübahisələndirilən qərarlar ləğv edildiyi təqdirdə əvvəlki (hüquqi maraqlarını təmin edən) pensiya məbləği bərpa olunacaqdır ki, bununla da arzuladıqları məqsədə çatmış olacaqlar. İddiaçılardan iddiaçı69 və iddiaçı65 isə müraciətlərinə cavab olaraq arzuladıqları akt qəbul edilməmiş, yəni müvafiq hesablama qeyd edilən qaydada həyata keçirilməmiş, hazırkı iddia tələbi ilə (dəqiqləşmə ərizəsi verməklə) onlar üçün əlverişsiz inzibati aktın ləğv edilməsini və əmək pensiyalarının qeyd edilən ayların sayı qədər artırılmadan hesablanmasına dair qərar qəbul edilməsini tələb edirlər. İddiaçılar həmçinin tələblərini onunla əsaslandırmışdırlar ki, onların inzibati icraatda iştirakı təmin edilməmiş, müvafiq məktublar formal olaraq göndərilmiş, əksəriyyəti həmin məktubları almamış və ya pensiya məbləği azaldıqdan sonra almışlar. Məhkəmə kollegiyası bununla bağlı diqqətə çatdırır ki, cavabdeh tərəfindən iddiaçılara münasibətdə mübahisələndirilən qərarlar qəbul edilərkən (xeyrinə olan qərarlar ləğv edilmiş iddiaçılara münasibətdə) “İnzibati icraat haqqında” Qanunun normalarına riayət edilməmişdir. Belə ki, iddiaçıların dinlənilmə hüququnun təmin edilməsi “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından tamamilə formal xarakter daşımış, iddiaçıların inzibati icraatda iştirakı və dinlənilmə hüququ təmin edilməmişdir. Qeyd edilən hal məhkəmə araşdırmaları zamanı iddiaçıların izahatları ilə yanaşı, qərarların eyni tarixlərdə və konkret vaxt aralığında qəbulu (mübahisələndirilən qərarların əksəriyyəti 24-## #### 2024-cü il tarixli, qalanları iyul və avqust 2024-cü il tarixlidir) və bütün iddiaçılara münasibətdə (istisnasız) eyni yanaşmanın tətbiqi ilə təsdiq olunur. Cavabdeh inzibati orqan iddiaçıların dinlənilmə hüququnun təmin edildiyini, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar iddiaçılardan mülahizələrinin dinlənilməsi üçün Mərkəzi Filiala yaxınlaşmasının xahiş olunduğunu, buna uyğun olaraq, Mərkəzi Filial tərəfindən iddiaçıların iştirakı ilə akt tərtib olunduğunu bildirmişdir. Lakin birinci instansiya məhkəməsı haqlı olaraq qeyd etmişdir ki, mülahizələrin dinlənilməsi ilə bağlı məktublar formal göndərilmiş, həmin məktubların çatdırılmasını gözləmədən (cavabdeh tərəfindən həmin sübutlar məhkəməyə təqdim edilməmişdir) müvafiq qərarlar qəbul edilmiş, iddiaçıların bəzilərinin iştirakı ilə aktlar isə artıq həmin qərarlar qəbul edildikdən sonra tərtib edilmişdir. Məhkəmə kollegiyası bu qənaətə həm də ona görə gəlir ki, mübahisələndirilən qərarlarda və ya cavabdehin qeyd etdiyi kimi iddiaçıların (bəzilərinin) iştirakı ilə tərtib edilən aktlarda onların mülahizələri, fikirləri hər hansı şəkildə öz əksini tapmamışdır. Dinlənilmələrin formal keçirilməsi onunla əlaqələndirilir ki, iddiaçıların hazırkı iddia tələbində bildirdikləri dəlillərə (keçid müddəalarının onlara münasibətdə tətbiq edilməsinin yolverilməzliyi) inzibati icraat zamanı hər hansı münasibət bildirilməmişdir. Bu səbəbdən iddiaçıların dinlənilmə hüququnun təmin edilməsindən (faktiki olaraq) imtina edilməklə aparılmış inzibati icraat onun nəticələrinə təsir edən əhəmiyyətli dərəcədə pozulmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırda mübahisələndirilən qərarlarda iddiaçıların xeyrinə olan inzibati aktların (sərəncamların) etibarsız hesab edilməsi qeyd edilmişdir. İnzibati aktın etibarsız hesab edilməsinin əsasları “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən müəyyən edilir. Hazırda cavabdehin təqdim etdiyi dəlillər əvvəllər qəbul edilmiş aktın etibarsızlığına deyil (belə ki, həmin Qanunun 65-ci maddəsinin əsasları hazırkı işin hallarına əsasən müəyyən edilmir), ləğvinə əsaslanır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, müvafiq əsaslar olduqda inzibati orqan qəbul etdiyi aktın inzibati aktı həmin Qanunun 67.2-ci maddəsinə əsasən ləğv edə bilər (etibarsız hesab edə bilməz). Odur ki, qeyd edilənlər “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktların ləğvi üçün yetərlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, ##.##.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, ##.##.2017-##.##.2022-ci illər arasındakı dövrdə həmin müddət “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Qanunverici sonradan həmin şəxslərin pensiya təminatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini Qanundan çıxarmışdır. İşin faktiki hallarından isə görünür ki, mübahisələndirilən hesablamanın aparıldığı dövrdə pensiyaçılara münasibətdə ağırlaşdırıcı norma kimi 45-ci maddənin ikinci cümləsi qüvvədə olmamışdır ki, göstərilən normanın iddiaçılara münasibətdə tətbiqini zəruri edən faktiki şərtlərin mövcudluğu işin hazırkı mərhələsində aydın deyildir. Beləliklə, cavabdeh 1.11-ci maddəsi ilə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin çıxarılmasını nəzərdə tutan ##.##.2022-ci il tarixli, ***-VIQD nömrəli Qanunun (##.##.2022-ci ildən qüvvəyə minmişdir) Keçid müddəalarını hazırkı mübahisəyə səhv tətbiq etmişdir. Belə ki, cavabdeh həmin Qanunun Keçid müddəalarını tətbiq edərək qəbul etdiyi 2024-cü il tarixli qərarlarla iddiaçıların pensiyasını yeni qaydada, Qanunun 45-ci maddəsinin ləğv edilmiş ikinci cümləsini tətbiq edərək gözlənilən pensiya ödənişi aylarının sayını artırmış, nəticədə pensiya məbləğində azalma baş vermişdir. Keçid müddəasında qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq normasının düzgün, dəqiq və eyni cür başa düşülməsi və tətbiq edilməsi üçün normanın hərfi mənası ilə yanaşı, mahiyyəti və qəbul edilmə məqsədi də aşkar olunmalıdır. Bu zaman qanunverici orqanın niyyəti təhrif edilməməlidir. Belə ki, normanın məzmununu və təyinatını obyektiv şəkildə aydınlaşdırmaq üçün onun qəbul edildiyi konkret şəraiti və qəbul edilməsini zəruri edən halları nəzərə almaq lazımdır. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi mövqeyi əsassız hesab edərək qeyd edir ki, Keçid müddəasındakı həmin norma ##.##.2017-##.##.2022-ci il tarixlərdə əmək pensiyası hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur. Nə qədər ki, iddiaçıların əksəriyyətində əmək pensiyası hüququ ##.##.2017-ci ildən əvvəl, pensiyasının yenidən hesablanması hüququ isə ##.##.2022-ci ildən sonra yaranmışdır, belə olan halda Keçid müddəanın tələbləri onlara şamil oluna bilməz və deməli, iddiaçılara qüvvədən düşmüş norma deyil pensiyasının yenidən hesablanması hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir. Beləliklə, cavabdehin mövqeyinə münasibətdə bir daha diqqətə çatdırılır ki, ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyirdi. Hazırkı məqamda yenidən hesablama ilə bağlı sözügedən ləğv olunmuş normaya istinad qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası onu da bir daha diqqətə çatdırır ki, iddiaçıların əksəriyyətinə güzəştli şərtlərlə ilkin pensiya təyinatı da məhz 45-ci maddənin ikinci cümləsinə edilən əlavə qüvvəyə mindiyi ##.##.2017-ci il tarixədək həyata keçirilmişdir. Qalan digər iddiaçılara (iddiaçı22 ##.##.2017-ci il tarixdə, iddiaçı12 Vəliyyullayeviçə ##.##.2017-ci il tarixdə, iddiaçı16 ##.##.2017-ci il tarixdə, iddiaçı37 ##.##.2017-ci il tarixdə təyin edilmişdir) münasibətdə isə məhkəmənin mövqeyi 1 illik müddətlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır.
6. Cavabdeh mahiyyətcə apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələblərinin təmin olunmamasını xahiş etmişdir.
7. Kassasiya icraatı zamanı cavabdeh ərizə təqdim edərək iddiaçılar iddiaçı8, İsmayılov Zaur Akif oğlu, iddiaçı74, iddiaçı9, iddiaçı45, iddiaçı65 və iddiaçı69 istisna olmaqla, qalan digər iddiaçılara münasibətdə kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası iddiaçılar iddiaçı8, İsmayılov Zaur Akif oğlu, iddiaçı74, iddiaçı9, iddiaçı45, iddiaçı65 və iddiaçı69 iddia tələblərinə münasibətdə hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa və ya əmək pensiyasını yenidən hesablamağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması və ya pensiyasının yenidən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
12. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə də zidd olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
13. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz iddiaçı etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tutulması qanunsuzdur. Odur ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdeh etimad hüququna istinadı istisna edən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.
14. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki, “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (“Beinaroviç və digərləri Litvaya qarşı” iş üzrə ##.##.2018-ci il tarixli qərar, §140).
15. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *- *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
16. Nəzərə alınmalıdır ki, inzibati icraat haqqında qanunvericilik hətta əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırkı iş üzrə cavabdeh 1 (bir) illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim etməmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminata dair aşağıdakı hüquqi mövqe ifadə olunmuşdur: “47. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.”
18. Həmçinin nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. Pensiya hüququ qeyd edilən dövrdə yaranmayan şəxslərə münasibətdə sözügedən norma tətbiq oluna bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarları, ##.##.2025-ci il tarixli *- *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı).
19. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi anlayışlar olmaqla, fərqli hüquqi tənzimləmələrə tabedir. Bundan başqa, cavabdehin mübahisələndirilən qərarı qəbul edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi qüvvədə olmamış, beləliklə də, cavabdeh istinad edilən keçid müddəalarındakı normaların tələblərinə uyğun olmayan əks yanaşma tətbiq edərək normanın artıq qüvvədən düşmüş ikinci cümləsinə istinad etməklə iddiaçının pensiyasını yenidən hesablamışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarları, ##.##.2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərardadı).
20. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
22. Digər iddiaçılara münasibətdə isə məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq cavabdehin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.
23. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı cavabdehə izah edilir ki, İnzibati Prosessual Məcəllənin 97.3-cü maddəsinin tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
İddiaçılar iddiaçı8, İsmayılov Zaur Akif oğlu, iddiaçı74, iddiaçı9, iddiaçı45, iddiaçı65 və iddiaçı69 münasibətdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir. Digər iddiaçılara münasibətdə cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilir və həmin hissədə kassasiya şikayəti üzrə icraata xitam verilir.