Məhkəmə qərarları › İş №2-1(1-8)-1183/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1183/2026

31.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1183/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Cavabdehin ##.##.2024-cü il tarixli, **************** saylı qərarına əsasən iddiaçı barəsində oktyabr 2021 - yanvar 2024 dövrləri əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması həyata keçirilmişdir.

2. Yoxlamanın nəticəsi ##.##.2024-cü il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

3. Akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə iddiaçıya ümumilikdə 299.459,65 manat vergilər hesablanmış və 242.094,42 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli **************** saylı qərarının ləğv olunmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, yoxlama 11 dəfə ardıcıl olaraq mütəxəssis dəvət olunması əsası ilə dayandırılmış, lakin yekunda mütəxəssis rəyi təqdim olunmamış, hesablama aparılması üçün rəydən istifadə olunmamışdır. Bu isə yoxlamanın formal olaraq dayandırıldığını təsdiq edir. Həmçinin, cavabdeh tərəfindən 2021-ci, 2022-ci və 2023-cü illər üzrə birbaşa şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən gəlir və xərclərinin uçotu tam şəkildə aparılmış, mənfəətin Vergi Məcəlləsinin 67-ci maddəsi tətbiq olunmaqda müəyyən edilməsi üçün heç bir əsas yaranmamışdır. Bununla yanaşı, sənədlərdə çatışmazlıq olsaydı belə, kassasiya instansiyasının vahid məhkəmə təcrübəsinə görə, şərti rentabellik normasına birbaşa istinad olunmaqla mənfəətin müəyyən olunması yolverilməzdir və yalnız Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş mənbələr hesabına mənfəətin müəyyən edilməsi mümkün olmadıqda, şərti rentabellik norması tətbiq oluna bilər.

6. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, yoxlanılan dövrdə iddiaçı “dəmir məmulatlarının, su kəməri və istilik şəbəkəsi avadanlıqlarının istehsalı və topdan satışı” ilə məşğul olmuşdur. Vergi ödəyicisinə Tələbnamə təqdim edilməsinə, məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilməmişdir. İddiaçı MMC tərəfindən yoxlanılan dövr üzrə istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları, həmçinin istehsal həcminin müəyyən edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 23.1.14-cü və 45-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğundan, ##.##.2024-cü il tarixli qərarla mütəxəssis dəvət edilmiş, Azərbaycan Respublıkası Tıcarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis X1 dəvət olunmuşdur. Mütəxəssis tərəfindən rəy yoxlamaya təqdim edilənədək yoxlama bir neçə dəfə dayandırılmışdır. Vergi ödəyicisi yoxlamaya zəruri olan sənədləri təqdim etmədiyi üçün Azərbaycan Respublikası Ticarət- Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən vergi orqanına təqdim edilmiş ##.##.2024-cü il tarixli, **************** nömrəli məktuba əsasən mütəxəssisin rəy verməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra vergi yoxlaması vergi qanunvericiliyinin verdiyi imkanlardan istifadə edilərək davam etdirmişdir. Yoxlama zamanı vergi ödəyicisinin 2021-ci, 2022-ci və 2023-cü illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələri yoxlanılmışdır. Vergi ödəyicisi 2021-ci ilin mənfəət vergisi bəyannaməsini kassa metodundan, 2022-ci və 2023-cü illər üzrə mənfəət vergisi bəyannamələrini hesablama metodundan istifadə edərək təqdim etmişdir. Vergi ödəyicisi tərəfindən istehsal olunan mallar haqqında yoxlamaya məlumatlar (kalkulyasiya) təqdim edilmədiyindən, həmin mallardan əldə edilən mənfəəti və investisiya təşviqi sənədinə əsasən mənfəətdən azadolmanı müəyyən etmək mümkün olmadığı üçün Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı qərarına əsasən (## ##### 2003-cü il tarixli ** saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik normasından istifadə edilmişdir. Bundan əlavə, iddiaçı yoxlama ilə əhatə olunan dövrdə ƏDV-nin tədiyyəçisi olmuşdur. “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli qərar qəbul edilmiş və ##.##.2024-cü il tarixdə mülkiyyətdə və istifadədə olan əmlakın inventarizasiyası aparılaraq, bu barədə akt tərtib edilmişdir. Vergi ödəyicisində əvvəlki səyyar vergi yoxlaması zamanı ##.