Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1129/2026 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Tibbi-Sosial Ekspert Komissiyasının qərarının ləğv edilməsi, müddətsiz əlilliyin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, IŞIN HALLARI
1. Iddiaçı ilk dəfə tibbi-sosial ekspert komissiyasında ##.##.2018-ci il tarixdə müayinə edilmiş, müayinə nəticəsində ona “Bronxoektaziya xəstəliyi, ağır gedişli, tez-tez ağciyər qanaxması fəsadı ilə, inkişaf edən toksiki artropatiyalar və lipoid amiloid nefroz, tənəffüs çatmamazlığı 2-ci dərəcə, qarışıq tipli, əhəmiyyətli ventilasiya pozğunluğu. Sağ ağ ciyərin bronxoektazlarına görə edilmiş aşağı payının lobektomasiyasından sonrakı vəziyyət (##.##.2017-ci il)” diaqnozu qoyularaq, ##.##.2018-ci il tarixdən müddətsiz olaraq ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. ##.##.2023-cü il tarixdən isə iddiaçının əlilliyi cavabdehin faktiki xarakterli hərəkətləri nəticəsində dayandırılmışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı cavabdehə qarşı ##.##.2023-cü il tarixdə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi, ##.##.2018-ci il tarixdə təyin edilmiş 2-ci dərəcəli müddətsiz əlilliyin ##.##.2023-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona ##.##.2018-ci il tarixdən müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmiş, lakin 2023-cü ilin aprel ayında bu barədə əvvəlcədən məlumat verilmədən əlilliklə bağlı ödənişlərin verilməsi dayandırılmışdır. Müxtəlif aidiyyəti qurumlar tərəfindən ödənişlərin dayandırılması fərqli səbəblərlə izah edilmiş, o cümlədən əlillik müddətinin ##.##.2023-cü ilədək müəyyən edildiyi bildirilmişdir. O, müddətsiz əlilliyinin bərpa olunması üçün müraciət etmiş, müraciətinə əlavə olaraq ##.##.2018-ci il tarixdə çap edilmiş və ona ##.##.2018-ci il tarixdən müddətsiz 2-ci dərəcəli əlillik təyin olunduğunu təsdiq edən sənədi təqdim etmişdir. X1-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2023-cü il tarixli cavabında onun tələbi təmin edilməmiş, əlilliyinin yenidən qiymətləndirilməsi tövsiyə olunmuşdur. Cavabda ##.##.2018-ci ildən ##.##.2023-cü ilədək 5 il müddətinə 2-ci dərəcəli əlillik müəyyən edildiyi bildirilsə də, əvvəllər müddətsiz təyin edilmiş əlilliyin hansı əsasla və nə vaxt dəyişdirildiyinə dair hər hansı əsaslandırma verilməmişdir. Hesab edir ki, müddətsiz əlilliyin sonradan müddətli əlilliklə əvəz edilməsi qanunsuz və əsassız olmuş, bunun nəticəsində ödənişlərin dayandırılması onun hüquqlarını pozmuşdur. Müddətsiz əlilliyin müəyyən edildiyi dövrdə qüvvədə olan normativ hüquqi aktların sonradan dəyişdirilməsi həmin hüquqi vəziyyətə geriyə qüvvə ilə tətbiq edilə bilmədiyindən, əlillik statusunun dəyişdirilməsini qanunsuz hesab edir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş, lakin əlillik təyinatı aparılmamış və “əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Iddiaçının məhkəməyə müraciətindən sonra məhkəmə qərardadı ilə onun əyani müayinəsinin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi cavabdehə həvalə edilmişdir. Cavabdeh bildirir ki, sənədlərdən iddiaçıya ilk dəfə ##.##.2018-ci il tarixdən ##.##.2023-cü ilədək ümumi xəstəlik səbəbindən 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edildiyi müəyyən olunur. Sonrakı dövrdə aparılmış əyani və instrumental müayinələrin, o cümlədən ##.##.2024-cü il tarixli spirometriya müayinəsinin nəticələri, tibbi sənədlər, xəstəliyin kəskinləşmələri və keçirilmiş cərrahi əməliyyat nəzərə alınaraq iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmişdir. Nəticədə, hazırda qüvvədə olan meyarlara əsasən, iddiaçının orqanizmin funksiyalarının ümumi xəstəlik səbəbindən 65 faiz pozulması 2 il müddətinə müəyyən edilmiş, əmək fəaliyyəti üçün isə allergenlərlə təmas olmayan şəraitdə işləyə biləcəyi qeyd olunmuşdur.
6. Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində ##.##.2023cü il tarixli tibbi göndəriş tərtib edilmiş, həmin göndəriş əsasında əvvəlcə ##.##.2023-cü il tarixli qərarla “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə təyinatdan imtina edilmiş, bunda sonra isə həmin göndəriş əsasında ##.##.2024-cü il tarixli qərarla ##.##.2023-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə təyinat aparılmışdır.
7. Əlillik müddəti bitdikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində ##.##.2025-ci il tarixli, J********TEB nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – XBT 10 J47 “Bronxoektaziya xəstəliyi, Xroniki gedişli proqressiv inkişaf edən orta ağır formalı bronxoektaziya xəstəliyi kəskinləşmə mərhələsində”, ağırlaşmaları - Z98.8 “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sağ tərəfli bronxoektaziya xəstəliyinə görə aparılmış cərrahi əməliyyatdan, lobektomiya xəstəliyindən sonraki plevral qalınlaşmalar (##.##.2017)”, J96.0 “Kəskin respirator çatmamazlıq, Tənəffüs çatmamazlığı-II dərəcə.Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. FVC 1.60 44% FEV1 1.11 35% FEV1/FVC 69.37 83% PEF 2.11 29% MMEF 0.86 21% MEF75 0.49 29% MEF50 0.94 21% MEF25 1.44 23%” göstərilmişdir.
8. Həmin göndəriş əsasında iddiaçının əlilliyi cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə qiymətləndirilərək ona ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə ilə 1 il müddətinə əlillik təyin edilmişdir.
9. Şirvan Inzibati Məhkəməsinin (hakim: Ş.C.Musayev) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı barəsində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş ## ##### 2025-ci il tarixli qərar ləğv edilmiş, iddiaçıya ##.##.2018-ci il tarixdə təyin edilmiş “ümumi xəstəlik səbəbi” ilə əlaqədar 2-ci dərəcəli müddətsiz əlilliyin ##.##.2023-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qərardan çıxarışın surətindən müəyyən edilir ki, ##.##.2018-ci il tarixdə müddətsiz ümumi xəstəlik səbəbindən elektron qaydada 2-ci dərəcə əlillik təyinatı aparılmışdır. Bu qərarların mötəbərliyini qiymətləndirərkən məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş çıxarışda çap tarixi ##.##.2018-ci il qeyd edilmiş, cavabdeh tərəfindən təqdim edilmiş çıxarışın çap tarixi isə ##.##.2023-cü il qeyd edilmişdir. Bundan başqa, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş 2018-ci il tarixli qərarda orqanizmin funksiyalarının pozulması faizi qeyd edilmişdir. Bu hal ilə bağlı xüsusilə vurğulanmalıdır ki, 2018-ci il tarixdə iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilən zaman həmin vaxt orqanizmin funksiyalarının pozulması faiz dərəcəsi ilə müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin vaxt sağlamlıq imkanları İ, II, III dərəcə ilə müəyyən edilirdi. Faiz dərəcəsi ilə müəyyən edilmə ##.##.2022-ci il tarixdən sonra həyata keçirilməyə başlamışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan ##.##.2023-cü il tarixdən sonra iddiaçının şikayətləri və ondan əlillik dərəcəsinin qüvvədən düşməsini tələb etdiyi üçün, ##.##.2025-ci il çap tarixli sənədi iddiaçıya və məhkəməyə təqdim etmişdir. Bundan başqa, müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsinsağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, M.S.Sadıqov və C.Ə.Quliyev) ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının ##.##.2018-ci il tarixdən müddətsiz əlillik təyinatının sonradan 5 il müddətinə müəyyən edilməsi barədə cavabdehin mövqeyi iş materialları ilə təsdiq olunmur. Belə ki, müavinətin 2018-ci ildə iddiaçıya “ömürlük” təyin edilməsinə dair qərar mövcud olduğu halda, həmin təyinatın müddətli olmasını təsdiq edən ilkin tibbi-sosial ekspertiza aktı məhkəməyə təqdim edilməmişdir. Əksinə, iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2018-ci il tarixli çıxarışda əlilliyin müddətsiz olduğu göstərilmiş, cavabdehin təqdim etdiyi ##.##.2023-cü il tarixli çıxarışda isə fərqli məlumat əks olunmuşdur. Həmçinin, 2018-ci ildə əlillik orqanizmin funksiyalarının faizlə pozulması əsasında deyil, dərəcələr üzrə müəyyən edildiyindən, sonrakı elektron sistem məlumatlarının həmin dövrün hüquqi vəziyyətini əks etdirməsi şübhə doğurur. Iddiaçının sonrakı tibbi müayinələri onun ilkin əlillik təyinatına səbəb olmuş xəstəliyin hazırda da davam etdiyini və cavabdeh tərəfindən həmin xəstəlik əsasında yenidən əlillik təyin edildiyini göstərir. Bu baxımdan, iddiaçının yeni tibbi göndərişlər əsasında sonradan əlillik təyinatı alması ilkin, müddətsiz əlilliyin qanuni əsas olmadan dəyişdirilməsini aradan qaldırmır. Məhkəmə kollegiyası nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən 2018-ci ildə edilmiş müddətsiz əlillik təyinatının dəyişdirilməsi və bunun əsasında müavinətin dayandırılması qanuni və əsaslı şəkildə sübuta yetirilmədiyindən iddia təmin edilməlidir.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
17. “Inzibati icraat haqqında” Qanun: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. Inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 57. Inzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. Inzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Maddə 59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. ... Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqda haqlı olsa da, məhkəmə qərarının hüquqi əsaslandırılmasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etmişdir.
25. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin normaya istinadı hazırkı işin faktiki və hüquqi hallarına uyğun deyildir.
26. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu *-*(***)-****/**** nömrəli qərarındakı hüquqi mövqeyə görə, inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət edərək bu qərarı ləğv etdiyi hallarda yaranmış mübahisəyə “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları tətbiq edilir.
27. Başqa sözlə, həmin normanın tətbiqi əvvəlki əlverişli inzibati aktın mövcudluğu ilə yanaşı, onun qanunsuz hesab edilərək ləğv edilməsi ilə bağlı inzibati icraatın aparılmasını və müvafiq qərarın qəbul edilməsini nəzərdə tutur.
28. Hazırkı işdə isə işin halları tamamilə fərqli olmaqla, inzibati orqan tərəfindən əlilliyin ləğvi ilə bağlı inzibati aktın qəbul edilməsi müəyyən olunmur.
29. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında iddiaçıya ##.##.2018-ci il tarixdən təyin edilmiş əlilliyin müddətli, yoxsa müddətsiz olmasına dair mübahisə mövcuddur.
30. Belə ki, iddiaçı ona cavabdeh tərəfindən ##.##.2018-ci il tarixdən əlilliyin müddətsiz olaraq təyin edildiyini iddia edir və bununla bağlı məhkəməyə TSEK-in elektron sistemindən çap tarixi ##.##.2018-ci il tarixi olan çıxarış təqdim etmişdir. Çıxarışda, həqiqətən də, iddiaçıya həmin tarixdən təyin edilmiş əlilliyin müddətsiz olduğu qeyd edilmişdir.
31. Cavabdeh isə iddiaçıya ##.##.2018-ci il tarixdən təyin edilmiş əlilliyin müddətsiz deyil, 5 il müddətinə - ##.##.2023-cü il tarixədək təyin edildiyini bildirir və bununla bağlı məhkəməyə TSEK-in elektron sistemindən çap tarixi ##.##.2023-cü il tarixi olan çıxarış təqdim etmişdir ki, həmin çıxarışda da müvafiq olaraq əlilliyin təyinat müddəti ##.##.2018-ci il tarixdən ##.##.2023-cü ilədək qeyd edilmişdir.
32. Iş materiallarında iddiaçıya 2018-ci ildən müddətsiz əlilliyin müəyyən edilməsinə dair yazılı formada qərar mövcuddur, onun mötəbərliyini şübhə altına almaq üçün hər hansı əsaslar müəyyən edilmir.
33. Cavabdehin etirazının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin əsas dəlili iddiaçıya ##.##.2018-ci il tarixdən təyin edilmiş əlilliyin müddətsiz deyil, 5 il müddətinə - ##.##.2023-cü il tarixədək təyin edilmiş olmasıdır.
34. Sözügedən dəlillə bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə, əlillik bu barədə qərarın (inzibati aktın) qəbul edilməsi ilə əldə edilən statusdur. Başqa sözlə, həlledici olan baxılan məsələyə dair (hazırkı halda əlillik təyinatı məsələsinə münasibətdə) inzibati orqanın hakimiyyət tədbirinin həyata keçirilməsinə yönəlmiş iradə ifadəsinin mövcudluğudur.
35. “Inzibati icraat haqqında” Qanunun 57-ci maddəsində inzibati aktın formasına dair tələblər müəyyənləşdirilmiş, 59-cu maddəsində isə yazılı inzibati aktda əks etdirilməli olan rekvizitlər əks olunmuşdur. Bir qayda olaraq, inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş qaydalara riayət etməklə qəbul edilməlidir. Inzibati aktlara münasibətdə “yazılı forma” tələbi xüsusən, inzibati orqanın iradə ifadəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Bununla, inzibati orqanın iradəsini, yəni inzibati aktın əsaslandığı faktiki və hüquqi səbəbləri, eləcə də, yaradılan hüquqi nəticələri aydınlaşdırmaq mümkün olur.
36. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçıya münasibətdə müddətsiz əlilliyin müəyyən edilməsinə dair yazılı inzibati akt mövcuddur.
37. Cavabdeh 2018-ci ildən müddətsiz əlillik təyinatına dair qərarın Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində mövcud olmadığına, həmin tarixdən 5 il müddətinə əlilliyin müəyyən edilməsi halına istinad edir.
38. Nəzərə alınmalıdır ki, informasiya sistemində məlumatların mövcud olmaması inzibati aktın özünün və qüvvəsinin olmadığı anlamına gəlmir. Informasiya sistemi yaratmaq, orada müvafiq qeydiyyatları aparmaq idarəçilik qaydaları ilə bağlı məsələ olmaqla, son nəticədə cavabdehin məsuliyyəti ilə bağlıdır. Iddiaçıya aid əlverişli inzibati akt barədə həmin sistemdə məlumatın olmaması onun təqsiri ilə bağlı deyildir, müvafiq olaraq bu hal hətta varsa belə, iddiaçının ziyanına təfsir oluna bilməz.
39. Həmçinin, işdən müəyyən edilir ki, müddətsiz əlilliklə bağlı uzun müddət iddiaçıya sosial müavinət ödənişləri aparılmışdır. Belə ki, apellyasiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş iddiaçının müavinət işinə dair sənədlər toplusundan görünür ki, DSMF-nin Masallı rayon şöbəsinin ##.##.2018-ci il tarixli qərarına əsasən iddiaçıya ##.##.2018-ci il tarixdən “ömürlük” müavinət təyin edilmişdir.
40. Bu məqamda kollegiya qeyd edir ki, əlilliyə görə sosial müavinətin təyin edilməsinə əsas məhz şəxsin əlillik statusudur. Yəni əlillik hansı müddətə təyin edilirsə, sosial müavinət də əlilliyin qüvvədə olduğu dövr ərzində ödənilir.
41. Odur ki, iddiaçıya sosial müavinətin ##.##.2018-ci il tarixdən “ömürlük” təyin edilməsi onun əlilliyinin də həmin tarixdən müddətsiz olaraq təyin edildiyini deməyə əsas verir.
42. Göstərilən halların məcmusunu nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçı ##.##.2018-ci il tarixdən 2-ci dərəcə müddətsiz əlilliyi olan şəxs kimi qəbul edilməlidir.
43. Işin hallarından müəyyən olunur ki, cavabdeh faktiki xarakterli hərəkətlərlə iddiaçının müddətsiz əlilliyini dayandırmış və bu dayandırma iddiaçıya münasibətdə hər hansı bir icraat aparılmadan, onun məlumatlandırılması və dinlənilməsi təmin olunmadan, eləcə də, əyani müayinəsi aparılmadan həyata keçirilmişdir. Nəhayət, cavabdeh qüvvədə olan inzibati aktının ləğvi ilə bağlı icraatla bağlı tələblərə əməl etmədən, müddətsiz əlilliyin müəyyən olunmasına dair ##.##.2018-ci il tarixli qərarın taleyi ilə bağlı məsələni də həll etməli olduğu halda, bunu etməyərək sözügedən qərarı ləğv etməmişdir.
44. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan əlverişli inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə riayət etmədiyindən, iddianın təmin edilməli olduğuna dair apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
45. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də, mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir.
46. Kollegiya bir məqamı da vurğulayır ki, cavabdeh tərəfindən iddiaçıya ##.##.2018-ci il tarixdən təyin edilmiş müddətsiz əlilliyin ləğv edilməsi barədə inzibati akt qəbul edilməsə də, həmin əlillik faktiki xarakterli hərəkətlərlə dayandırılmış, sonradan yeni tibbi göndərişlər əsasında iddiaçıya ##.##.2023-cü il tarixdən 2 il müddətinə, ##.##.2025-ci il tarixdən isə 1 il müddətinə əlillik təyin edilmişdir. Iddiaçı isə ##.##.2018ci il tarixdən mövcud olmuş müddətsiz əlilliyin ##.##.2023-cü il tarixdən bərpa edilməsini tələb edir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə icmal məktubun 53-cü bəndində qeyd edilmişdir ki, bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verildiyi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət edildiyi halda, məhkəmələr nəzərə almalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən, müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir.
48. Hazırkı işdə isə iddiaçının tələbi yeni tibbi göndəriş əsasında əlilliyin əvvəlki tarixdən müəyyən edilməsinə deyil, ##.##.2018-ci il tarixdən mövcud olmuş müddətsiz əlillik statusunun cavabdehin faktiki hərəkətləri nəticəsində ləğv edilməsinin hüquqi nəticələrinin aradan qaldırılmasına yönəlmişdir.
49. Buna görə də sonrakı tibbi göndərişlər əsasında iddiaçıya yenidən əlillik təyin edilməsi mübahisənin hüquqi mahiyyətini dəyişmir və həmin göndərişlərə əsasən əlilliyin təyin edildiyi tarix hazırkı iddianın həlli üçün həlledici əhəmiyyət daşımır. Bu səbəbdən, icmal məktubda ifadə edilmiş hüquqi mövqe hazırkı mübahisəyə tətbiq edilə bilməz.
50. Yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.