Məhkəmə qərarları › İş №2-1(1-8)-12/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-12/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-12/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “Üçüncü şəxs tərəfindən X1 0,12 ha və 0,03 ha torpaq sahəsi üzərində iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Yevlax rayon Havarlı bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** №-li və ##.##.2007-ci il tarixli, *** №-li qərarlarından görünür ki, iddiaçının mərhum atası X1 0,03 və 0,12 ha olmaqla ayrı-ayrı ərazilərdə yerləşən torpaq sahələrinin satılması qərara alınmışdır. 2.##.##.2007 və ##.##.2007-ci il tarixli ödəniş qəbzlərinə əsasən iddiaçının mərhum atası tərəfindən Üçüncü şəxs hesabına 160 AZN və 192 AZN ödəniş edilmişdir. 3.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Şöbəsinin rəylərindən görünür ki, Şöbə torpaq sahələrinin satılmasını qanunamüvafiq hesab etmişdir. 4.Satılmış torpaq sahələrinin yerquruluşu planlarında torpaq sahələrinin keçmişdə “Tərəvəzçilik-südçülük” sovxozunun istifadəsində olması qeyd edilmişdir. 5.X2 ##.##.2016-cı il tarixdə vəfat etmişdir. 6.Iddiaçı, bələdiyyə qərarı ilə ayrıldığı bildirilən 0,12 və 0,03 ha torpaq sahələrinin mərhum atasının adına dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. 7.Cavabdehin ##.##.2023-cü il tarixli iddiaçının müraciətinə cavab məktubunda qeyd edilmişdir ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** nömrəli və ##.##.2007-ci il tarixli, *** nömrəli qərarları ilə ayrılmış torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü sənədi ərizəyə əlavə edilməmişdir. Müəyyən miqyasda tərtib edilən və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğu üçün qeyd olunan torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarını Havarlı kənd ərazisi üzrə olan elektron baza xəritəsində müəyyən etmək mümkün deyildir. Yuxarıda qeyd edilən Bələdiyyənin qərarlarına dair məlumatların olması barədə X3 filialına sorğu edilərkən məlum olmuşdur ki, həmin sənədlər barədə məlumatlar filialda mühafizə olunan arxiv materiallarında aşkarlanmamışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat 8.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Üçüncü şəxs tərəfindən X1 0,12 ha və 0,03 ha torpaq sahəsi üzərində iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 9.Şəki Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərardadı ilə Yevlax rayon Havarlı Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2016-cı il tarixdə vəfat etmiş X1 qalmış miras əmlakın qəbulu ilə əlaqədar İddiaçı ərizəsi əsasında ##.##.2023-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. Daha sonra iddiaçı cavabdehə torpaq sahələrinin özəlləşdirilməsinə dair müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.

11. Şəki Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli ## ##### 2025-ci il tarixli qərarı ilə (hakim F.Hacızadə) iddia tələbi təmin edilməmişdir. 12.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi tələb edilmiş və müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi iddiaçıya ayrılan zaman Mingəçevir şəhəri Mingəçevir bələdiyyəsinin ərazi hüdudları daxilində, Mingəçevir bələdiyyənin mülkiyyətində olmuşdur. Sözügedən ərazilərlə bağlı inzibati ərazi vahidlərində dəyişikliklər “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə ## #### 2012-ci il tarixli ***- IVQD nömrəli Azərbaycan Respublikası Qanununun 2.13-cü maddəsinə əsasən respublikanın ərazisində rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanları tərəfindən sahə inzibati ərazi dairələri yaradılmışdır. Buna müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na uyğun Mingəçevir şəhərinin 1 və * nömrəli sahə inzibati ərazi dairələrinə dair xəritələr hazırlanmış və sözügedən ərazi Mingəçevir şəhərinin inzibati ərazi dairəsinə aid edilmişdir. Sözügedən Qaydaların müddəalarına uyğun Yevlax Şəhər Icra Hakimiyyətinin başçısı qonşu inzibati ərazi vahidi kimi həmin xəritələri təsdiq etmiş və hazırlanmış xəritələr aidiyyəti üzrə təsdiq edildikdən sonra 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilmiş və bununla da mövcud olan torpaq mübahisəsinə son qoyulmuşdur. X1 ayrılan 0.12 ha və 0.03 ha torpaq sahələri Üçüncü şəxs yerquruluşu planına əsasən eynilik təşkil etmir, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi bitişikdir. 13.Iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı ilə (hakimlər: V.Musayev /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və T.Həsənov) аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ##### 2025-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən satılmış 0,12 ha və 0,3 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun X2na məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X2na sənəd üzrə ayrılmış torpaq sahəsi ilə iddiaçının hazırda naturada göstərdiyi torpaq sahəsi eyni deyil. Əksinə, sənədlərlə ayrılmış sahələrin müxtəlif ərazilərdə yerləşməsinə baxmayaraq, iddiaçının bütövlükdə 0,15 ha torpaq sahəsi ilə bağlı tələb irəli sürməsi təqdim edilən torpaqayırma sənədləri ilə faktiki iddia olunan sahə arasında uyğunluğun olmamasını göstərir. Əlavə olaraq müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi “Tərəvəzçilik südçülük” sovxozunun ərazi hüdudlarında deyil, Mingəçevir şəhərinin inzibati ərazisində yerləşir. Belə olan halda, torpaq sahəsinin səlahiyyətsiz orqan tərəfindən satılması faktı nəzərə alındıqda, iddia tələbi hər bir halda uğursuzdur. Qonşu torpaq sahələri üzərində Havarlı bələdiyyəsinin qərarları əsasında çıxarışların verilməsi isə iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, inzibati orqanın digər şəxslərə münasibətdə yol verdiyi qanunsuz praktika, hazırkı tələbin təmin edilməsi üçün hüquqi əsas yaratmır. Göründüyü kimi, Yevlax rayon Havarlı kənd bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** №-li və ##.##.2007-ci il tarixli, *** №-li qərarları iddia olunan torpaq sahəsinə aid edildiyi halda etibarsız inzibati akt hesab ediləcəyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi anlamında, qanunla müəyyən edilmiş qaydada bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özəlləşdirilməsi barədə inzibati akt kimi qiymətləndirilə və mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. 16.Iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

17. Iddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla X1 0,12 ha və 0,03 torpaq sahəsinə dair Yevlax rayon Havarlı Bələdiyyəsinin ##.##.2007-cı il tarixli *** nömrəli və ##.##.2007-ci il tarixli *** nömrəli qərarları qanuni qüvvədədir, legitimliyini itirməmiş və ya dəyişdirilməmişdir. Havarlı Bələdiyyəsi diskresion səlahiyyətlər çərçivəsində həmin qərarları qəbul etmişdir. Digər tərəfdən mütəxəssisə verilən ikinci suala cavab olaraq o, qeyd etmişdir ki, Havarlı Bələdiyyəsinin DWJ məlumatlarına əsasən iddia olunan torpaq sahəsi Tərəvəzçilik-südçülük sovxozunun ərazi hüdudlarına düşmür. Məhkəmə kollegiyası bu məsələni tam araşdırmamışdır. Belə ki, söhbət Tərəvəzçilik-südçülük sovxozunun ərazi hüdudlarından gedirsə kənd təsərrüfatı təyinatlı Yevlax rayonuna aiddir və heç bir vaxt Mingəçevir şəhəri ərazisinə aid edilə bilməzdi. Yuxarıda qeyd olunduğu kimi, Mingəçevir şəhəri və Yevlax rayonu arasında ərazi aidiyyəti mübahisəsi 2012-ci ildə həllini tapdığından sonra iddiaçıya ayrılmış torpaq sahəsi Mingəçevir şəhərinə aid edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri: 18.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

19.“Bələdiyyələrin statusu haqqında” Qanun: Maddə 1. Bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir.

20.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;

21.“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 65. Inzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. Inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

22.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər. 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi:

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

24.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 25.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 27.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 28.Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 29.Ilk növbədə, apellyasiya instansiyası haqlı olaraq müəyyən etmişdir ki, iddiaçının hüquqi marağı onun iddia ərizəsində göstərdiyi tələblə uzlaşmır. Belə ki, “X2nun sözügedən torpaq sahələri üzərində mülkiyyət hüququnun mövcud olması barədə arayışın verilməsi" ilə "iddiaçının həmin torpaq sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması" tamamilə fərqli hüquqi nəticələr doğuran, müxtəlif hüquqi və faktiki əsaslara söykənən tələblərdir. Buna görə də birinci instansiya məhkəməsinin həmin tələbləri eyniləşdirməsi düzgün olmamışdır. Bu baxımdan apelyasiya məhkəməsinin iddia tələbini verilmiş qaydada iddiaçının hüquqi marağına münasibətdə qiymətləndirməsi yetərli sayılır. 30.Bununla yanaşı, iş üzrə toplanmış sübutların məcmusu apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni təsdiq edir ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin X2na 2007-ci ildə satıldığı iddia edilən 0,03 ha və 0,12 ha torpaq sahələri ilə eyniliyi müəyyən edilə bilməmişdir. Belə ki, həqiqətən işdə olan yerquruluşu planlarında torpaq sahələrinin koordinatları, istinad nöqtələri və ya onların naturada dəqiq müəyyən edilməsinə imkan verən məlumatlar mövcud deyil. Cavabdeh inzibati orqanın təqdim etdiyi mütəxəssis rəylərində də ardıcıl olaraq qeyd olunmuşdur ki, ilkin torpaqayırma sənədləri əsasında torpaq sahələrinin hazırda iddia olunan torpaq sahəsi ilə eyni olubolmamasını müəyyən etmək mümkün deyil. Əksinə, elektron kadastr məlumatları və DWJ materialları ilə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi əvvəllər Havarlı bələdiyyəsinin istifadəsində olmuş "Tərəvəzçilik-südçülük" sovxozunun ərazisində deyil, Mingəçevir bələdiyyəsinin inzibati ərazisində yerləşir. Bu nəticə ortofoto xəritələr, elektron kadastr məlumatları və mütəxəssis izahatları ilə də təsdiq edilmişdir. 31.Belə olan halda apellyasiya instansiyası haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş torpaqayırma sənədləri ilə faktiki iddia edilən torpaq sahəsi arasında hüquqi və faktiki uyğunluq sübuta yetirilməməklə yanaşı, hətta fərz edilsə belə ki, mübahisəli torpaq sahəsi Havarlı bələdiyyəsinin qərarlarında göstərilən torpaq sahəsidir, həmin qərarlar da mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hüquq müəyyənedici sənəd olaraq çıxış edə bilməz. 32.Belə ki, məhkəmə araşdırmaları zamanı verilmiş mütəxəssis rəyindən də aydın şəkildə müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi 2007-ci ildə də Mingəçevir bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşmişdir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 4.0.1-ci maddəsinə əsasən bələdiyyə yalnız öz inzibati ərazisi daxilində yerləşən torpaqlar barəsində sərəncam vermək səlahiyyətinə malikdir. Inzibati ərazi hüdudlarından kənarda yerləşən torpaq sahəsi barədə qəbul edilmiş qərar isə səlahiyyətsiz inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt olmaqla hər hansı hüquqi nəticəni doğura bilməz. 33.Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının təqdim etdiyi qərarları səlahiyyətsiz qurum tərəfindən verildiyi üçün "Inzibati icraat haqqında" Qanunun 65.1.2-ci maddəsi baxımından etibarsız inzibati akt hesab etməsi barədə olan qənaəti ilə razılaşır və hesab edir ki, həmin qərarlar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1-ci maddəsi mənasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas verən hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. 34.Buna görə də, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 35.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI: Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar