Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1241/2026 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, IŞIN HALLARI
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində verilmiş ##.##.2023-cü il tarixli, **** nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”yə əsasən, onun “Fəlakət (müharibə) keçirtdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyətin dəyişikliyi, tez-tez dekompensasiyalarla və intihar fikirləri ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olaraq, “revmatizm, qeyri-fəal dövr. Mitral qapaq çatışmazlığı. Zəif qidalanma BÇI-17, kq/m2. Hər iki gözün allergik konyuktiviyi, remissiya mərhələsində, sol gözünün hipertenziyası. Sol tərəfli xroniki tubootit. Ikincili hissəvi adentiya” diaqnozu isə “ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur.
2. Iddiaçıya TSEK-ə göndərilməsi üçün Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2024-cü il tarixli, B********GEU nömrəli göndəriş (Forma 088) verilmişdir.
3. Həmin göndərişə əsasən TSEK-ə göndəriş zamanı əsas diaqnozu: XBT 10 F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət keçirdikdən ( II Vətən müharibəsi) sonra yaranan (ağır) dərəcəli ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, kobud psixopata bənzər davranış pozuntuları ilə, tez-tez təkrarlanan davamlı dekompensasiyalarla və intihar fikirləri ilə”, yanaşı xəstəlikləri: M79.0 “Dəqiqləşdirilməmiş revmatizm, Revmatizm qeyri fəal dövr”, K00 “Adentiya , Ikincili hissəvi adentiya”, I34.0 “Mitral (qapağın) çatmamazlıq (-ğı), Mitral qapaq çatışmazlığı” qeyd edilmişdir.
4. Həmin göndəriş əsasında iddiaçının əlilliyi cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina cavabı verilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ildə könüllü olaraq hərbi xidmətə çağırılmış, ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək Silahlı Qüvvələrdə xidmət edərək Ağdam, Füzuli və Kəlbəcər rayonlarında gedən döyüşlərdə iştirak etmiş, mərmi partlayışları nəticəsində xəsarətlər almışdır. Sonrakı dövrdə müxtəlif psixiatriya müəssisələrində dəfələrlə müayinə və müalicə olunmuş, ona müharibədən sonra yaranmış davamlı şəxsiyyət dəyişikliyi, depressiv hallar, tez-tez dekompensasiyalar və intihar fikirləri ilə müşayiət olunan psixi pozuntu diaqnozları qoyulmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının ##.##.2023-cü il tarixli, **** nömrəli xəstəlik haqqında şəhadətnaməsi ilə xəstəliyin hərbi travma nəticəsində və Azərbaycan Respublikasının müdafiəsi zamanı yarandığı müəyyən edilmişdir. Hesab edir ki, xəstəliyi və onun hərbi xidmətlə səbəb əlaqəsi tibbi sənədlərlə təsdiq olunduğundan, ona əlillik təyin edilməli idi. Lakin cavabdeh diaqnozu əlillik əlaməti hesab etməyərək əlilliyin müəyyən edilməsindən əsassız imtina etmişdir.
7. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçının müayinəsi zamanı yuxusuzluq, baş ağrıları və qarabasmalarla bağlı şikayətləri olsa da, davranışında nümayişkarlıq, emosional şişirtmə və manipulyativ əlamətlər müşahidə edilmiş, özünə və başqalarına xəsarət yetirməsi barədə bildirdikləri obyektiv əlamətlərlə təsdiqlənməmişdir. Mütəxəssislər onun psixi vəziyyətini “Fəlakət keçirdikdən sonra yüngül dərəcədə ifadə olunmuş isterik tip şəxsiyyət dəyişikliyi. Nümayişkar davranışlar” kimi qiymətləndirmiş və əlillik təyinatına əsas verən davranış pozuntuları və psixoproduktiv əlamətlər müəyyən etməmişlər. Buna görə “Əlilliyin müəyyən olunması meyarları”na əsasən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh həmçinin, əsas diaqnozun müharibə ilə səbəb əlaqəsinin anamnestik məlumatlar və psixi diaqnozla ilkin müraciətlərin yalnız 2023-cü ildən başlanması ilə uzlaşmadığını bildirmişdir.
8. Bakı Inzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən **** nömrəli, ##.##.2025-ci il tarixli məktubla təqdim edilmiş, İddiaçı haqqında olan ##.##.2025-ci il tarixli, **** saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyinə əsasən, yoxlanılan şəxs İddiaçı “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla (F62.0)” müəyyən edilir. Bunu iş materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra pxisi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv epizod, intihar cəhdi ilə” diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və sair) sübut edir. Yekun olaraq, məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırmışdır: ##.##.1996-cı il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli Klinik Psixiatriya Xəstəxanası PHŞ tərəfindən verilmiş ##.##.2024- ##.##.2024-cü il tarixli, ****/**** nömrəli xəstəlik tarixindən çıxarışda göstərilən diaqnozlar iddiaçının (əyani müayinə olunmaqla) sağlamlıq vəziyyətində öz əksini tapmışdır; İddiaçı “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” (F62.0) müəyyən edilir.
9. Bakı Inzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyi ##.##.2024-cü il tarixdə qiymətləndirilərkən ona əlillik təyin olunmasından “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. Halbuki iş materiallarında olan tibbi sənədlər və məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın **** nömrəli rəyi ilə iddiaçıda “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” (F62.0) diaqnozunun mövcudluğu təsdiq edilmişdir. Məhkəmə həmin diaqnozun əlilliyin müəyyən olunmasına dair müvafiq meyarlarda nəzərdə tutulduğunu qeyd edərək, cavabdehin iddiaçının sağlamlıq vəziyyətini obyektiv və hərtərəfli qiymətləndirmədən əlillik təyin edilməsindən imtina etməsini qanunsuz və əsassız hesab etmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), H.A.Ağalarov və C.B.Məmmədov) ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən orqanizmin 35-60 faiz pozulması ilə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının sonuncu tibbi göndərişi F62.0 – “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” diaqnozu əsasında verilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndinə əsasən, həmin diaqnoz uzunmüddətli dekompensasiyalar, sosial dezadaptasiya və özünə və ya ətrafa zərər yetirmə riski ilə müşayiət olunduqda orqanizmin funksiyalarının 35–60 faiz pozulması ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsinə əsas verir. Iş materiallarındakı anamnestik məlumatlar və psixiatrik müayinənin nəticələri iddiaçıda həmin əlamətlərin mövcudluğunu təsdiq etdiyindən məhkəmə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Bununla belə, birinci instansiya məhkəməsi əlilliyin başlanma tarixini, müddətini və faiz göstəricisini müəyyən etmədiyindən qərar dəyişdirilmiş, iddiaçıya ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35–60 faiz pozulması ilə 2 il müddətinə əlillik təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onun iddiaya qarşı etirazının dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
17. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri çərçivəsində işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə müəyyən edilmiş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Işdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi ##.##.2024-cü il tarixdə qiymətləndirilərək ona “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə imtina cavabı verilmiş, iddiaçı verilən imtina ilə razılaşmayaraq, ona əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
27. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtinada, apellyasiya və kassasiya şikayətlərinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 088) qeyd olunan diaqnoz birinci instansiya məhkəməsində araşdırma zamanı iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.
28. Hazırkı qərarın 3-cü bəndində qeyd edilən Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2024-cü il tarixli, B********GEU nömrəli göndərişdən göründüyü kimi, onda əsas diaqnozu: XBT 10 F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət keçirdikdən ( II Vətən müharibəsi) sonra yaranan (ağır) dərəcəli ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, kobud psixopata bənzər davranış pozuntuları ilə, tez-tez təkrarlanan davamlı dekompensasiyalarla və intihar fikirləri ilə”, və yanaşı xəstəliklər olaraq: M79.0 “Dəqiqləşdirilməmiş revmatizm, Revmatizm qeyri fəal dövr”, K00 “Adentiya , Ikincili hissəvi adentiya”, I34.0 “Mitral (qapağın) çatmamazlıq (-ğı), Mitral qapaq çatışmazlığı” xəstəliklər mövcuddur.
29. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx tərəfindən iddiaçının əyani müayinəsi keçirilərək məhkəməpsixiatrik ekpertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki: - əyani müayinə zamanı iddiaçıda “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla (F62.0)” müəyyən edilir. Bunu iş materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra pxisi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv epizod, intihar cəhdi ilə” diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və sair) sübut edir.
30. Bundan başqa, iş materiallarında olan “xxxx” X1 tərəfindən iddiaçı barəsində verilmiş ##.##.2024-cü il tarixli, **** nömrəli rəydən də görünür ki, o, xəstəxananın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona F62.0 “fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” diaqnozu qoyulmuşdur.
31. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş B********GEU nömrəli göndərişdə qeyd olunan diaqnoz iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı verilmiş məhkəmə-psixiatrik ekpertizasının rəyi, eləcə də, “xxxx” p.h.ş-nin rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.
32. Belə ki, F62.0 kodlu xəstəlik isə AR Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın Psixi və davranış pozuntuları” bölməsinin 7.7.1.1, 7.7.1.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir.
33. “Əlilliyin müəyyən olunması meyarları”nın həmin bəndlərindən görünür ki, F62.0 kodlu xəstəlik: - fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski halında orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə; - bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması hallarda isə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir.
34. Hazırkı qərarın 8-ci bəndində qeyd olunan ekspert rəyindən göründüyü kimi, iddiaçıda davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv epizod, intihar cəhdi kimi patofunksional əlamətlər fonunda F62.0 kodlu “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” diaqnozlu xəstəlik aşkar edilmişdir.
35. Beləliklə, qeyd olunanlara əsasən iddiaçıda F62.0 kodlu xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndində qeyd olunduğu kimi - 3 aydan çox davam edən dekompensasiyalar, münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski kimi patofunksional əlamətlərlə müşahidə edildiyi müəyyən edilir.
36. Iddiaçının əlilliyinin səbəb əlaqəsinə münasibətdə kollegiya qeyd edir ki, hazırda iddiaçıda aşkar edilən F62.0 kodlu “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” xəstəliyinin MN MHHK tərəfindən iddiaçı barəsində verilmiş ##.##.2023-cü il tarixli, **** nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” də “Fəlakət (müharibə) keçirtdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyətin dəyişikliyi, tez-tez dekompensasiyalarla və intihar fikirləri ilə” diaqnozu ilə eynilik təşkil etdiyi və həmin xəstəliyin səbəb əlaqəsinin aydın şəkildə müəyyən edildiyi görünür.
37. Iddiaçı apellyasiya məhkəməsində icraat zamanı dəqiqləşdirdiyi tələbində ona əlilliyin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən təyin edilməsini xüsusi olaraq vurğulamasa da, iddia ərizəsinin məzmunundan, MN MHHK tərəfindən verilmiş “Xəstəlik haqqında Şəhadətnamə”ni tələbinin əsası kimi məhkəməyə təqdim etməsindən onun hüquqi marağının, məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən əlilliyin təyin edilməsi olduğu müəyyən edilir.
38. IPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir.
39. Cavabdeh kassasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
40. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
41. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, kassasiya şikayətinin həmin dəlili əsassız sayılmalıdır.
43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.