##.2022-ci ildə keçirilmiş inventarizasiya ilə ##.##.2024-cü ildə keçirilmiş inventarizasiyanın qarşılıqlı təhlili zamanı 153293,03 manat dəyərində malın (kombi, boru, radiator, nasos və s.) əksik gəldiyi müəyyən edilmişdir. Beləliklə, yerində olmayan 153293,03 manat dəyərində malın yoxlama dövrünün sonuncu ayına, yəni 2024-cü ilin yanvar ayı üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlara əlavə edilərək 153293,03 manat dövriyyənin artırılması, Vergi Məcəlləsinin 67.15-ci və 159.5-ci maddələrinə əsasən 27592,75 manat (153293,03 x 18% = 27592,75) əlavə vergi məbləğinin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50 faiz miqdarında, 13796,38 manat (27592,75*50%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq, aparılan səyyar vergi yoxlaması zamanı bank və ƏDVDH məlumatlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 412 ədəd ödəniş tapşırığında, 2023-cü il üzrə 423 ədəd ödəniş tapşırığında və 2024-cü il üzrə 10 ədəd ödəniş tapşırığında, cəmi 845 ödəniş tapşırığında ödənişin təyinatı hissəsində tələb olunan məlumatlar düzgün qeyd olunmamışdır. Həmçinin, bank və ƏDV depoziti hesabı məlumatlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 49 ədəd elektron qaimə-faktura üzrə 4655,46 manat, 2023-cü il üzrə 36 ədəd elektron qaimə-faktura üzrə 13232,92 manat və 2024-cü il üzrə 1 ədəd elektron qaimə-faktura üzrə 4,00 manat ƏDV məbləği əsas məbləğlərin ödənildiyi gündən gec ödənilmişdir.

7. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: Q.F.Məmmədli) ## ###### 2025-ci il tarixli, *e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixdə **************** saylı qərarı 2024-cü il üzrə əlavə dəyər vergisi üzrə - 27592,75 manat hesablanması, 2024-cü il üzrə VM 58.1-ci maddəsinə uyğun olaraq 13796,38 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2022-ci il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 2659,47 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2023-cü il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 5203,11 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2024-cü il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 2 manat maliyyə sanksiyası tətbiq edilməsi istisna olmaqla qalan hissədə ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsinin əsaslandırması: 8.1. 2021-ci, 2022-ci və 2023-cü illər üzrə cavabdeh vergi ödəyicisinin xərclərinin müəyyən edilməsinin mümkün olmadığını qeyd etmiş və gəlirə görə şərti rentabellik norması üsulundan istifadə etməklə mənfəət müəyyən etmişdir. Iddiaçı 2021-2023-cü illər üzrə mənfəət vergisi bəyannamələrini və həmin bəyannamələrin xərclər sətirlərində əks olunan göstəricilərə dair sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı hər üç il üzrə təqdim olunan mənfəət vergisi bəyannamələrinin xərclər hissəsində göstərilən əsas xərclərin – 221.3-cü (xammal və materiallar) və 221.4-cü (malın dəyəri) sətirlərində əks olunan məbləğlərin tamlıqla sənədlərlə təsdiq olunduğu müəyyən edilmişdir. Cavabdeh özü də aktın 14-16-cı səhifələrində iddiaçının bəyannamələrdə əks etdirdiyi əsas xərclərin mövcud olduğunu təkzib etməmiş, yalnız müəyyən xərcləri (enerji, rabitə, digər xərclər) qəbul etmədiyini bildirmişdir. Iddiaçı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodunun ərazisində icarəyə götürdüyü obyektdə fəaliyyət göstərdiyindən elektrik sərfiyyatı barədə ayrıca elektron qaimə-faktura ona deyil, zavoda təqdim olunur. Iddiaçı isə ümumi elektrik sərfiyyatının özünə aid olan hissəsini ödəyir. Bununla bağlı təqdim edilən ##.##.2024-cü il tarixli məktuba əsasən iddiaçının 2021-ci ilin oktyabr - dekabr ayları üzrə 10900 manat, 2022-ci il ərzində 69755 manat, 2023-cü il ərzində 130542 manat elektrik enerjisi xərclərini ödədiyi müəyyən olunur. Qalan xərclərin ümumi xərclərin tərkibində xüsusi çəkisi olduqca aşağıdır. Qeyd olunanlara əsasən, iddiaçının 2021- 2023-cü illərə dair fəaliyyəti üzrə gəlir və xərc sənədləri təsdiqini tapdığından mənfəət birbaşa müəyyən olunur. Cavabdeh yoxlama aktında və yekun qərarda mənfəət birbaşa müəyyən olunduğu halda, hansı əsasla Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrini tətbiq etdiyini açıqlamamışdır. Hazırkı mübahisədə isə iddiaçının 2021-2023-cü illər üzrə iş materialına əlavə etdiyi xərc sənədləri (elektron qaimə-fakturalar, idxal sənədləri, arayış və s.) yoxlama zamanı da cavabdeh inzibati orqanda mövcud olmuş və bu sənədlərin mötəbərliyi mübahisələndirilməmişdir. Bununla da, həm 2021-2023-cü illər üzrə mənfəətin birbaşa müəyyən olunması, həmçinin cavabdeh tərəfindən 67-ci maddənin tələblərinə riayət edilmədən və əsaslandırılmadan birbaşa şərti rentabellik normasını tətbiq edilməsi qanunvericiliyə uyğun olmamışdır. 8.2. Eyni zamanda, vergi orqanı 2022-ci, 2023-cü və 2024-cü illər üzrə ödəniş tapşırığının düzgün tərtib edilməməsinə görə Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən maliyyə sanksiyası hesablamışdır. Sözügedən qərarda qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 412 ədəd ödəniş tapşırığında, 2023-cü il üzrə 423 ədəd ödəniş tapşırığında və 2024-cü il üzrə 10 ədəd ödəniş tapşırığında açıqlama hissəsində məlumatlar düzgün qeyd olunmamışdır. Vergi Məcəlləsinin 57.7-ci maddəsinə görə, bu Məcəllənin 16.11ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 16.11-ci maddəsinə əsasən, vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən ödəniş xidməti təchizatçılarına təqdim edilən ödəniş tapşırığında müəyyən məlumatlar göstərilir. Lakin cavabdeh tərəfindən təqdim olunan cədvəldən müəyyən olunur ki, bəhs edilən köçürmələr iddiaçı ilə digər vergi ödəyiciləri arasında bank vasitəsilə aparılan ödənişlər deyil, iddiaçının ƏDV sub-uçot hesabından digər vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarına aparılan ödəmələrdir. Göründüyü kimi, cavabdeh Vergi Məcəlləsinin 16.11-ci maddəsini yanlış tətbiq edərək, hər hansı təchizatçı olmadan birbaşa iki vergi ödəyicisi arasında aparılan əməliyyatı həmin normanın pozuntusu kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən, mübahisələndirilən qərar 2021, 2022 və 2023-cü illər üzrə mənfəət vergisinin hesablanması və 2022, 2023 və 2024-cü illər üzrə ödəniş tapşırığının düzgün tərtib edilməməsinə görə Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyasının hesablanması hissələrində ləğv edilməlidir. 8.3. Yoxlama zamanı ##.##.2022-ci ildə keçirilmiş inventarizasiya ilə ##.##.2024-cü ildə keçirilmiş inventarizasiyanın qarşılıqlı təhlili zamanı 153293,03 manat dəyərində malın əksik gəldiyi müəyyən edilmiş, yerində olmayan 153293,03 manat dəyərində malın yoxlama dövrünün sonuncu ayına, yəni 2024-cü ilin yanvar ayı üzrə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlara əlavə edilərək 27592,75 manat əlavə vergi məbləği hesablanmış və həmin məbləğin 50 faizi miqdarında, yəni 13796,38 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Inventarizasiya aktı vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş və həmin akt iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Iddiaçı tərəf yerində olmayan mallar barədə hər hansı məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, vergi orqanının ##.##.2025-ci il tarixli qərarı sözügedən hissədə əsaslı olmuşdur. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. 8.4. Həmçinin, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 2022-ci il üzrə 2659,47 manat, 2023-cü il üzrə 5203,11 manat və 2024-cü il üzrə 2 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 49 ədəd elektron qaimə-faktura üzrə 4655,46 manat, 2023-cü il üzrə 36 ədəd elektron qaimə-faktura üzrə 13232,92 manat və 2024-cü il üzrə 1 ədəd elektron qaimə-faktura üzrə 4 manat ƏDV məbləği, əsas məbləğlərin ödənildiyi gündən gec ödənilmiş və vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.6-cı maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı qeyd olunan ƏDV məbləğlərinin əsas məbləğlərin ödənildiyi gündən gec ödənilmədiyini sübuta yetirə bilməmiş və bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Mübahisələndirilən qərar həmin hissədə də əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir.

9. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın rədd edilən hissədə ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilən hissədə ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: T.B.Axundov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və R.A.Xəlilov) ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki: 12.1. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodunun ərazisində fəaliyyət göstərir və “xxxx” ASC-də qeydiyyatda olan elektrik sayğacı vahiddir. Həmin zavodun ərazisində onlarla müəssisə fəaliyyət göstərir və hər birində yalnız daxili sayğaclar quraşdırılmışdır. Iddiaçı müsəssisədə isə 2024-cü ilin fevral ayından ayrıca abonent kodu verilməklə sayğac quraşdırılmışdır. Həmin vaxtadək iddiaçı enerji ödənişlərini zavod vasitəsilə “xxxx” ASC-yə ödədiyindən, elektron qaimə-fakturalar zavodun adına gəlmişdir. Iddiaçı isə faktiki olaraq həmin xərcləri çəkmişdir, əks halda istehsal fəaliyyətinin həyata keçirilməsi mümkün olmazdı. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərə əsasən müəyyən olunur ki, eyni məsələ yoxlama dövrü olmayan 2024-cü ilin mənfəət bəyannaməsi üzrə də meydana gəlmiş və iddiaçı yuxarı vergi orqanına şikayət etmişdir. Müəssisənin ayrıca abonent kodu olan sayğacı 2024-cü ilin fevral ayından quraşdırıldığından, 2024-cü ilin yanvar ayında zavod vasitəsilə ödənilən enerji xərci əvvəl vergi orqanı tərəfindən nəzərə alınmamış, inzibati şikayət üzrə icraat nəticəsində isə iddiaçının şikayəti təmin olunaraq, 2024-cü ilin yanvar ayında zavod vasitəsilə ödənilən enerji xərci nəzərə alınmışdır. Göründüyü kimi, iddiaçının ayrıca abonent koduna malik olmamasını yuxarı vergi orqanı da qəbul edərək hesablamanı azaltmış, cavabdeh isə eyni əsasla başqa dövrlər üzrə enerji xərclərini yenidən qəbul etməmişdir. 12.2. Həmçinin, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 2022-ci və 2023-cü illərdə cavabdehin nəzərə almadığı rabitə, nəqliyyat, sair və digər xərclərə dair elektron qaiməfakturalar təqdim edilmiş və həmin məbləğlər tam həcmdə təsdiqini tapmışdır. Bununla yanaşı, həmin xərclərin xüsusi çəkisi ümumi xərclərin tərkibində olduqca aşağı olmuşdur və mənfəətin müəyyən olunması həmin xərclərdən asılı olmayaraq da mümkün idi. 12.3. Iddiaçının əsas xərcləri alınmış xammal-material və hazır mallara dair idxal üzrə yük-gömrük bəyannamələri və ölkədaxili alışlar üzrə elektron qaimə-fakturalardan ibarətdir ki, həmin sənədlər də tam şəkildə mövcud olmuş və iş materialına əlavə olunmuşdur. Lakin cavabdeh iddiaçının mal-material silgisi məlumatlarını qəbul etməmiş, həmin silgi məlumatlarının hazırlanması məqsədilə yoxlamaya mütəxəssis dəvət etsə də, yekunda onun rəyindən istifadə etməyərək silgi məlumatlarını şərti rentabellik düsturuna uyğun müəyyənləşdirmişdir ki, bu hal yolverilməzdir. Belə ki, hər bir məhsulun istehsal prosesinin spesifik mürəkkəbliyi və özünəməxsus cəhətləri vardır. Iddiaçı yoxlama zamanı təqdim etdiyi ərizə ilə məhsulların sifariş əsasında fərqli kalkulyasiyalara uyğun hazırlandığını bildirmişdir. Cavabdeh isə, ümumiyyətlə, hər hansı kalkulyasiya məlumatına istinad etmədən iddiaçının təqdim etdiyi silgi məlumatlarını şərti rentabellik düsturu ilə xərclərin tərkibinə düşən xammalmaterial və mallar hissəsinə uyğunlaşdırmışdır. Halbuki silgi məlumatları real istehsal sərfiyyatına və ya normativ standartlara uyğun olmalıdır. Cavabdehin belə formada silgi müəyyən etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələrindən qeyd olunan formada silginin necə müəyyən olunması və təsdiqedici sənədlər tələb olunsa da, bununla bağlı hər hansı sənəd təqdim edilməmişdir. Iddiaçı isə disk formatında hər üç il üzrə xammal və materialların istehsala silinməsi barədə cədvəlləri təqdim etmişdir. Həmin göstəricilər araşdırılarkən iddiaçının təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin xərclər hissəsindəki xammal-material və malın dəyəri sətirlərinin silgi məlumatları ilə uyğun olduğu müəyyən edilmişdir. Odur ki, hər üç il üzrə mənfəət iddiaçının uçot sənədləri ilə müəyyən olunduğundan, mənfəətin Vergi Məcəlləsinin 67-ci maddəsi tətbiq olunmaqda müəyyən edilməsi üçün heç bir əsas yaranmamışdır. 12.4. Bundan başqa, cavabdeh iddiaçının mənfəətini müəyyən edərkən Vergi Məcəlləsi ilə müəyyən olunan iddiaçıya məxsus əlaqəli məlumatları təhlil etməmiş, analoji vergi ödəyicilərinin müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparmamış, şərti rentabellik normasını heç bir əsaslandırma olmadan birbaşa tətbiq etmişdir. Halbuki, iddiaçının təqdim etdiyi məlumata əsasən, eyni fəaliyyətlə məşğul olan beşdən çox müəssisə mövcuddur. Internet araşdırması zamanı təqdim olunan həmin müəssisələrin də boru istehsalı üzrə fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. ##.##.2022-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 67.17-ci maddəsi yalnız maddə üzrə ardıcıllığın mövcud olmadığını əks etdirir, cavabdehə istənilən halda şərti rentabellik normasını tətbiq etmək səlahiyyəti vermir. Başqa sözlə, həmin maddə ilə müəyyən olunan hansı üsul və vasitə tətbiq olunursa, inzibati orqan niyə məhz həmin üsulu tətbiq etdiyini əsaslandırmalıdır. Bu öhdəlik Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergi orqanlarının vergiləri düzgün hesablamaq vəzifəsindən irəli gəlir. Hazırkı mübahisədə isə iddiaçının 2021-2023-cü illər üzrə iş materialına əlavə etdiyi xərc sənədləri (elektron qaimə-fakturalar, idxal sənədləri, arayış, bank çıxarışları və s.) yoxlama zamanı da cavabdeh inzibati orqanda mövcud olmuş və bu sənədlərin mötəbərliyi mübahisələndirilməmişdir. 12.5. Bununla da, 2021-ci ilə münasibətdə cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan ardıcıllığa riayət etməməsi, 2022-ci və 2023-cü illərə münasibətdə isə gəlir və xərc sənədləri tam mövcud olduğu və mənfəət birbaşa müəyyən olunduğu halda, cavabdehin heç bir əsas olmadan şərti rentabellik normasını tətbiq etməsi qanunvericiliyə uyğun olmamışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək, qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti işin hallarına və iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq aşağıdakılar qeyd edilmişdir.

15. Səyyar vergi yoxlaması keçirilən dövrdə dəfələrlə iddiaçı vergi ödəyicisindən kalkulyasiya məlumatlarını təqdim etməsi tələb edilmiş, iddiaçı tərəfindən ##.##.2024-cü və ##.##.2024-cü tarixlərdə kalkulyasiya məlumatları vergi orqanına təqdim edilmiş, lakin ##.##.2024-cü il tarixli məktubla iddiaçı kalkulyasiya məlumatlarının sifarişçilərin istəyinə uyğun hazırlandığını qeyd edərək, ##.##.2024-cü il tarixli məktubla da əvvəl təqdim etdikləri kalkulyasiya məlumatlarının etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də Sumqayıt Apellyasiya Məhkəməsi bu fakta hüquqi qiymət verməmiş, iddiaçının vergidən yayınmaq, səyyar vergi yoxlamasının keçirilməsini səmərəsiz etmək cəhdlərini qiymətləndirməyərək vergi orqanının qərarını əsassız ləğv etmişdir. Həmçinin o da qeyd olunmalıdır ki, həm Sumqayıt Inzibati Məhkəməsində işə baxılarkən, həm də Sumqayıt Apellyasiya Məhkəməsində inzibati işin icraatı zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilməmiş, səyyar vergi yoxlamasını keçirmiş vergi orqanının əməkdaşının şifahi məhkəmə baxışı iclası zamanı verdiyi izahata hüquqi qiymət verilməmişdir.

16. Apellyasiya məhkəməsinin iddiaçı tərəfindən silgi məlumatları ilə bağlı təqdim edilən dəlilə əsaslanması vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı qanunvericiliklə müəyyən edilmiş məcburi mühasibat uçotunu aparması ilə bağlı vəzifələrini əhəmiyyətsiz edir. Burdan belə nəticəyə gəlmək olur ki, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı vergi orqanının uçot bazasında olan elektron qaimə-faktura, idxal-ixrac məlumatları və s. vergi ödəyicisində yoxlamanın başa çatdırılması üçün kifayət edir. Halbuki qanunvericiliyə əsasən, vergi ödəyicisi uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludur və vergi orqanının tələbi ilə həmin sənədlər vergi orqanına təqdim edilməli, elektron daşıyıcılarındakı məlumatlarının verilməsi və birbaşa və ya məsafədən çıxış imkanının yaradılması təmin edilməlidir.

17. Vergi ödəyicisində səyyar vergi yoxlamasının keçirilərkən ilkin uçot sənədlərinin zəruriliyi ilə bağlı yoxlama zamanı müəyyən olunan hallarla bağlı nümunə kimi bunlar göstərilə bilər: vergi orqanının uçot baza məlumatlarına əsasən İddiaçı MMC “100 mm sn4” adlı plastik borudan 2021-ci il üzrə 71 598 metr idxal etmiş, 20 282 metr elektron qaimə-faktura ilə əldə etmiş, 276 506 metr elektron qaimə-faktura ilə satışı olmuşdur. Nəticədə, elektron qaiməfaktura ilə təqdim edilmiş 184 626 (276 506 – (71 598 + 20 282)) metr plastik borunun istehsaldan əldə edildiyi məlum olmuşdur. 2022-ci il üzrə “150 mm sn4” adlı plastik borudan 22 484 metr idxal etmiş, 234 metr elektron qaimə-faktura ilə əldə etmiş, 223 005 metr elektron qaimə-faktura ilə satışı olmuşdur. Nəticədə elektron qaimə-faktura ilə təqdim edilmiş 200 487 (223 005 – (22 484 + 234)) metr plastik borunun istehsaldan əldə edildiyi məlum olmuşdur. 2023-ci il üzrə “150 mm sn4” adlı plastik borudan 14 178 metr idxal etmiş, 366 metr elektron qaimə-faktura ilə əldə etmiş, 148 193 metr elektron qaimə-faktura ilə satışı olmuşdur. Nəticədə elektron qaimə-faktura ilə təqdim edilmiş 133 649 (148 193 – (14 178 + 366)) metr plastik borunun istehsaldan əldə edildiyi məlum olmuşdur. Bundan əlavə, yoxlama dövründə vergi ödəyicisi plastik borunun istehsalı üçün xammal hesab olunan 3 445 ton “POLIETILEN” əldə etmiş, ##.##.2024-cü il tarixli “mülkiyyətdə və istifadədə olan əmlakın inventarizasiya aktı”nda 197 ton “POLIETILEN qalığının olduğu aşkar edilmişdir. Göründüyü kimi, yoxlanılan dövrdə vergi ödəyicisinin fəaliyyət sahəsi çox tərəfli olmaqla, həm məhsul istehsalı, həm də malların topdan və pərakəndə qaydada təqdim edilməsi fəaliyyətindən ibarət olmuşdur. Habelə, vergi ödəyicisi “POLIETILEN” xammalını plastik boru hazırlanması məqsədi ilə əldə etmiş, istehsalda fərqli çeşidlərdə (150 mm sn4, 100 mm sn4, 200 mm sn4 və s. adda plastik boru) plastik borular istehsal edərək təqdim etmişdir ki, hər marka plastik boru üçün tələb olunan xammalın kalkulyasiyası (məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları) fərqli olmuşdur. Qeyd olunan kalkulyasiya məlumatları vergi orqanına təqdim edilməmişdir. Belə ki, vergi ödəyicisi ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli məktublarla kalkulyasiya barədə məlumat təqdim etsə də, sonradan istehsal dövriyyəsinin gizlədilməsi və yaranacaq əlavə vergi məbləğinin qarşısını almaq üçün ##.##.2024-cü il tarixli ##.##.2024-cü il tarixli məktublarla əvvəl təqdim etdiyi kalkulyasiya məlumatlarının etibarsız hesab edilməsini xahiş etmişdir.

18. Bundan başqa, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2017-ci il tarixli Q-** nömrəli Kollegiya qərarı ilə “X4 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 22.29-cu bəndinə əsasən, ehtiyatlar əldə edilən zaman ilkin dəyəri ilə qiymətləndirilir. Ehtiyatların ilkin dəyərinə alış qiyməti, gömrük idxal rüsumları və digər vergilər (vergi orqanları tərəfindən müəssisəyə sonradan əvəzləşdirilən vergilər istisna olmaqla), daşınma, boşaldılma və hazır məhsulların, xammal-materialların və xidmətlərin əldə edilməsi ilə birbaşa bağlı olan digər məsrəflər daxildir. Vergi ödəyicisi tərəfindən plastik boru üçün “POLIETILEN” xammalı əldə edilmiş, lakin bu xammalın hərəkəti, silgisi barədə məlumatları mühasibat uçotunun aparılması qaydalarına ziddi olaraq bəyannamədə göstərməmiş və vergi orqanına 2021-ci il, 2022-ci il və 2023-cü il üzrə təqdim edilən Mənfəət vergisi bəyannamələrinin * nömrəli ƏLAVƏ-sində 1.3-cü sətrinin “EHTIYATLAR” bölməsinin 1.3.2-ci sətrində “MALLAR” alt bölməsinə və 1.3.1ci sətirdə “HAZIR MƏHSUL” alt bölməsinə daxil edərək, həm istehsal olunmuş, həm də əldə edilmiş malları ümumi şəkildə göstərmiş, lakin xammalın hərəkəti barədə * nömrəli ƏLAVƏnin 1.3.3-cü sətrində “BITMƏMIŞ ISTEHSAL” və 1.3.4-cü sətrində “SAIR EHTIYATLAR” alt bölmələrinə hər hansı məlumat daxil edilməmişdir. Beləliklə, vergi ödəyicisinin bəyannamə məlumatlarında malın maya dəyərində əks olunan göstəricilər vergi ödəyicisinin ümumi xərclərinin təxminən 80 faizini əhatə edir. Belə ki, vergi ödəyicisi istehsala sərf olunan xammalın dəyərini, əldə etdiyi (idxal və elektron qaimə-faktura ilə alış) mallarla cəm şəkildə göstərmiş, eyni zamanda kalkuliyasiya barədə məlumat verməməklə xərclərini süni şəkildə şişirtmişdir. Qeyd olunan bu hallar vergi orqanına şərti rentabellik norması əsasında vergilərinə hesablanmasına tam əsas vermişdir.

19. Bundan başqa, qanunverici vergi ödəyicisinin fəaliyyətini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi ilə müqayisə edərkən mənfəət vergisini istisna edir. Hazırkı iş üzrə səyyar vergi yoxlaması keçirilərkən, əsasən 2021-2023-cü illər üzrə mənfəət vergi üzrə əlavə vergi məbləği hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarında bunu qeyd etməməsi, işə birtərəfli baxılmasını, iddiaçının mövqeyindən çıxış edilməsini bir daha sübut edir. Həmçinin o da qeyd olunmalıdır ki, vergi ödəyicisi analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi ilə müqayisə edilərkən analoji müəssisənin işçi sayının, istehsal gücünün, istehsal avadanlıqlarının, fəaliyyət göstərdiyi ərazinin, istehsal etdiyi malların keyfiyyətinin və cinsinin eyni olması tələb olunur ki, məhkəmə bu faktları nəzərə almadan cavabdeh vergi orqanından analoji müəssisə ilə müqayisəni tələb etmişdir. Halbuki eyni fəaliyyətlə məşğul olma iddiaçı “xxxx” MMC-ni digər müəssisələrlə müqayisə etmək üçün kifayət deyil. Sumqayıt Apellyasiya Məhkəməsində keçirilmiş şifahi məhkəmə baxışı iclası zamanı analoji müəssisə ilə müqayisənin mümkün olmaması barədə yoxlamanı keçirən əməkdaşın izahatı məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 67.17-ci maddəsi ilə bağlı dəyişiklik ##.##.2022-ci il tarixdən olmuş, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması keçirilərkən 2022-ci və 2023-cü illər üzrə ardıcıllığı gözləmədən şərti rentabellik hüququnu tətbiq etməkdə səlahiyyətli olmuşdur.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin elektrik sərfiyyatı ilə bağlı məsələnin yuxarı vergi orqanı tərəfindən qəbul edilməsi dəlilinə münasibətdə kassastor qeyd etmişdir ki, iddiaçı İddiaçı MMC-nin kameral vergi yoxlamasının qərarından verdiyi şikayət üzrə onun 2024-cü il üzrə enerji sərfiyyatı yuxarı vergi orqanı tərəfindən qəbul edilmişdir. Bu qərar 2021-2023-cü illər üzrə iddiaçı tərəfindən elektrik sərfiyyatına dair məsələdə nəzərə alına bilməz. Lakin apellyasiya instansiya məhkəməsi yuxarı vergi orqanının bu mövqeyini 2021-2024-cü illərə aid etməkdə haqlı olmamış, iddiaçının mənafeyindən çıxış etmişdir.

21. Mübahisələndirilən qərarla Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası ilə bağlı isə kassator qeyd etmişdir ki, Azərbaycan Respublikası VM-in 16.11-ci maddəsinə əsasən, vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən ödəniş xidməti təchizatçılarına təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir: 16.11.1. bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə - elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarla alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi; 16.11.2. xarici ticarət fəaliyyəti üzrə - yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi; 16.11.3. borc ödənişləri üzrə - təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi. Sumqayıt Apellyasiya Məhkəməsində keçirilmiş şifahi məhkəmə baxışı zamanı səyyar vergi yoxlamasını keçirimiş əməkdaş bununla bağlı ətraflı izahat verərək, bir vergi ödəyicisinin ƏDV sub-hesabından digər ödəyicinin ƏDV sub-hesabına ödənişlər həyata keçirilərkən qaiməfakturanın seriya və nömrəsinin sistem üzərindən qeyd edilməsinin mümkün olması, həmçinin ƏDV sub-hesabların X3ması təchizatçı kimi həmin Agentliyin çıxış etməsi bildirilsə də məhkəmə buna hər hansı hüquqi qiymət verməmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarın qanuniliyi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.

30. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar