Məhkəmə qərarları › İş №2-1(1-8)-1240/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1240/2026

03.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1240/2026 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər hakim kimi əmək pensiyasının təyin edilməsi; xüsusi qaydada yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajının hakimlik stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı ## ######## 1981-ci ildən prokurorluq orqanlarında işləmiş və ## ###### 2015-ci ildə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.5 və 32.4-cü maddələrinə müvafiq olaraq öz arzusuna əsasən xidmət illərinə görə qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir.

2. ##.##.2015-ci il tarixdən ##.##.2017-ci il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsində “Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili” şöbəsinin müdiri vəzifəsində işləmişdir. ##.##.2017-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsinə müvafiq olaraq Ali Məhkəmənin hakimi (yəni yüksək hakim) vəzifəsinə təyin edilmiş və ## ######## 2025-ci il tarixdə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq hakimlik səlahiyyətlərinə xitam verilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək ona hakim kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən ## ####### 2025ci il tarixli, *-**-*/*-K-********** nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, hakim kimi iş stajı 15 ildən az (8 il 2 ay 16 gün (##.##.2017-##.##.2025-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də, ona sabiq hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı hakim vəzifəsindəki fəaliyyətinin 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayınadək (iyun ayı daxil olmaqla) dövrünü əhatə edən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləğini əsas götürərək ona hakim pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, onun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsində nəzərdə tutulmuş xüsusi qaydada (yəni imtahandan kənar) həyata keçirilmişdir. Həmin maddənin ikinci abzasında qeyd olunmuşdur ki, xüsusi qaydada (yəni imtahandan kənar) yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanır. Bu isə o deməkdir ki, onun prokurorluq orqanlarında və Ali Məhkəmədə şöbə müdiri işlədiyi dövrlər, hakimlik stajına hesablanmalıdır və bununla da, hakimlik stajı 43 il 11 ay 17 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə- hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsində qeyd olunmuşdur ki, hakimlər üçün pensiya məbləği hesablanarkən pensiya almaq hüququ olan şəxsin istəyinə əsasən hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 yaşı ərzindəki əməkhaqqının orta aylıq məbləği (pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla) əsas götürülür. Bu isə o deməkdir ki, onun hakim pensiyası almaq hüququ var və alacağı pensiya məbləği hakim vəzifəsində aldığı orta aylıq əməkhaqqının 80 faizi miqdarında olmalıdır və orta aylıq əməkhaqqı hesablanarkən onun istəyinə əsasən hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği əsas götürülür. Həmin Qanunun 5.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Onun həm prokurorluq işçisi kimi, həm də, hakim kimi pensiya almaq hüququ var və o, hakim pensiyası almaq hüququnu seçir. Qeyd edir ki, oxşar məktubla cavabdehə müraciət etmişlər, lakin, o, tələbini icra etməkdən imtina etmişdir. Həmçinin qeyd edir ki, oxşar məsələ ilə bağlı artıq məhkəmə təcrübəsi mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2 *(***)-******* nömrəli, ##.##.2024-cü il tarixli qərarında iddiaçının prokurorluq orqanlarında işlədiyi dövrü, hakim stajına daxil etmiş və yekunda iddiaçıya hakim pensiyası təyin edilmişdir.

7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir ki, etirazın əsasları imtina ilə eyniyyət təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilərək iddiaçının hakim vəzifəsindəki fəaliyyətinin 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayınadək (iyun ayı da daxil olmaqla) dövrünü əhatə edən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta məbləği əsas götürülərək ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ##.##.2017-ci il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik və əlavələr ##.##.2017-ci il tarixdə qüvvəyə minənə qədər hakim vəzifəsinə təyin olunmuş və ##.##.2025-ci il tarixədək hakim kimi fəaliyyət göstərmişdir. Belə olan halda, 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, o, artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, hakim kimi pensiya təyin edilməsi üçün lazım olan hakimlik stajını qazanmışdır və bu hal ona 65 yaşı tamam olan vaxtdan hakim kimi əmək pensiyası təyin edilməsi üçün əsasdır. Həmçinin iddiaçı xüsusi qaydada hakim vəzifəsinə təyin edilmiş şəxsdir və hazırki Qərarın 18-ci bəndində qeyd edilən qanunvericiliyin normalarına əsasən yüksək hakim vəzifəsinə təyin edilmiş hakim kimi hüquqşünas ixtisası üzrə dövlət orqanında (qurumlarında) (Azərbaycan Respublikasının Ali Məhkəməsində “Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili” şöbəsinin müdiri vəzifəsində) iş stajı onun hakimlik stajına hesablanmalıdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b. apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə (sədrlik edən: E.Əliyev, hakimlər: F.Mədətli və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericilik hər iki halda istər yüksək hakim vəzifəsinə müvafiq qaydada təyin edilmiş şəxsin dövlət orqanlarındakı hüquqşunas kimi iş stajını, istərsə də prokurorluq orqanlarındakı iş stajını hakimlik stajına hesablanmasına nəzərə almışdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. İddiaçıya hakim vəzifəsində işlədiyi dövrdə əvvəlki dövlət orqanlarındakı (prokurorluq və məhkəmə orqanlarında) stajına görə verilmiş əlavələrdən məcburi sosial sığorta haqlarının tutulması isə işin mübahisəsiz halıdır. İddiaçının ##.##.1981-ci il tarixdən ##.##.2015-ci il tarixədək prokurorluq orqanlarında işlədiyindən, həmçinin ##.##.2015-ci il tarixdən ## #### 2017-ci il tarixədək dövlət orqanında hüquqşünas ixtisası üzrə işlədiyindən və həmin dövrlər hakimlik stajına nəzərə alındığı üçün iddiaçıya hakim işlədiyi dövrdə buna görə əlavələr (əmək haqqı) verildiyindən və həmin əlavələrdən də məcburi sosial sığorta ayırmaları (tutulmalar) həyata keçirildiyindən həmin dövr üzrə iş stajı nəzərə alınaraq hakim kimi pensiya təyin edilməli və hesablama da ona müvafiq olaraq həyata keçirilməlidir. İddiaçı ##.##.2017-ci il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik və əlavələr ##.##.2017-ci il tarixdə qüvvəyə minənə qədər hakim vəzifəsinə təyin olunmuş və ##.##.2025-ci il tarixədək hakim kimi fəaliyyət göstərmişdir. Belə olan halda, 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, o, artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, hakim kimi pensiya təyin edilməsi üçün lazım olan hakimlik stajını qazanmışdır və bu hal ona 65 yaşı tamam olan vaxtdan hakim kimi əmək pensiyası təyin edilməsi üçün əsasdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

14. 15. Şikayətdə qeyd edilir ki, ##.##.2017-ci il tarixində hakim kimi fəaliyyətə başladığını nəzərə alsaq, ##.##.2017-ci il tarixinədək qüvvədə olmuş normanın tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin İddiaçı prokurorluq orqanlarında və Ali Məhkəmədə işlədiyi dövrlərin hakimlik stajina hesablanmaqla hakim kimi pensiya təyin edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edirik ki, Konstitusiya Məhkəmənin ## ### 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki: "Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2002-ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş "Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi" Qaydasının 2.2.3-cü bəndi prokurorluq işçisinin yalnız əlavə haqq almaq hüququna aiddir və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsinə uyğun olaraq şəxsin məhkəmələrdə hakim işlədiyi müddətin yalnız əlavə haqq almaq hüqunun əldə etməsi məqsədilə onun prokurorluqdakı iş stajına daxil olunmasını müəyyən edir. Eyni zamanda, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının ## ### 2006-cı il tarixli Qanununun 18.5-ci maddəsi də "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.5-ci maddəsinin müddəalarına analoji olmaqla yanaşı, yalnız ədliyyə orqanları işçilərinin sosial vəziyyətini tənzimləyir.

15. Bundan əlavə, məhkəmə "qazanılmış hüquq konsepsiyası" prinsipinə düzgün hüquqi yanaşma sərgiləməmişdir. Belə ki, prinsipin əsaslarına görə vətəndaşla (maraqlı şəxslə) inzibati orqan arasında inzibati münasibətlərin yarandığı tarixdə qüvvədə olan hüquq normaları tətbiq edilməlidir. Lakin məhkəmənin əsaslandığı mövqedən aydın olur ki, mübahisə predmetini təşkil edən hüquq normaları bilavasitə inzibati hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmamışdır. Bu halda məhkəmənin gəldiyi nəticəni "qazanılmış hüquq konsepsiyası" kimi əsaslandırması işin hallarına uyğun gəlməməkdədir.

b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 93-4. Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər bu Qanunun 93-3-cü maddəsində nəzərdə tutulmuş prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanır.

Maddə 109 Hakimlərin sosial müdafiəsi (##.##.2021-ci il tarixədək olan redaksiya) 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (# ###### 2006-cı il tarixdən # #### 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri ... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (# #### 2017-ci ildən qüvvədə olan redaksiya) 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, iddiaçının ##.##.1981-ci il tarixindən ##.##.2015-ci il tarixinədək prokurorluq orqanlarında, ##.##.2015-ci il tarixindən ##.##.2017-ci il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsində şöbə müdiri vəzifəsində və ##.##.2017-ci il tarixində ##.##.2025-ci il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi kimi işləməsi iş materialları ilə öz təsdiqini tapmaqla işin mübahisələndirilməyən halıdır.

28. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçıya məhz hakim kimi pensiya təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası cavabdehin imtina və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının hakim kimi sığorta stajı 15 ildən az olduğundan, o cümlədən onun prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı nəzərə alınmadığından, ona hakim kimi əmək pensiyası hesablanması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız sayaraq qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-4-cü maddəsi hakimlik stajının hesablanması üçün xüsusi hüquqi rejim yaradır. Bu maddədə nəzərdə tutulmuş qaydada, hüquq sahəsində ən azı 20 illik təcrübəsi və yüksək nüfuzu olan şəxslərin birbaşa yüksək hakim vəzifələrinə təyin edilməsi zamanı həmin şəxslərin uzun illər prokurorluqda, dövlət orqanlarında yaxud elm-təhsil müəssisələrində hüquq üzrə elmi və pedaqoji fəaliyyəti hakim kimi işlədiyi müddət hakimlik stajına daxil edilir. Norma hakimlik stajının faktiki deyil, hüquqi staj kimi hesablanmasını nəzərdə tutur. Yəni bu şəxslər əvvəlki dövrdə hakim işləməsələr də, qanun həmin dövrü müəyyən hüquqi nəticələr (sosial təminat, pensiya hüququ, hakim stajından asılı imtiyazlar) üçün hakimlik stajına bərabər tutur. Bu müddəa məzmun etibarı ilə “stajın hüquqi ekvivalenti” institutunu yaradır və məqsəd yüksək ixtisaslı hüquqşünasların məhkəmə sisteminə keçidini hüquqi və soisial baxımdan təmin etməkdir.

29. Beləliklə, iddiaçının prokurorluq orqanlarındakı xidmət illəri, həmçinin ##.##.2015-ci il tarixindən ##.##.2017-ci il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsində şöbə müdiri vəzifəsində işlədiyi müddət Ali Məhkəmənin hakimi kimi işlədiyi 8 il 2 ay 16 gün hakimlik stajına əlavə edilməklə, onun hakim kimi pensiya almaq hüququ vardır. Odur ki, iddiaçı 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayınadək (iyun ayı daxil olmaqla) dövrü əhatə edən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80% miqdarında hakim kimi əmək pensiyası təyin edilməsini tələb etməkdə haqlıdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya hakim kimi əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

31. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək iddiaçının tələbinin qanuni və əsaslı olduğu barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar