Məhkəmə qərarları › İş №2-1(1-8)-1211/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1211/2026

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1211/2026 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADI (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; güzəştli arayış; funksional vəzifənin eyniliyi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. Şəki İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim F.H.Hacızadə) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı ##.##.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.

2. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və V.Ə.Musayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən, yəni ## ###### 2024-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ##.##.2024-cü il tarixinədək olan ümumi iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə güzəştli arayış aşkar edilməmişdir. Bu səbəbdən iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, iddiaçı İddiaçı ##.##.1979- ##.##.1982-ci illərdə Mingəçevir şəhər ** saylı orta texniki Peşə məktəbində təhsil almış, ##.##.1982- ##.##.1984-cü illərdə Sovet Ordu sıralarında hərbi xidmət keçmiş, ##.##.1985-ci ildən ##.##.1986-cı ilədək Mingəçevir Azerkabel zavodunda bənna işləmiş, ##.##.1986-cı ildən ##.##.1991-ci ilədək Mingəçevir Azərelektroizolit zavodunun * saylı sexində elektroizolyasiya məmulatların dolayıcısı vəzifəsində işləmiş, ##.##.1991-##.##.1996-cı illərdə Mingəçevir Şüşə plastikləri Elmi İstehsalat Birliyində presləyici vəzifəsində işləmiş, ##.##.1996-##.##.2003-cü il tarixdə Mingəçevir Elmi İstehsalat müəssisəsində presləyici vəzifəsində işləmiş, ##.##.2007-ci ildən ##.##.2015-ci ilədək “Mingəçevir İzolit” ASC * saylı sexində 4-cü dərəcəli elektroizolyasiya məmulatların dolayıcısı vəzifəsində işləmiş, ##.##.2016-cı ildən ##.##.2017-ci ilədək Mingəçevir “İzolit” ASC * saylı şüşə plastik və polietilen boru əsas istehsalat sahəsində 4-cü dərəcəli operator vəzifəsində işləmişdir. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçının ##.##.1986-cı ildən ##.##.1991-ci ilədək işlədiyi Mingəçevir Azərelektroizolit zavodunun * saylı sexində elektroizolyasiya məmulatların dolayıcısı vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** saylı qərarına əlavə edilmiş * nömrəli Siyahının Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsinə aid XV fəslində 2160000a-15034 kodla nəzərdə tutulmuşdur. Həmçinin iddiaçının ##.##.1991-ci ildən ##.##.1996-cı illərdə Mingəçevir Şüşə plastikləri Elmi İstehsalat Birliyində presləyici vəzifəsində işlədiyi dövr də izolyasiya materiallarının presləyiciləri kimi nəzərdə tutulmuşdur. Daha sonra iddiaçının ##.##.2007-ci ildən ##.##.2015-ci ilədək “Mingəçevir İzolit” ASC * saylı sexində 4-cü dərəcəli elektroizolyasiya məmulatların dolayıcısı vəzifəsində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 12-ci “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” bölməsində “məftil və trosdolayanlar” peşəsi kimi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Mingəçevir İzolit” ASC tərəfindən təsdiq edilmiş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan da görünür ki, İddiaçı ##.##.1986-##.##.1991-ci il tarixlərdə elektroizolyasiya məmulatların * saylı istehsalı sexində dolayıcı, ##.##.2007-ci ildən ##.##.2015-ci il tarixlərdə * saylı sexdə dolayıcı, ##.##.2016-cı ildən ##.##.2017-ci il tarixlərdə 1-saylı şüşə plastik və polietilen boru əsas istehsalat sahəsinə 4-cü dərəcəli operator vəzifəsində işləmişdir (işlədiyi vəzifə üzrə sosial sığorta stajı 12 il 10 ay 27 gün). İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: qapalı şəraitdə iş prosesində plastik kütlələr, qətran və şüşə plastik məmulatların istehsalında şüşə plastik materiallar, kompozit materiallardan istifadə edilir və havaya zərərli qazlar buraxılır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ##.##.1986-cı ildən ##.##.1991-ci ilədək işlədiyi Mingəçevir Azərelektroizolit zavodunun * saylı sexində elektroizolyasiya məmulatların dolayıcısı vəzifəsində (5 il 27 gün) və ##.##.2007-ci ildən ##.##.2015-ci ilədək “Mingəçevir İzolit” ASC 1-saylı sexində 4-cü dərəcəli elektroizolyasiya məmulatların dolayıcısı vəzifəsində (8 il 4 gün) işlədiyi dövrlər (cəmi 13 il 1 ay) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmaqla güzəştli iş stajına aid edildiyindən və bu dövr də güzəştli iş stajına dair tələbləri ödədiyindən digər dövrlərin araşdırılmasına zərurət yoxdur. Göründüyü kimi iddiaçının qeyd olunan dövrlərdə çalışdığı elektroizolyasiya məmulatların dolayıcısı vəzifəsi elektrotexnika istehsalatı və izolyasiya materialları sahəsinə aid olmaqla müvafiq normativ hüquqi aktlarda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr sırasında göstərilmişdir. Həmin vəzifələr üzrə əmək fəaliyyəti elektrotexnika istehsalatı və izolyasiya materiallarının hazırlanması prosesləri ilə bilavasitə bağlı olmaqla, texnoloji xüsusiyyətlərinə və əmək şəraitinə görə ağır və zərərli istehsalat sahələrinə aid edilən fəaliyyət növlərindən hesab olunur. Bu baxımdan, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq siyahılarda elektrotexnika istehsalatı və izolyasiya materiallarının istehsalı sahələrində çalışan işçilərin, o cümlədən elektroizolyasiya məmulatların dolayıcılarının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr sırasında nəzərdə tutulması həmin vəzifələrin xarakteri və əmək şəraitinin xüsusiyyətləri ilə şərtləndirilmişdir. Bu isə öz növbəsində iddiaçının qeyd olunan dövrlərdə yerinə yetirdiyi əmək fəaliyyətinin müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş güzəştli peşələr kateqoriyasına aid olduğunu göstərir. Beləliklə, iş materiallarında olan sübutlar iddiaçının zəruri güzəştli iş stajının mövcud olduğunu sübut edir, həmin arayışın mötəbər sübut hesab olunmaması barədə isə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş iş yerindən əldə edilən həmin sənədlər məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırkı araşdırma isə iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işlədiyini mötəbər qaydada müəyyən edir. ... Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması və zərərli sahədə işləməsi ilə əlaqədar güzəştli iş stajına malik olması müəyyən edilir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı ##.##.1986-cı il tarixindən ##.##.1991-ci il tarixinədək Mingəçevir Azərelektroizolit zavodunun * saylı sexində, ##.##.2007-ci il tarixindən ##.##.2015-ci il tarixinədək “Mingəçevir İzolit” ASC-nin * saylı sexində elektroizolyasiya məmulatların dolayıcısı və ##.##.2016-cı il tarixindən ##.##.2017-ci il tarixinədək “Mingəçevir İzolit” ASC-nin * saylı şüşə plastik və polietilen boru əsas istehsalat sahəsində operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin cavabdehin mövqeyinə görə, birinci instansiya məhkəməsi Mingəçevir Azərelektroizolit zavodu ilə “Mingəçevir İzolit” ASC-nin (hazırda ləğv prosesindədir) eyni müəssisə olub-olmamasını, habelə həmin müəssisələr arasında təşkilati-hüquqi dəyişikliklərin və hüquqi varisliyin mövcud olubolmamasını araşdırmamışdır. Bununla bağlı məhkəmə tərəfindən Mingəçevir “Azərelektroizolit” zavodu ilə “Mingəçevir İzolit” ASC-nin (hazırda ləğv prosesindədir) eyni müəssisə olub-olmaması (müəssisələrin təşkilati-hüquqi formasında hər hansı dəyişikliklərin baş verib-verməməsi, aralarında hüquqi varisliyin müəyyən edilib-edilməməsi), eləcə də müəssisələrin eyni olması halında Mingəçevir “Azərelektroizolit” zavodunun adının “Mingəçevir İzolit” ASC kimi rəsmiləşdirilməsi ilə bağlı mövcud sənədlərin əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq, *-**-*-**/*-******/**** saylı, ## ###### 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Mingəçevir İzolit” ASC-nin (VÖEN **********) ##.##.2002ci il tarixdə D3377 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 1.1-ci maddəsinə əsasən “Mingəçevir İzolit” ASC ”xxxx” Dövlət Şirkətinin tabeliyində olan Mingəçevir İzolit zavodunun çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. “Mingəçevir İzolit” ASC-nin qeydiyyat qovluğunda olan, ## ### 1995-ci il tarixdə 32141 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış Mingəçevir İzolit Zavodunun nizamnaməsində Azərelektroizolit zavodunun bazasında yaradılması, hüquqi varisi olması barədə qeyd aşkar edilməmişdir. Lakin həmin nizamnamənin 9.2-ci maddəsində bu nizamnamə təsdiq olunduqdan sonra ## ######## 1991-ci ildə qəbul edilmiş nizamnamənin öz qüvvəsini itirdiyi qeyd edilsə də, ## ######## 1991-ci ildə qəbul edilmiş nizamnaməsi mövcud olmadığından Mingəçevir İzolit Zavodunun əvvəlki adının Azərelektroizolit zavodu olub-olmaması barədə məlumatın verilməsi mümkün deyildir. Əlavə olaraq bildirmişlər ki, “Mingəçevir İzolit” ASC-nin qeydiyyat qovluğunda olan hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün 45000 manat dövlət rüsumunun ödənilməsi barədə ## ##### 1995-ci il tarixli qəbzdə Azərelektroizolit Səhmdar Cəmiyyətinin adı göstərilmişdir. Həmçinin “Mingəçevir İzolit” ASC-nin (ləğv prosesindədir) ## ###### 2025-ci il tarixli **/** nömrəli məhkəmə kollegiyasına ünvanladığı arayışda göstərilmişdir ki, Azərelektroizolit zavodu 1962-ci ildən Mingəçevir şəhərində fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin ## ###### 2001-ci il tarixli *** saylı sərəncamı ilə Azərelektroizolit zavodunun bazasında Mingəçevir İzolit ASC yaradılmışdır. ##.##.2021-ci il tarixdən Mingəçevir İzolit ASC ləğv prosesindədir. Göründüyü kimi, təqdim olunmuş rəsmi cavabdan müəyyən olunur ki, “Mingəçevir İzolit” ASC Azərelektroizolit zavodunun bazasında yaradılmışdır. Bununla belə, təqdim olunmuş məlumatlar “Mingəçevir İzolit” ASC-nin əvvəlki istehsalat strukturu əsasında fəaliyyətini davam etdirən müəssisə olmaqla Azərelektroizolit zavodunun hüquqi varisi kimi formalaşdığını göstərir.

4. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

12. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

13. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-***/**** nömrəli qərarları, ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı).

14. Cavabdeh kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, iş yerindən verilən arayışın məzmunu formalaşmış məhkəmə təcrübəsində göstərilən tələblərə uyğun deyildir və məhkəmələrin gəldiyi nəticə ilə təqdim edilmiş arayışın məzmunu arasında ziddiyyətlərin mövcuddur. Göstərilən səbəblərdən iddiaçının güzəştli iş stajı yoxdur.

15. Hazırkı iş üzrə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi araşdırma və qiymətləndirmə aparılaraq müəyyən olunmuşdur ki, iddiaçının ##.##.1986-cı ildən ##.##.1991-ci ilədək işlədiyi Mingəçevir Azərelektroizolit zavodunun * saylı sexində “elektroizolyasiya məmulatların dolayıcısı” vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** saylı qərarına əlavə edilmiş * nömrəli Siyahının “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” sahəsinə aid XV fəslində 2160000a-15034 kodla, ##.##.1991-ci ildən ##.##.1996-cı illərdə Mingəçevir Şüşə plastikləri Elmi İstehsalat Birliyində “presləyici” vəzifəsində işlədiyi dövr “izolyasiya materiallarının presləyiciləri” kimi, ##.##.2007-ci ildən ##.##.2015-ci ilədək “Mingəçevir İzolit” ASC * saylı sexində “4-cü dərəcəli elektroizolyasiya məmulatların dolayıcısı” vəzifəsində işlədiyi dövr Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 12-ci “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” bölməsində “məftil və trosdolayanlar” peşəsi kimi nəzərdə tutulmuşdur.

16. Nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı işlədiyi müəssisələrdən alınmış arayışlar, sorğulara verilmiş cavab məktubları və aparılmış qiymətləndirmə ilə iddiaçının bilavasitə icra etdiyi funksional vəzifənin (işin) güzəştli şərtlərlə pensiya hüququ verən peşələr ilə eyniliyi təsdiq edilmişdir.

18. Odur ki, işin cavabdeh tərəfindən mübahisələndirilməyən hallarına əsasən iddiaçı tələb olunan yaş həddinə çatmışdır və 25 ildən artıq ümumi iş stajına malikdir. Cavabdehin, iddiaçının xüsusi iş stajının olmamasına dair dəlilləri isə yuxarıda qeyd olunduğu kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırmalar, qiymətləndirmələr və toplanmış sübutlarla təkzib olunmuş və iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına malik olduğu təsdiq edilmişdir.

19. Bu səbəbdən, kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və məhkəmə aktının ləğv edilməsi üçün əsas yaratmır.

20. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar