Məhkəmə qərarları › İş №2-1(1-8)-113/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-113/2026

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-113/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: daxili işlər orqanlarında xidmətdən xaric edilmə barədə əmrin ləğvi və işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-**-*/Ə**/**** saylı əmri ilə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin" 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, ##.##.2024-cü il tarixli *-**-**-*/Ə(ş/h)*/**** saylı əmrin ləğv edilərək, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2009-cu ildən Azərbaycan Respublikası DİN orqanlarında fəaliyyət göstərir, polis peşəsini hər zaman uca tutmuş və polis olmağı ilə fəxr etmiş, Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazov tərəfindən cinayətkarlığa qarşı aparılan mübarizə sahəsində peşəkar fəaliyyətinə görə pul mükafatına layiq görülmüşdür. AR DİN-in NBPİ-nin DYNPİ-nin ##.##.2024-cü il tarixli, *-**-**-*/Ə(ş/h)*/**** saylı əmri ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135ci maddəsinin 9 və 10-cu bəndinə əsasən işdən çıxarılmışdır. İşdən çıxarılmağı qanunsuz və əsassızdır. İddiaçı olaraq prosessual hüquq normaları ilə üzərinə qoyulmuş sübutetmə vəzifəsindən və yükündən azad edilərək, işdən çıxarılma əsaslarının və səbəblərinin qərəzli və qanunsuz olmasını təsdiq edə biləcək sübut və dəlil gətirmədən öz əvvəlki işinə bərpa olunmaq imtiyazı əldə edir. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı İddiaçı ##.##.2009-cu ildə DİN-nin Baş Mühafizə İdarəsinin X6 Şöbəsinə polis nəfəri kimi xidmətə qəbul edilmiş, ##.##.2013-cü ildə tutduğu vəzifədən azad olunaraq Goranboy RPŞ-nin MSY-nin rəisi vəzifəsinə təyin edilmiş, ##.##.2017-ci il tarixində DİN-nin xidmət keçmə haqqında Əsasnaməsinin 135-ci maddəsinin 1-ci bəndinə əsasən DİO-dan öz arzusu ilə xidmətdən xaric edilmiş, ##.##.2017-ci il tarixində DİN-nin NBPİ-nin DYNPİ-nin Gəncə st. XPŞ-nin PPXT-nin polis nəfəri vəzifəsinə xidmətə təyin edilmiş, ##.##.2018-ci il tarixində DİN-nin NBPİ-nin DYNPinin Gəncə st. XPŞ-nin PPXT-nin polis nəfəri vəzifəsindən azad edilərək, həmin tarixdə DİN-nin NBPİ-nin DYNPİ-nin Gəncə st. XPŞ-nin Goran st. XPM-nin polis nəfəri vəzifəsinə təyin edilmiş, ##.##.2024-cü il tarixində, DİN-in xidmət keçmə haqqında Əsasnaməsinin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən DİOda xidmətdən xaric edilmişdir. DİO-da xidmət etdiyi 12 il 7 ay 9 gün müddətində ümumilikdə rəhbərlik tərəfindən barəsində 4 mükafata layiq görülmüş, 9 İntizam tənbehi (##.##.2011-ci il, ##.##.2012-ci il, ##.##.2013-cü il, ##.##.2013-cü il, ##.##.2018-ci il, ##.##.2021-ci il, ##.##.2022-ci il, ##.##.2023-cü il) tətbiq edilmişdir. ##.##.2012-ci il tarixdə DİN-nin BMİ-i tərəfindən verilmiş "Təşəkkür", cinayətkarlığa qarşı mübarizədə fəal iştirak etdiyinə görə, ##.##.2014-cü il tarixində DİN tərəfindən verilmiş "1 (bir) aylıq əmək haqqı" məbləğində ƏAT-də fəal iştirak etdiyinə görə, ##.##.2018-ci il tarixində Gəncə st. XPŞ-si tərəfindən verilmiş "Təşəkkür" xidməti vəzifəsinin icrasına nümunəvi yanaşıdığına görə, ##.##.2021-ci il tarixində Gəncə st. XPŞ-si tərəfindən verilmiş "Təşəkkür" xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə olmuşdur. ##.##.2023-cü il tarixində xidmətdən kənar vaxtda, vətəndaşlarla əsassız mübahisə yaradaraq, onların haqlı narazılıqlarına səbəb olan hərəkətlərə yol verdiyinə görə, NBPİ-nin Ə*** saylı əmri ilə "Şiddətli Töhmət" intizam tənbehi, ##.##.2024-cü il tarixində rəhbərlik tərəfindən xidmətin aparılmasının yoxlaması zamanı ona təhkim edilmiş postu özbaşına tərk etməsi, telefon əlaqəsi saxlanılan zaman yalan məlumatlar verərək, səhvini düzəltmək əvəzinə qeyri-səmimi mövqe tutub, riyakarlıqla özünü doğrultmağa çalışdığına görə DYNPİ-nin Ə** saylı əmri ilə DİO-dan xidmətdən xaric edilməsi intizam tənbehi tətbiq edilib. İddiaçının DİO-da xidmət etiyi 12 il 7 ay 9 gün müddətində, xidmətdə yol verdiyi nöqsanlara görə barəsində təyin edilən intizam tənbehləri, şifahi xəbərdarlıqlar, aparılan fərdi profilaktiki söhbətlər nəticə vermədiyindən ##.##.2024-cü il tarixdən Gəncə st.XPŞnin sıravi və kiçik rəis heyətinin yığıncağında iddiaçının xidmətdən xaric olunması üçün rəhbərlik qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir. Gəncə st. XPŞ-nin Goran st. XPM-nin sabiq polis nəfəri X1 barəsində təqdim etdiyi xidməti xasiyyətnamədə özünü nizam-intizamlı polis əməkdaşı kimi göstərməyə çalışması, lakin qanunun tələblərinə riayət etməməsi, şəxsi təşəbbüskarlığı ilə fərqlənməməsi peşə ustalığı səviyyəsini artırmaq üçün öz üzərində çalışmaması, xidmət yoldaşlarına qarşı kobud olması, şəxsi heyət tərəfindən mənfi xarakterizə olunması, ekstremal vəziyyətlərdə sərbəst qərar qəbul etməyi zəif bacarması, tənqidi düzgün qəbul etməyərək ondan lazımi nəticə çıxarmaması, vətəndaşlarla kobud rəftar etməsi və bunun nəticəsində dəfələrlə Din-nin 102 zəng xidməti mərkəzinə müraciətlərin olması qeyd edilmişdir. İddiaçı İddiaçı DİO-da xidmət etdiyi 12 il 7 ay 9 gün müddətində, xidmətdə yol verdiyi nöqsanlara görə barəsində aparılan xidməti araşdırmaların nəticəsində, təyin edilən intizam tənbehləri orqan rəhbərinə həmin əməkdaşın DiO-dan xidmtdən xaric edilməsinə əsas verir. Yuxarıda qeyd olunanlara əsasən mübahisələndirilən əmr qüvvədə saxlanılmalıdır.

5. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (Hakim - Gülşən Əliyeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin ##.##.2024-cü il tarixli *-**-**-*/Ə(ş/h)*/**** saylı əmri ləğv edilmiş, iddiaçının əvvəlki Gəncə st. XPŞnin Goran st.XPM-in polis nəfəri, R vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin üzərinə qoyulmuşdur.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xidmətdən xaric olunma əmrinin faktiki əsasını onun xidmət yerini öz şəxsi işi üçün tərk etməsi, yəni xidmət vaxtında xidməti postunda olmaması halı təşkil etmiş, əmr maddi-hüquqi cəhətdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin" 135-ci maddəsinin 9 və 10-cu bəndləri ilə əsaslandırılmışdır. İddiaçı tərəfindən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməsi halı nə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış, nə də cavabdeh orqan tərəfindən bu barədə hər hansı dəlil irəli sürülməmiş, heç bir sübut təqdim edilməmişdir. Cavabdeh orqanın nümayəndəsi əvvəlki məhkəmə iclaslarında həmin əsasın əmrdə qeyd edilməsinə səbəb kimi iddiaçının izahatı alınarkən qeyri-səmimilik nümayiş etdirməsi, əməlini etiraf etmək əvəzinə özünə haqq qazandırmasını göstərsə də, məhkəmə həmin halları şəxsin özünümüdafiə hüququna aid məsələ hesab edərək, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət kimi qəbul etmir. Daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkəti dedikdə, daxili işlər orqanları əməkdaşının fəaliyyətində və ya davranışında qanunvericiliyin, xidməti vəzifələrin və etik davranış qaydalarının pozulması başa düşülür. Bu, həm xidmətdə, həm də xidmətdən kənarda baş verə bilər. Belə hərəkətlər daxili işlər orqanlarının nüfuzuna xələl gətirir və intizam məsuliyyəti yaradır.

7. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaqda davam edərək bildirib ki, mübahisələndirilən əmrdə iddiaçının öz şəxsi işi üçün xidməti postu tərk etdiyi bildirilsə də, cavabdeh orqan həmin halı sübuta yetirə bilməmişdir. Belə ki, şahid qismində dindirilmiş İsmayılov Tahir Əli oğlunun ifadəsi ilə müəyyən edilmişdir ki, İddiaçı zəng vuranda o, fermanın yaxınlığında olduğunu bildirmişdir. Ferma dedikdə, özünün şəxsi ferması deyil, stansiyanın ətrafında olan fermaları nəzərdə tutur, həmin fermaların mal-qarasının surət qatarının qarşısına çıxmaması üçün orda olduğunu bildirmişdir.

8. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılması xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər A.İsgəndərova (sədrlik edən və məruzəçi), A.Bayramov və R.Mamedov) Gəncə İnzibati Məhkəməsinin ##.##.2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə və ya intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. İddiaçının qeyd olunan əsaslarla xidmətdən xaric olunması üçün ya daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməli, ya da intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozmalı idi. İddiaçı tərəfindən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verilməsi halı iş üzrə müşayiət olunmamış, cavabdeh orqan tərəfindən bu barədə hər hansı əsaslı dəlillər təqdim edilməmiş, yalnız həmin əsasın əmrdə qeyd edilməsinə səbəb kimi iddiaçının izahatı alınarkən qeyri-səmimilik nümayiş etdirməsi, əməlini etiraf etmək əvəzinə özünə haqq qazandırması göstərilmişdir ki, bu hallar da daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət kimi qəbul edilə bilinməməklə, iş materialları ilə öz təsdiqini tapmır.

11. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin ##.##.2023-cü il tarixli *-**- **/Ə***/**** saylı əmrindən görünür ki, Gəncə stansiyasında xətt polis şöbəsinin, Goran stansiyasında xətt polis məntəqəsinin polis nəfəri, R İddiaçı "şiddətli töhmət" elan edilmişdir. Cavabdeh tərəfindən həmin əmr qüvvədə olduğu zaman, iddiaçının xidmət zamanı xidməti postda olmaması aşkar edilməsi halına istinad edilərək, bu hala il ərzində xidmət və icra intizamını ikinci dəfə pozulması kimi qiymət verilmişdir.

12. İşin hallarından görünür ki, iddiaçı barəsində xidməti yoxlama Gəncə stansiyasında xətt polis şöbəsinin rəis müavini Şəhriyar İsayevin raportu əsasında başlanılmışdır. Buna baxmayaraq, iş materiallarına əlavə edilmiş “xxxx” MMC-dən əldə edilmiş Şəhriyar İsayevə məxsus mobil telefonun anten məlumatlarından məlum olur ki, ##.##.2024-cü il tarixdə saat 16:16-dan saat 18:00-dək çıxan və daxil olan zənglərin, internet istifadəsinin ünvanı Gəncə şəhəri, Dəmir yolu vağzalı, Zülfü Hacıyev 66 olmuşdur. Eyni zamanda, anten məlumatlarında saat 16:22, 16:36 (2 dəfə) və 16:55 radələrində həmin mobil telefondan zəng çıxışları (MOC-çıxan zəng), 16:36 və 16:37 radələrində internetdən istifadə (GPRS-internet istifadəsi) olmuşdur ki, bu hal da Gəncə stansiyasında xətt polis şöbəsinin rəis müavini Şəhriyar İsayev tərəfindən yoxlamanın aparılması halını təkzib edir.

13. Əmrdə iddiaçının öz şəxsi işi üçün xidməti postu tərk etdiyi bildirilsə də, cavabdeh orqan həmin halı sübuta yetirə bilməmiş, istinad olunan halı təsdiq edəcək hər hansı bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli Post-patrul naryadlarının yerləşdirilməsi üzrə post cədvəlindən görünür ki, İddiaçı saat 09:00 dan 21:00-dək xidmət aparması nəzərdə tutulmuşdur. Həmçinin iş materiallarında olan R İddiaçı xidmət kitabçasından görünür ki, onun xidməti ##.##.2024-cü il tarixində, saat 16:00-da T.İsmayılov Tərəfindən yoxlanılmış, “Xidməti yoxladım, nöqsan aşkar olunmadı” qeydi aparılmışdır. Cavabdeh orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati akt qanunsuz olaraq qəbul edildiyindən ləğv olunmalı və iddiaçıya münasibətdə bundan doğan hüquqi nəticələr (işə bərpa, ödənilməmiş əməkhaqqının ödənilməsi və s.) realizə edilməlidir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılması xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində işin halları, iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh qurum tərəfindən ##.##.2024-cü il tarixli *-**-**- */Ə**/**** saylı əmrin verilməsinə əsas olan halların araşdırılması zamanı məhkəmə işin həli üçün əhəmiyyətli olan halın, yəni iddiaçının təhkim olunduğu xidməti məntəqədə olub-olmamasını müəyyən etmək üçün iddiaçı İddiaçı məxsus +************ mobil nömrənin anten məlumatları əldə edilməli idi. Həmçinin xidməti araşdırma materiallarından aydın olur ki, ##.##.2024-cü il tarixdə Gəncə st. XPŞ-nin, Goran XPM-nin rəisi, R X2 +************ mobil nömrəsi ilə iddiaçı İddiaçı zəng vuraraq onun harada olmasını soruşmuş və sonuncu fermanın yaxınlığında olduğunu bildirmişdir. Halbuki, inzibati qurum tərəfindən araşdırma zamanı onun təhkim olunduğu məntəqədə olmaması müəyyən edilmişdi. Məhkəmə əmrin əsassız olması qənaətinə gəlmək üçün ətraflı araşdırma aparmalı idi.

16. Məhkəmənin işin həli üçün əhəmiyyət kəsb edən müvafiq yoxlama zamanı Şəhriyar İsayevlə bərabər şöbə rəisi Rövşən Babayevin mobil telefonunun anten məlumatlarının əldə olunması üçün sorğu ünvanlamalı idi. Belə ki, R.Babayevin məhkəmə tərəfindən ünvanlanan sorğuda həmin gün yoxlama zamanı +************ mobil nömrəli telefon olmuş, məhkəmə bu nömrə ilə bağlı hər hansı araşdırma aparmamışdır.

b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya məhkəməsinin qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə

114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 7) xidmətdən xaric edilmə.

132. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən xidməti borclarının yerinə yetirilməsinin, anda, intizam qaydalarına riayət olunmasının təmin edilməsi məsələlərinin kollektiv müzakirə edilməsi məqsədi ilə daxili işlər orqanlarında sıravi və rəis heyətlərinin yığıncaqları fəaliyyət göstərir.

133. Yığıncaqların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda.

141. Daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir.

19. İnzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından daxili işlər orqanlarında xidmətdən xaric edilmə barədə əmrin ləğvi və işə bərpa ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar